Siyasət adamları nikbin olmalıdır. Hətta tələb olunandan da artıq! Ona görə ki, insanlar onların hər cümləsini, hər ifadəsini ciddi qəbul edir. Sən o qədər nikbin olmalısan ki, sənin hisslərin başqalarına da sirayət etmək gücündə olmalıdır. Bəli, insanlar bir biçimdə olmurlar, bəzisi tez başa düşür, bəzisi gec, bəzisi tez inanır, bəzisi gec, amma yaxşı söz, nikbin ruh və yaxşı əməl gec-tez anlaşılır, etiraf olunur və ünvanına çatır…
Indi Avropa da çətin bir durumda qalıb. Müxalifət onu daha kəskin tənqid etmədiyinə, əlavə tədbirlər görmədiyinə görə, hakimiyyət isə əksinə, sərt tənqidinə görə qınayır. Indi nə edək? Real olanı, əlimizdəki budur. Vaxt vardı, ümumiyyətlə, reaksiya və münasibət olmurdu. Amma indi artıq bu, var. Bunu da qiymətləndirmək və nəzərə almaq lazımdır. Ideal olan haqda düşünməkdənsə, dünyaya nəzər salmaq daha düzgün olardı. Hər yerdə insanlar mübarizə aparır, etiraz edir. Bəzən bu, aylarla davam edir, bəzən isə daha çox. Bəzən dünya bunu görür, bəzən isə görmür. Nə diktaturalar, nə də onlara qarşı mübarizə dünya üçün elə bir yenilik deyil. Hətta inqilablar da heç kimi təəccübləndirmir. Amma nə gözəl ki, insanların azadlığa ardıcıl və inadla can atması heç vaxt dünyanı biganə qoymur, gec-tez bu mübarizəyə ən azı mənəvi dəstək verilir, siyasi yardım edilir. Indi mən elə bir insan haqda söz açmaq istəyirəm ki, o, sözün əsl mənasında elə nikbinlik nümunəsi hesab edilə bilər.
Sona qədər duruş gətirən insan
Bu gün onun – A.Saxarovun doğum günüdür. Mən onu canlı olaraq bir dəfə görmüşəm. Bu 1987-ci ildə Moskvada olmuşdu. Akademik Y.Zeldoviç vəfat etmişdi. Saxarov da onunla vida mərasiminə gəlmişdi. Bütün diqqətim onda idi, sanki bu adamın taleyini, xarakterini onun zahiri görünüşündən duymaq istəyirdim. Bizlər, fizika fakültəsinin tələbələri onun haqqında yetərli qədər eşitmişdik, çünki fizik həmkarları, alimlər onu unudulmağa qoymurdu, yeri gələndə, imkan düşəndə rejimlə problemlərinə baxmayaraq, onun kəşfləri haqda da məlumat verirdilər. Hamı onu hidrogen bombasının yaradıcısı tək tanıyırdı. Amma o, fizika sahəsində bundan heç də az əhəmiyyətli olmayan kəşflərin də müəllifi idi. Onunla bir dəfə də 1997-ci ildə uzaq Vaşinqtonda “rastlaşdım”. Mehmanxananın ətrafında dolaşırdım. Uzağa getməyə elə də cəsarət etmirdim, qorxurdum azaram. Birdən gözüm elə başımın üstündəki işarəyə sataşdı: “Saxarov küçəsi” yazılmışdı!.. O, bir dəfə Bakıda da olmuş və özü haqqında o qədər də xoş təəssürat yaratmamışdı. Indi mən həmin o görüşə toxunmaq istəmirəm. Həyatda nələr olmur?
Bütün xırdalıqları, xırda detalları nəzərə alsaq, həyatda qüsursuz və günahsız adam qalmaz. Onsuz da onun sonrakı fəaliyyəti və erməni əsilli qadınla izdivacı haqqında onu yaxından tanıyanlar yetərincə yazıblar. Hətta onu deyim ki, həmkarları onun ictimai fəaliyyətini birmənalı qarşılamırdı, çoxu belə hesab edirdi ki, o, fizika ilə məşğuliyyətini davam etdirsəydi, daha yaxşı olardı. Amma fiziklər bir az mürəkkəb və hətta nadinc insanlar olurlar. O, nə etmişdi? Hə, sovet alimləri, hətta atom silahını yarada bilməsəydilər belə, SSRI-nin sərəncamında yenə bu silah olacaqdı, çünki kəşfiyyat işini görmüşdü, elə ABŞ-da bir neçə fizik atom bombası ilə bağlı məxfi materialları SSRI-yə ötürmüşdü. Nüvə silahı, hidrogen bombası isə bir qədər fərqli məsələ idi. SSRI bu silaha, hətta ABŞ-dan bir-iki il tez sahib oldu. Bəli, bu, ilk növbədəcə Saxarovun xidməti idi. Ümumiyyətlə isə, Fermi, Oppenqeymer, Teller, Kurçatov, Xariton, Zeldoviç və bir də Saxarov – bu adlar dəfələrlə və israrla çəkilməyə də layiqdir, çünki məhz onların sayəsində dünya müharibəsi baş vermir. Hə, bu insanlar nüvə silahı sahəsində paritet yaratdılar və belə bir balans böyük müharibələrin qarşısını aldı.
Kiçik sözardı
Indi onu fizik kimi deyil, ictimai fəal tək anmaq istərdim. Rejim onu eşitmirdi, sonradan, yenidənqurma vaxtlarında da o, danışarkən, zaldakılar ayaqlarını yerə döyürdülər ki, danışa bilməsin. O isə, təslim olmur və danışırdı. Özü də axıra qədər…



