Aysberqin görünən və görünməyən tərəfi

Nuru Nuruzadə

Müasir dünya dövlətlərində hakim partiyalar ölkədə müxalif partiyaların inkişafına xüsusi diqqət göstərirlər. Çünki ölkənin normal inkişafının əsas dayaqlarından biri də güclü müxalifətdir. Müxalif partiyaların inkişaf etdiyi ölkələrdə xalqın radikal cərəyanlara meyl etməsi, ölkəni xaosa aparacaq hərəkatların başlaması riskini azaldır. Lakin ölkəmizdəki hakim rejim öz “inkişaf planı”nda müxalif camianın yerini həbsxanalarda görür. 20 ildən artıq hakimiyyətləri dövründə iqtidar hər cəhdlə müxalif partiyaları parçalayıb məhv etmək istəyib. Hakimiyyət iyirmi ildə durmadan aysberqin görünən hissələrini vurub parçalayıb, lakin hər parça qopduqca onun yerini başqa hissələr alıb. Son bir ildə isə iqtidar belə hücumları son dərəcə ağılsız şəkildə edir. İqtidar vura-vura parçalaya bilmədiyi aysberqi məhv etmək üçün, gəmini düz onun üstünə sürür və artıq proses elə hal alıb ki, gəmini toqquşmadan yayındırmaq olmayacaq. Son böyük toqquşmadan sonra bu gəmi Əliyevlərin hakimiyyət xəyalları kimi batacaq.

Min cür təzyiqlər altında fəaliyyət göstərən müxalifəti aysberqə bənzətməyimi şişirdilmiş bənzətmə hesab edirsinizsə, yanılırsınız. İyirmi ildir dağıdılan, lakin hər itkisini bərpa edərək hələ də mübarizə aparan qurumu başqa nəyə bənzədə bilərdim? Müxalif camianın bu qədər dayanıqlı olmasının səbəbi hər görünən qüvvənin görünməyən tərəfinin olmasıdır. İllərdir günahsız həbs edilən, sürgün edilən və artan xəttlə gedən sosial təbəqələşmənin ağırlığı altında əzilən insanlar görünməyən qüvvədir. Müxalif camianın bu qədər dayanıqlı olmasının səbəbi həmin aysberqin görünməyən hissəsi kimi görünməyən tərəfidir. Tavanı həddən artıq alçaq olan daxmada onurğa əyildiyi kimi, bu insanların qəlbi də hədsiz qəm-qüssədən əyilmiş və qəzəblə dolmuşdur. İyirmi il ərzində bu qəzəb buludu insanların qəlbində sıxlaşır. Bir neçə il keçəcək, nəhayət bu bulud göy kimi guruldayıb, şimşək kimi çaxacaq. Göy gurultusunu isə heç kim mühakimə edə bilməyib. “Ot olub yeyilməkdənsə, diş olub yemək yaxşıdır” prinsipi ilə bu qəzəbli insan seli bizim sarsıtmağa çalışdığımız hakimiyyət sütunlarını yuyub aparacaq. Qara talelərinin onları təqib etdiyini zənn edərcəsinə bu qəzəbli insanlar geriyə baxmadan qarşılarına çıxan istehkamları darmadağın edəcəklər. Hər əzablı yolun istirahəti olduğu kimi onlar da yorulub dayanacaqlar… Tarix isə həmişə xalqların bu möhtəşəm qəzəbinə bəraət qazandırıb.

Xalqların bu möhtəşəm qəzəbinə mədəni dildə “sosial partlayış” deyilir. Fikrimcə bu ad qəzəbin möhtəşəmliliyini pərdələyir, onu tam tərənnüm etmir. Biz hər şeyi olduğu kimi adlandıraraq bu qəzəbə inqilab adı verək. O inqilab ki, tarix boyu bu addan gələn qan qoxusu millətləri qorxutmayıb, əksinə cuşa gətirib. Viktor Hüqo inqilab haqqında “Tərəqqinin kobud təzahürü inqilab adlanır. İnqilab qurtardığı zaman aydın olur ki, bəşəriyyət şiddətli qulaq burması almışsa da, irəliyə doğru böyük addım atmışdır” demişdi. Bəli, millətlərin işıqlı gələcəyinin rəsmi inqilablarda axıdılan qanla çəkilir. İnqilabın ən dəhşətli zərbələrindən bəşəriyyət üçün nəvazişlər yaranır.

Buna görə ətrafınızdakı insanlara baxıb mübarizənizi sındırmayın. Hər görünən qüvvənin daha dəhşətli olan görünməyən tərəfi olur. Çox nadir insanlar rəqiblərinin bu qüvvəsini görə bilib. Qarşılarında baş əyən nadürüstlərin çiynindəki ulduzları qalaktika kimi görüb, bütün bəşəriyyətə hökm etdiklərini zənn edən Əliyev hakimiyyətində isə o qüvvəni görəcək kəramət yoxdur.

Siz də meydanda ətrafınızı çevrələyən əli cöplü “aslan”lara istehza ilə gülümsəyin. Onlar xalq qəzəbinin mühasirəsindədirlər və o qəzəb çox “aslan”ları pişiyə döndərib.