ABŞ səfiri Azərbaycan polisi haqqında nə düşünür?

 

Azərbaycanda belə bir radio yoxdur, axı, cənab Metyu Brayza!

Azərbaycan jurnalistlərini şitillik nümunəsi kimi saxlamaq kimə və nədən ötrü lazımdır?

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “Amerikanın səsi” internet saytına (!-bu nida işarəsinin mənasını bir qədər sonra izah edəcəyik) müsahibə verib. Müsahibədə cənab səfir Azərbaycanın demokratiya və insan haqları sahəsində bir sıra uğurları ilə yanaşı geriləmələrin də olduğunu bildirib və bu uğurların fonunda Azərbaycan xalqını Eurovision mahnı müsabiqəsindəki qələbə münasibəti ilə təbrik edib.Mən cənab səfirin bu müsahibəsindəki ayrı-ayrı notlarla bağlı onu sərt şəkildə tənqid etmək istəyirəm, amma çalışacağam ki, bu sərt tənqid bir qədər diplomatik şəkildə ifadə olunsun.

***

Müsahibənin mətnində diqqətə çatan mülahizə tapmayan sayt əməkdaşı sərlövhə kimi belə bir ifadəni seçməyə məcbur olub: “Metyu Brayza: İstəyirik ki, Azərbaycan siyasi avtoritarizmlə islam ekstremizmi arasında alternativ bir yol istiqamətində getsin”.  Yəni, belə çıxır ki, ABŞ səfiri artıq fikirlərini o qədər ehtiyatlı ifadə etməyə məcbur vəziyyətə düşüb ki, “Azərbaycanda demokratiyanın olmasını istəyirik” deməyə də risq etmir, hansısa məchul “alternativ” təklif edir.

***

Bu, ABŞ-Azərbaycan münasibətlərində hiss olunan əhəmiyyətli geriləmədir. Bu geriləməni bir fakt olaraq cənab səfir sonrakı mülahizələrində də davam etdirir. Bu şəkildə:

“Sual: Azərbaycanda son aksiyalar zamanı baş verənlərə münasibətiniz? Aksiyalarla paralel olaraq jurnalistlərə qarşı fiziki təzyiqlər də qeydə alınır.

Cavab: 2 apreldə, birinci nümayişlərdən sonra Mətbuat Şurası ilə bir araya gəlindi, jurnalistlərlə davranış istiqamətində müvafiq metodlarla bağlı söhbətlər aparıldı və bundan sonra jurnalistlərlə davranışda müsbət dəyişikliklərin şahidi olmuşuq. Amma, əsas məqsədimiz Azərbaycanda jurnalistlərin mühafizə olunma və qorunma barəsində fikirləşməmələrinə nail olmaqdır. Düzdür, nümayişlər uzun miqyasda və geniş xarakter daşımayıb. Biz, həmişə Azərbaycanda sərbəst toplaşmaq azadlığını dəstəkləmişik və Azərbaycan hökuməti nümayəndələri ilə söhbətlərimizdə bu fikirləri daim diqqət mərkəzində saxlamışıq”. 

Bu sual-cavaba şərh: Biz bu fikir parçasından belə başa düşməliyik ki, ABŞ Azərbaycanda hər şeydən əlini üzüb, sadəcə jurnalistlərin diri və xəsarətsiz saxlanması kimi mühüm bir plan üzərində diplomatik danışıqlar aparmaqla məşğuldur. Amma jurnalist olmayan Azərbaycan vətəndaşları polisin təhdid və təqibləri, fiziki təzyiqləri üçün açıq elan edilib. Jurnalistlərin xüsusi mühafizəsi isə ona görə lazımdır ki, Azərbaycanda demokratiya elementlərinin olduğunu söyləmək mümkün olsun. Həm də ən diplomatik şəkildə.

Amma qeyri- diplomatik şəkildə izah etsək, Azərbaycanda jurnalistlərin “mühafizəsi”, onların təhlükəsizliyi məsələsi yenə də sıfrın altındakı göstəricilərə bərabərdir. Və bu sual-cavab parçasının son hissəsindəki “biz həmişə Azərbaycanda sərbəst toplaşma azadlığını dəstəkləmişik” hissəciyi də ən pessimist duyğularla bağlıdır. Axı, Azərbaycanda sərbəst toplaşma azadlığı yoxdur!  Vətəndaşların bu hüquqları, sadəcə olaraq, dəfn edilib və siyasi müzakirələrin gündəliyindən çıxarılıb. Cənab səfir  “Siyasi islahatlar sahəsində müəyyən irəliləyişlərlə yanaşı, geriləmələr də olub” deyərkən çox nikbin notlar ifadə edir və bu nikbinliyin diplomatiklik səviyyəsi narahatlıq doğurur. Hansı irəliləyişlər var? Bu irəliləyişlərin olduğunu Mövlud Çavuşoğlu deyə bilər, Mustafa Kabakçı deyə bilər, Qreko Pedro deyə bilər, hətta 100 il əvvəl Azərbaycanda ABŞ səfiri olmuş Stenli Eskudero deyə bilər. Amma Metyu Brayza deyə bilməz. Çünki bu irəliləyişlər yoxdur. Sərbəst toplaşma azadlığının, azad və ədalətli seçki hüququnun dəfn edildiyi ölkədə hansı demokratik irəliləyişlər ola bilər ki, məsələn, mən baş verən hadisələrə qara eynəklə baxdığıma görə onları görə bilmirəm. (Hərçənd, 5 ildən artıqdır ki, qara eynəkdən imtina etmişəm).

