“Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun rəhbərliyi etiraz bəyanatı yaydı
Azərbaycan nümayəndə heyətinin bir üzvü Forumdan qovuldu
Batumidə Azərbaycan GONGO-larının elədiyi rüsvayçı hərəkət beynəlxalq skandal yaratdı
“Şərq Tərəfdaşlığı” ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun Koordinasiya Komitəsi qurumun Batumidə keçirilən toplantısında Azərbaycan nümayəndə heyətinin törətdiyi əməllərlə əlaqədar etiraz bəyanatı yayıb.
Bəyanatda bildirilir ki, Forumun İdarə Komitəsi Azərbaycan Milli Platformasına daxil olan bir sıra şəxslərin Batumidəki toplantıda yol verdikləri hərəkəti kəskin şəkildə pisləyir. Söhbət Forumun toplantısında tədbirin digər iştirakçıları, o cümlədən Çexiyanın “People in Need” təşkilatı tərəfindən hazırlanmış sərginin dağıdılması, Azərbaycandakı repressiyalara etiraz olaraq qaldırılan plakatların, vicdan məhbuslarının şəkillərinin cırılması və təşkilatçılara qarşı aqressiv davranışdan gedir.
Qeyd edək ki, noyabrın 20-də Batumidə keçirilən toplantıda Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri Azərbaycanda siyasi məhbusların adları yazılmış posterləri cırıb. Tədbir Avropa Birliyinin sponsorluğu ilə keçirilib. Cırılan posterləri Çexiyanın «Nesenhuti» adlı QHT-si hazırlayıb, onları Batumiyə Çexiyanın bir başqa QHT-si – «People in Need» gətirib.
Nümayəndə heyətinin üzvləri öz hərəkətlərini belə izah ediblər ki, Forumun başqa iştiraqkçı ölkələrində də bu problem var, amma barmağı məhz Azərbaycana tuşlamaq ədalətsizlikdir.
Onlar «People in Need» təşkilatını erməni lobbisinə işləməkdə ittiham ediblər.
Tədbirə Azərbaycan adından qatılanların əksəriyyəti hökumətyönlü QHT (GONGO) təmsilçiləri olublar. Nümayəndə heyətində olan bir neçə nəfər müstəqil düşüncəli təmsilçi bu hərəkətə qoşulmayıblar və əksinə onu pisləyiblər.
Bəyanatda qeyd olunur ki, baş verənlərlə əlaqədar Forumun İdarə Komitəsi Azərbaycan nümayəndə heyətinə daxil olan Səlim Babayevin üzvlükdən çıxarılmasına qərar verib. Komitə Forumun Nizamnaməsinin 6-cı maddəsinə əsaslanaraq, təşkilatın nüfuzuna təhlükə törədən və ya ciddi ziyan vuran hərəkətlərə görə belə bir addım atıb.
Koordinasiya Komitəsinin Bəyanatda o da qeyd olunur ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da Forumun fəaliyyətini işıqlandırmaq üçün Azərbaycan Milli Platforması tərəfindən tədbirə dəvət olunmuşdu. Rauf Arifoğlu məlumat yayıb ki, sözügedən sərgi ilə əlaqədar Azərbaycan nümayəndə heyətindən beş nəfər istisna olmaqla, qalanları tədbiri boykot edib. Həmçinin bildirib ki, Gürcüstan prezidenti “lobbi skandalına” görə tədbirdə iştirakdan imtina edib. Arifoğlunun məlumatına görə, toplantıdakı sərgi ilə bağlı insident Forumun İdarə Komitəsinin üzvü olan Boris Havasardyan tərəfindən təşkil olunub.
Bəyanat müəllifləri vurğulayır ki, bütün bunlar yalan məlumatlardır. Bu materialda eyni zamanda, “People in Need” təşkilatının nümayəndəsi, Forumun İdarə Komitəsinin üzvü İvana Skalovanı ləkələyən məlumatlar yer alıb.
“Biz bu hadisəni təkcə Forumun İdarə Komitəsinə qarşı deyil, bütövlükdə Vətəndaş Cəmiyyəti Forumuna qarşı əsassız hücum hesab edirik.
İdarə Komitəsi bəyan edir ki, Azərbaycandan olan nümayəndə heyətinin tədbiri boykot edən üzvləri faktiki Assambleya üzvü kimi öz mandatlarından imtina etmiş olur. Bu isə o deməkdir ki, onlar Azərbaycan Milli Platformasından Forum rəhbərliyinə nümayəndə seçmək üçün səs hüququnu itirirlər.
Azərbaycan nümayəndə heyətinin üzvləri bu hadisə ilə əlaqədar izahat verməlidir və yalnız bundan sonra onlar səs hüquqlarını əldə saxlaya bilərlər”, – deyə bəyanatda vurğulanır.
İnformasiya şöbəsi