Aqşin Mehdiyevin oğluna 7000-lik ittiham

Vətəndaş Samir Mehdiyevin onu aldatdığını deyir 

“Azərbaycanın BMT yanında daimi nümayəndəsi vəzifəsində işləmiş Aqşin Mehdiyevin oğlu Samir Mehdiyev etibarımdan sui-istifadə edərək 7000 min manat pulumu mənimsəyib”. Bu sözləri “Azadlıq” qəzetinə Bakı sakini Araz Yusifov deyib. Araz Yusifovun sözlərinə görə, Ədliyyə Nazirliyində çalışan Samir Mehdiyev onun üçün ABŞ-a viza düzəldəcəyi barədə vəd verib:

“Bunun üçün ona 23 avqust 2014-cü il tarixdə Binəqədi rayonunda fəaliyyət göstərən 11 saylı notariat kontorunda 7000 min manat pul vermişəm. Viza sentyabrın 18-də verilməli idi. O mənə demişdi ki, ABŞ-a vizanın qiyməti 7000 manatdır. Bildirmişdi ki, atası Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsində çalışır. Amma sonradan aydın oldu ki, o, məni aldadır. Müxtəlif bəhalənələrlə pulumu vermir. Həmçinin bəlli oldu ki, o, saxta sənədlərlə vətəndaşları aldadıb onlara külli miqdarda ziyan vurub. Samir mənim üçün də saxta sənədlər hazırlayıb”.

Araz Yusifov həmin sənədləri də redaksiyamıza təqdim edib. Məlum olur ki, Samir Mehdiyev Araz Yusifovun Bakıda daşınmaz əmlakının olması barədə saxta sənəd duzəldib. Həmin sənəd ABŞ səfirliyinə təqdim edilmək üçün hazırlanıb. Sənəddə göstərilir ki, Araz Yusifovun Binəqədi rayonunda 5 otaqlı mənzili var. Halbuki bu ev şikayətçiyə məxsus deyil.

Araz Yusifovun sözlərinə görə, aldadıldığını biləndən sonra Ədliyyə Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət edib: “Lakin Samir Mehdiyev barəsində heç bir tədbir görülməyib. Əksinə Samir Mehdiyev məni hədələyir”.

Qeyd edək ki, Araz Yusifov bu müraciəti “Azadlıq”a təxminən bir həftə əvvəl edib. Qəzetimizin əməkdaşı Samir Mehdiyevlə əlaqə saxlayıb. Samir Mehdiyev bildirib ki, onun bu məsələyə aidiyyatı yoxdur, o sadəcə vasitəçi olub: “Lakin bununla belə onun pulu qaytarılacaq. Mən sizə söz verirəm ki, 2 günə onun pulu qaytarılacaq”. Samir Mehdiyevin bu vədindən sonra Araz Yusifov məsələnin ictimailəşməməsini xahiş etmişdi. Lakin dünən redaksiyamızla əlaqə saxlayan Araz Yusifov bildirib ki, Samir Mehdiyevin verdiyi vədin üzərindən bir həftədən çox keçsə də, pulunu qaytarmayıblar: “Pulun çox cüzi hissəsi verilib. Amma qalanını qaytarmırlar, məni təhdid edirlər”.

Araz Yusifov məsələ ilə bağlı ölkə başçısı Ilham Əliyevə də müraciət edəcəyini bildirib.

Azad