Ailələr və ailə hakimiyyəti

Qədim zamanlarda şahmatla ad çıxaran, sonralar isə nə sirri-Xudadırsa, YAP-çı olan Aynur Sofiyeva açıqlamalarıyla məni mat qoyub. Aynur xanım Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, məmurdur.

Azərbaycan xalqının ailə modelini öyən məmur xanım bu modelin tərkibi kimi, böyüklərə hörmət və ehtiramın, valideyn-övlad münasibətlərinin ta qədimdən bu günə kimi gəlib çatdığını deyir.

Tamam, Aynur xanım, bizə keçmişdən çox şey gəlib çatıb. Bəs sabaha onlardan hansını aparır sizin sevimli hökumət?Siz qəzet oxuyursunuzmu, Aynur xanım? O qəzetlərdə Azərbaycanın dörd bir tərəfində övladını öldürən valideynlər, valideynlərini asan-kəsən övladlar, bir-birini düşmən kimi qana boyayan cütlüklər haqda heçmi xəbər tutmursunuz?

Ümumiyyətlə, bilirsinizmi ki, Azərbaycanda nəinki ailə ənənələri məhv olub gedir işinin dalınca, ailənin özü yoxa çıxır. Insanlar evlənə bilmirlər. Evsizlik Qarabağsızlıqdan da betər problem kimi dayanıb gənclərin önündə. Qarabağ problemi ilə heç olmasa, ATƏT məşğul olur, gənclərin ev problemini isə sizin sevimli hökumət heç etiraf belə etmir…

Məmur xanım bildirib ki, guya, Azərbaycanda ailə institutunun varsa-yoxsa, bir dərdi var, o da nikah yaşının 18-dən aşağı olmasıdır.Məktəb yaşlı qızların ərə verilməsi dərddir, bəs yaşı keçib ailə qurmayanlarla necəsiz, Aynur xanım?Bəs normal yaşda ailə quranlara siz nə vaxtsa gün ağlamaq fikrindəsinizmi?18 yaşa çatana qədər uşaqlara nə verə bilmisiniz?

Şəhərdə, kənddə öz övladlarını istismar etməyə məcbur olan ailələr haqda düşündünüzmü heç?Nə isə, Aynur xanım, bizim ölkədə ailə adına bir şey var – Ailə hakimiyyəti – hər şey bir ailə üçün, elə bütün ailələr də bir ailə üçün. Bircə bunu Vaqifin şirin dilində aydın deyin, biz də işimizi bilək…

Qazlaşdırma

Onlar deməkdən usanıb yorulmurlarsa, biz də haqlı tənqiddən yorulmayaq. Dünən hakimiyyət saytlarından oxudum ki, Qax rayonunun Marsan kəndinə ilk dəfə təbii qaz verilib. Xəbərdə yazılır ki, qaz verilmə tədbirinə Qax Rayon Icra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak edib. Ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri çıxış edərək kəndə ilk dəfə “mavi yanacaq” verilməsinə görə Ilham Əliyevə minnətdarlıqlarını bildiriblər.Dünyanı yanacaqla təmin etdiyini qürrələnərək təbliğ edən ölkənin kəndləri hələ indi qazlaşırsa, buna görə rəhbərə minnətdarlıq etmək lazım deyil. Əksinə, dövlət başçısı da daxil olmaqla, bütün hakimiyyət orqanları tənqid olunmalıdır. Özü də ən sərt formada. Insanları elementar şeylərə möhtac edib onlardan minnətdarlıq almaq cılızlıqdır, böyüklük yox.

Bir daha xatırlatmasam, namərd olaram. Bizim kəndə qaz 80-ci illərin ortalarında çəkilib (Heydər Əliyev hakimiyyətə gələn gündən isə qaza məhrum qalmışıq). Kənddəki evlərdə qaz istifadəyə veriləndə isə nə rayon icra hakimiyyətindən qırmızı lent kəsməyə gəlmişdilər, nə də camaatı üzdən-gözdən salıb minnətdarlıq qopartmağa… Yaxın keçmişin bu sadə həyat hekayətindən utanın heç olmaya, YAP-çı yoldaşlar.

Abel Məhərrəmovu “yemək”

Internetdə BDU-nun fiziki fakültəsinin tələbələrinin bir fotosunu gördüm. Əllərində bir tort vardı, tortun üstündə isə… deputat və akademik Abel Məhərrəmovun fotosu!!! Şəxsiyyətə pərəstişin bu qədər cılız və şirin formasını da gördük. Maşallah!