Belarusun ardınca, Fici ilə yanaşı hara gedirik?
Azərbaycan hakimiyyəti “Bloklara Qoşulmayan Ölkələr”in hərəkətına qoşulmaq qərarı verib. Xarici işlər naziri Elmar Məmmədyarov 25-27 mayda Indoneziyada keçiriləcək bu tədbirə qatılacaq. Bununla da dünyada “nə ət, nə balıq” ölkələrin sayı 120 olacaq.
Baş katib vəzifəsi boş olan bu hərəkatda iştirak edən dövlətlərin 40 faizi BMT-nin üzvü deyil. Bütün bunlar öz yerində… Biz isə Azərbaycan hakimiyyətinin hansı zərurətdən bu bloka qoşulmaq barədə qərar verdiyini araşdıracağıq.
Yaşadığımız günlərdə Azərbaycan Avropa Birliyi ilə ciddi polemikalar yaşayır. Avropa Parlamenti insan haqlarının durumuna görə Azərbaycan hakimiyyətini tənqid edən qətnamə qəbul edib. Bu qətnamədə Azərbaycan hökumətindən öz ölkəsinin konstitusiyasına əməl etmək və vətəndaşların daxili qanunlarda təsbit edilən hüquqlarını təmin etmək tələb olunurdu.
Azərbaycan hakimiyyətinin bu ərəfədə həm də NATO-nun ən parlaq üzvü olan ABŞ-la hərbi təlimləri təxirə salması bu projenin tərkib hissəsi kimi diqqəti cəlb edir. Amma istənilən halda, hakimiyyətin bu cəhdlərinin öz maraqları baxımından bir fayda verəcəyi inandırıcı deyil. Biz öz şərhimizdə bunun niyəsini araşdıracağıq.
Bu mövzunu araşdırarkən Azərbaycanla yanaşı, bu bloka qoşulan daha bir ölkə diqqətimizi cəlb elədi. Fici adlı ölkə parlamentli respublika olmaqla yanaşı, həm də hərbi xuntanın idarəçiliyindədir. Azərbaycan hakimiyyəti Avropa məkanındakı ölkəmizi bu cür – adını yalnız axtarışla tapdığımız ölkələrlə yanaşı qoyur.
Yeri gəlmişkən, bu bloka dünya tanınmışlarından Şimali Koreya və Belarus da qoşulub. Bu ölkələrlə bir yerdə olmaq cəhdinin Ilham Əliyevin Azərbaycan xalqına sevgisindən qaynaqlanmadığı kimsədə şübhə yaratmır. Azərbaycan hakimiyyəti elə düşünür ki, bu qərarla beynəlxalq aləmin təzyiqlərini azaldacaq, NATO və Avropa Birliyinin qarşısındakı öhdəliklərdən xilas ola biləcəklər. Amma Belarus nümunəsi göstərir ki, əksinə, Avropa Birliyi və NATO-dan daha çox uzaqlaşan dövlətlər beynəlxalq təhlükəsizlik və insan haqları üçün təhdid yaradan subyektə çevrilirlər. Buna görə də onların uzaqlaşmaq cəhdləri daha ağır sanksiyalara səbəb olur. Bu mənada Azərbaycan hakimiyyətinin bütün addımları Belarusu tam təkrarlamaq yoludur ki, bu vəziyyət də ölkə üçün ağır fəsadlar vəd edir. Eyni zamanda, heç hakimiyyətin özü üçün də yaxşı heç nə vəd etmir.
Türkiyəni kimə dəyişdik?
Azərbaycan hökuməti dünya siyasətini müəyyənləşdirən NATO və Avropa Birliyi ilə müttəfiqlikdən imtina edərək, mürtəce imicli dövlətlərin də qoşulduğu və heç bir həlledici funksiyası olmayan bloka qoşulmaqla, yeni dünya düzəninə qarşı olduğunu bəyanlamaq istəyir. Bu düzənin başlıca dəyəri isə sülh və demokratiyadır. Unutmayaq ki, NATO 2010-cu ildə keçirilən strateji sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə ilə çıxış edib.
Bundan başqa, Azərbaycan hakimiyyəti bizi ən təbii müttəfiqimiz olan Türkiyə ilə birgə hərəkətdən məhrum edir. Söhbət ondan gedir ki, Türkiyə həm də bir NATO ölkəsidir və bu, bizim maraqlarımız baxımından son dərəcə əhəmiyyətli faktordur. Görünür, Ilham Əliyev öz düşmənlərinin əhatəsini o qədər genişləndirib ki, Türkiyə də bu siyahıdan “xilas” ola bilməyib.
Seymur Həzi