Ənnağı Hacıbəyli
Dostumuz Yalçın bəy Milli Dirçəliş gününə bir status yazıb: “Bu gün ən çox xatırlanmalı adam Nemət Pənahlıdı. Bizim ona münasibətimizdən asılı olmayaraq, o, Azərbaycanın müasir tarixinə adını yazıb. Bu gün o həm də siyasi məhbusdu”.
Statusu bəyənməsəm də, bölüşürəm. Bu gün həbsdə olan bütün siyasi məhbusların qapısının açılmasını ürəkdən arzulayıram. Onlar ölkədə hökmran olan siyasi rejimin haqsız-hüquqsuz qurbanlarıdı və kimsənin tanıyıb-tanımamasından asılı olmayaraq azadlıq onların haqqıdı.ÿ
“Haqq nazilər, üzülməz”.
Statusu bəyənməyibən bölüşməyim kimlərəsə ziddiyyətli görünə bilər, ona görə də izah etməyə çalışacam.
Statusa yozum verənlərdən biri, adətən olduğu kimi, tövbə qapısının həmişə, hər kəs üçün açıq olduğunu yazır. Bunu səmimiyyət kimi anlasam da, razılaşa bilmədim. Görünür, yozum müəllifi həm də Neməti qınayanlara ünvanlayıb bu irad hökmünü. Olsun. Amma məni başqa şeylər düşündürdü.
Bir dəfə yazmışam, bir də yazıram: tövbə qapısı “proxodnoy dvor” deyil.
Birinci, “tövbə” dini anlayışdı və ondan siyasi “günah”ların bağışlanması üçün istifadə olunması heç bir ciddi dini kitabda yazılmayıb. Tövbədən ancaq, belə demək mümkünsə, dini günahların bağışlanması, inanclı insanların reabilitasiyası üçün yararlanmaq olar. Heç o da kütləvi amnistiyaya əsas vermir.ÿ
Bununla işim yox. Bunu dindarların öhdəsinə buraxaq.
Ikinci, siyasi “günah”ların bağışlanması əqidəsindən, demokratik ideallardan, xalq mənafeyindən, siyasi mübarizə qaydalarından caydırmış siyasətçilərin reabilitasiyası üçün normal məntiqin qəbul edə biləcəyi vasitə deyil. Hüquqçular demişkən, “tövbə qapısı” anlayışı genişləndirici təfsir edilə bilməz. O, din hadisəsidi və hətta dindar-siyasətçi kimi əndrəbadi peşə də onun siyasətə tətbiqinə mübahisəsiz əsas vermir. Siyasətlə məşğul olmaq hamının haqqıdı, amma dini siyasətə, siyasi oyunlara bulaşdırmaq kimi haqq yoxdu. Varsa, bu səmimi dindarlıq deyil!
Üçüncü, çağdaş Azərbaycan tarixinin son 25 illik dönəmi daha çox uğursuz siyasi mübarizə ilə yaddaşlarda qalıb. Bunun başlıca səbəbi siyasi liderlərin və öncül siyasətçilərin “günah”larının kütləvi bağışlanmasıdı. Sonuc göz qabağındadı. Sabah – seçkilər ərəfəsində AXCP Müsavatla, Müsavat Ümidlə, ADP ACP ilə və s. yenidən koalisiya qursa, heç təəccüblənmərəm. Bir-birini çirkaba batıran jurnalistlər və siyasətçilər sabah yenidən qucaqlaşıb öpüşsə, kimsə təəccüblənməyəcək. Sadəcə müxalifət elektoratı bir az da seyrələcək.
Özümüzdən də danışaq.
Bir neçə dəfə hüquqçuların hakimlər və hüquqçu məmurlar barədə tənbəl mübahisələrinin şahidi olmuşam: bu gün allahsız hökmlər çıxaran, haqsız yerə adamları məsuliyyətə cəlb edən, dövlət qulluğunu korrupsiyaya xidmətə çevirənləri bağışlamaq olarmı? Özəlliklə hakimlərlə bağlı daha qəribə mövqelər ortaya qoyulur. Bir çoxları deyir ki, bütün hakimləri kütləvi şəkildə işdən qovmaq olmaz, onların arasında yaxşıları da var, sadəcə ədalətli hökm çıxarmağa hakimiyyət imkan vermir, kütləvi təmizləmə olsa, məhkəmə sistemi çökər və s. Qapılarında alqışdan çox qarğış eşidilən məhkəmə sistemi sizcə, çökməyibmi?ÿ
Bütün bunların günahı hamının üzünə qeyd-şərtsiz açıq elan edilmiş “tövbə qapısı”ndadı.
“Tövbə qapısı” müqəddəslik simvoludu, ordan hər yetən adamı buraxmaq olmaz. Natəmiz adamların müqəddəs qapıdan keçməsi kandarı çirkləndirir. Bu çirki heç bir kimyəvi maddə ilə dezinfeksiya edib təmizə çıxarmaq mümkün deyil. Söhbət daha çox siyasətin “tövbə qapıları”ndan gedir.
Bir də ki, hər yetən özünü “tövbə qapısı”nın qeyri-məhdud səlahiyyətli qapıçısı saymamalıdı. Nə dində, nə də siyasətdə.