Cənab səfir bildirir ki, Azərbaycan polisinin davranışlarında da müsbət dəyişikliklər müşahidə olunur:” Onu da qeyd edim ki, ATƏT-in keçirdiyi təlimlərin nəticəsində polis bu prosesdə, hətta onlardan gözləniləndən daha yüksək səviyyədə fəaliyyət sərgiləyib”. Bu mülahizələr aprelin 2-də və 17 xüsusi vəhşilik nümayiş etdirmiş, Azərbaycan vətəndaşlarını Bakı küçələrində sürümüş, müxalifətin və cəmiyyətin Pənah Hüseyn, Arif Hacılı, Gözəl Bayramlı tanınmış simalarına qarşı xüsusi qəddarlıq nümayiş etdirən, öz konstitusiyon və bəşəri azadlıqları uğrunda mübarizə aparan minlərlə Azərbaycan vətəndaşını qeyri-insani davranışlarla təhqir edən polisin ATƏT-in təlimləri nəticəsində “daha yüksək səviyyədə fəaliyyət sərgilədiyini” iddia edir. Həmin polis ki, hətta 5 yaşlı uşağı da avtoritar rejim üçün təhlükə sayıb onu bu gün belə məxfi agentura vasitəsilə axtarır. Bu “daha yüksək fəaliyyət” nədir? Bəlkə, Cabbarın cibinə nəşə, Şahin Həsənlinin cibinə avtomat gülləsi atmaqdır?

“Antikorrupsiya tədbirləri” varmış!

Cənab səfir xüsusilə qeyri-diplomatik şəkildə “Azərbaycan hökumətinin antikorrupsiya kampaniyasını müsbət qarşılayırıq”, deyir. “Azərbaycan rəsmilərinin bu kampaniyanın ciddi xarakter daşıması, dərinləşdirilməsi və genişləndirilməsi barədə fikirlərini çox müsbət qarşılayırıq”, söyləyir. Bəlkə, biz Azərbaycanda yaşamırıq? Axı bu “antikorrupsiya tədbirləri” nədən ibarətdir? Kəmaləddin Heydərovdan, Ziya Məmmədovdan, Bəylər Əyyubovdan, ya bu sıraya daxil olan başqalarından deklorasiya tələb edildi, bizim xəbərimiz yoxdur? Bu “antikorrupsiya tədbirləri”i durdu, axı, cənab Metyu Brayza. Bu “tədbirlər “ yumurtanın (həm də yalnız broyler yumurtasının) qiymətinin aşağı salınmasından başqa heç nəyi ehtiva etməmişdi, o da bitdi. Bu “antikorrupsiya” şousu rəsmən ortalıqda yoxdur və ABŞ diplomatiyasının onu necə qarşılamasından asılı olmayaraq yoxdur.

***

Mən bu müsahibənin neft sektoru, hərbi əməkdaşlıq, regioanl təhlükəsizlik, hərbi təlimlərin taleyi kimi hissələri ilə bağlı mülahizə bildirmək istəmirəm. Ona görə yox ki, Azərbaycan artıq neytrallar hərakatına və blokuna qoşulmaqla Qərblə və ABŞ-la bu qəbildən olan “strateji” münasibətlərinə yeni məzmun vermək istəyir və ya bu cür məsələləri, indən belə, məsələn İndoneziya, Venesuela kimi ölkələrin səfirləri ilə müzakirə etmək daha səmərəli ola bilər. Həm də ona görə ki, fundamental azadlıqları tanımayan bir hökumətin azadlıqlara münasibəti ilə bağlı bu qədər “əlvan” dəyərləndirmələr vermək adamım canını sıxır. ABŞ səfiri Azərbaycanda və başqa ölkələrdə həm də ABŞ demokratiyasının səfiridir.

***

Bu yazının əvvəlində qeyd etmişdim ki, ABŞ-ın Azərbaycandakı səfiri “Amerikanın səsi” internet saytına müsahibə verib. Doğrudur, sayt əməkdaşları onu “Amerikanın səsi” radiosu adlandırırlar, amma bu mənə çatmır. Azərbaycanda belə bir radio yoxdur, axı.