Futbol və sızan qazın bərəkəti

SOCAR kimə kələk gəlir?

Futboldan başlayacam. Milli komandamızın 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin keçirdiyi 4 oyundan sonra xarici analitiklər yekdil fikrə gəliblər ki, Azərbaycanla oyun zamanı qapıçıya gərək yoxdur. Belə ki, komandamızın hücumçuları keçirdikləri 4 oyun ərzində topu rəqib qapı həndəvərinə tərəf cəmi… dörd dəfə vura biliblər. Son iki matçda isə, komandamızın, ümumiyyətlə, qapıya zərbə endirə bilməməsi qeyd olunur. Bu o deməkdir ki, Xorvatiya və Norveç komandaları meydana qapıçısız da çıxa bilərmişlər… 

Normal bir ölkədə futbola cavabdeh olan məmurlar pılını-pırtını toplayıb, üstəlik, xalqdan da üzr istəyib kənara çəkilərdi. Bizdə isə əksinə, məzələnməyə başladılar. AFFA-nın baş katibi Elxan Məmmədovun üç biabırçı məğlubiyyətdən sonra Norveç millisi ilə görüşdən qabaq verdiyi açıqlamadan bir cümləni diqqətinizə çatdırıram: “Qrupdan çıxmaq istəyiriksə, Norveçi məğlub etməliyik”. 

…Hazırda qrupda vəziyyət belədir: Azərbaycan Xorvatiya və Italiyadan 10 xal, Norveçdən isə 9 xal geridədir. Hətta Avropanın ən “qaz” komandalarından biri olan Malta da bir xalını qazanıb, bizdən irəlidədir. 

Odur ki, bu açıqlamanın iki adı var: biri, 100 minlərlə insanı ələ salmaq, o birisi isə, ümumiyyətlə, ağıldan kef eləmək… Ikinci versiyadan başlayaq… 

Təəssüf ki, ikinci versiya özünü doğrultmur, belə ki, Elxan Məmmədov futboldan anlamasa da, qazanmağı bacarır. Stadium.az-a istinadən nəzərinizə bir faktı çatdırmaq istəyirəm. Saytın araşdırmasına görə, Azərbaycan millisinin məşqçiləri Bernhard Lippert, Sissi Rayt və onu əvəzləyən Patrisiya Qonzales üst-üstə düz 100 ay “Landmark Hotel”də qalıb. Bu hoteldə isə bir sutka qalmaq təxminən 200 manatdır. Bu üç məşqçinin təkcə hotel xərcləri üçün üçün AFFA təxminən 600 min manat xərcləyib.

Niyə məhz hotel, niyə məhz “Landmark” hotel?.

Halbuki o 600 minin yarısından azını xərcləyib, heç bir uğur qazanmayan məşqçilər üçün dupleks mənzillər kirayə etmək olardı, deyilmi?.. 

Nə isə, sizi yormayım, Stadium.az-a görə, Elxan Məmmədovun qardaşı həmin hotelin baş meneceridir və hotel yağlı müştəri gətirənə yaxşı faiz verir. Bu qədər bəsit…

Gələk qaz sızmasına… Bu prosesi isə, futbolla maraqlanmayanlar üçündür. Futboldakı halımızın onların da anlaması üçün “sızan qaz”dan söhbət açacam. Birbaşa olmasa da, dolayı yolla futbolla əlaqəsi var. Futbolun və qazın sızması hər iki sahəyə cavabdehlərə, yəni SOCAR-a milyonlar qazandırır. 

Istər sovet dövründə, istərsə də “Azəriqaz”ın SOCAR-a birləşdirilməsinə qədər qaz borularının sızmasına nəzarət ənənəvi idi. Hər rayon üzrə bu işdə qadınlar çoxluq təşkil etməklə, 10-a yaxın qrup nəzarət edirdi. Onlar xüsusi cihazlarla boruları kontrol edir, qəzanı, daha doğrusu sızan qazı aşkarlayırdılar. SOCAR rəhbərliyi bu sistemi lazımsız bilib ləğv etdi. Ayda təxminən 300-350 manat maaş alan vətəndaşları çətin duruma saldı. Az sonra isə, eyni funkisiyanı, yəni sızan qazı aşkarlayacaq olan və ştatı dəfələrlə çox olan “Təmiz qaz” MMC-lərini yaradır. Bir rayonda il ərzində 30-35 min manata görülən işin – qazın sızmasını hazırda bu MMC-lər milyonlara “görürlər”. Qaz da əvvəlki kimi sızır… 

Futbolumuz kimi…