“Eurovision”un ictimai faydası olacaqmı?

Azərbaycan hakimiyyəti “Eurovision-2011″ musiqi yarışmasında ölkəmizi təmsil edən ifaçıların qalib gəlməsindən siyasi dividentlər götürməyə çalışır. Bunu ölkənin inkişafı, Ilham Əliyevin böyük xidməti kimi qələmə verməyə çalışırlar. Idman yarışları, mahnı müsabiqələri, bayrağın ən hündür dirəyə qaldırılması və bu kimi digər hadisələrə bütün avtoritar  hakimiyyətlər böyük önəm verir, bunların köməyi ilə ölkədəki real vəziyyəti, problemləri gizlətməyə, unutdurmağa çalışırlar. Azərbaycan hakimiyyəti də bu hadisədən maksimum fayda götürməyə cəhd edir.

Maraqlıdır ki, “Eurovision-2011″ qələbəsindən dərhal sonra müxalif siyasi qüvvələr, vətəndaş cəmiyyəti təmsilçiləri bunun əksini iddia etdilər. Onlar deyirlər ki, ölkəmizin Avropaya inteqrasiyasında mövcud olan ciddi problemlərin yada salınması, gündəmə gəlməsi üçün bu hadisə faydalı olacaq və Azərbaycan hakimiyyətinin başağrısına çevriləcək. Istər-istəməz bütün dünyanın diqqəti 2012-ci ildə yarışmaya ev sahibliyi edən Azərbaycandakı ictimai problemlərə yönələcək. Onlar haqlıdır, doğrudan da artıq dünyanın məşhur KIV-ləri Azərbaycanın ictimai problemlərini gündəmə gətirməkdədir.Lakin ardıcıl iş aparılmazsa, bu faydalar böyük olmayacaq. Bir azdan hadisəyə maraq səngiyəcək, Azərbaycan bir də yarışma ərəfəsində diqqətdə olacaq. Ölkəmizdə və Avropada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, eləcə də siyasi qüvvələr düşünülmüş və ardıcıl iş aparmasa, gözlənilən faydalar bəzi tənqidi yazılardan uzağa getməyəcək.

Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) artıq bu yöndə işə başlayıb, yerli və beynəlxalq təşkilatlara çağırış ünvanlayıb. SAMA aşağıdakı problemləri gündəmə gətirməyi və həll etməyi hədəf kimi göstərir:- Siyasi məhbusların azad edilməsi;

– Ictimai TV-nin fəaliyyətinin yenidən qurulması (Bəllidir ki, Avropa Yayım Şurasının üzvü olan və “Eurovision” yarışmasına təşkilatçılıq edən Ictimai Televiziya öz statusuna zidd olaraq, siyasi plüralizm üçün müvafiq şəraiti təmin etmir, ölkədəki gerçəklikləri tam əhatəsi ilə işıqlandırmır, hakimiyyətin tənqidinə yol açacaq xəbər və rəyləri yaymır.);

– Ifadə azadlığına, birləşmək və sərbəst toplaşmaq hüququna məhdudiyyətlərin aradan qaldırılması və bu hüquqdan istifadə edən şəxslərin təqib edilməsinin dayandırılması;

– Ölkənin turizm, hotel və digər istirahət mərkəzlərində yaradılmış total nəzarətin aradan qaldırılması, müştərilərin izlənilməsinə, video kameraların quraşdırılmasına, şəxsi həyata aid qanunsuz çəkilişlərin TV-lərdə yayımına son qoyulması;- Azərbaycana səfər edən Avropa Şurası üzv ölkələri vətəndaşlarına vizaların verilməsi qaydalarının sadələşdirilməsi və s.Bu istiqamətlərdə effektli fəaliyyət olarsa, biz doğrudan da “Eurovision” olayından müəyyən ictimai faydalar əldə edə bilərik, əks halda, bu şansı da yelə verəcəyik və iqtidar təbliğatının “Eurovision” qələbəsi ilə bağlı səfsəfələrindən baş-beynimiz gedəcək.

Hulusi Kılıç bəyə xüsusi xəbər

Bugünlərdə Azərbaycanın “Eurovision”da birinci olmasını Türk dünyasının qələbəsi adlandıran Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç yəqin bu xəbəri oxuyub. Özbəkistanın paytaxtı Daşkənddə Mustafa Kamal Atatürkün adını daşıyan mərkəzi küçə Zərəfşan adlandırılıb. Küçənin yeni adı həmin prospektdəki ticarət mərkəzinin adına uyğun seçilib. Bu da bizə Türk dünyası. Türk xalqlarını əzən avtoritar hakimiyyətlərin qabağına mənasız və pafoslu qardaşlıq söhbətləri ilə çıxmağın, həqiqətlər barədə susmağın sonu belə də olmalı idi. Bu, diktatorlara qardaş təbəssümü göstərməyin məntiqi nəticəsidir. Unutmayaq, Türkiyə bir vaxtlar əlləri xalqının qanına bulaşmış Islam Kərimovun tələbi ilə orada mühacirətdə olan demokrat lider Məhəmməd Salehi xaricə qovmuşdu. Indi də həmin Kərimov Atatürkü Özbəkistandan qovur.

O Atatürk ki, Türkiyənin və cəmi türklərin fəxri olmaqla yanaşı, bir vaxtlar bütün üçüncü dünya ölkələrinin azadlıq hərəkatlarına stimul vermiş, bütün dünyanın sevgisinin qazanmışdı. Onun kimliyi sevdiyi bayrağın rəngindən görünür. Bu gün azad olmayan türk xalqlarının adından türk dünyası uydurmaq, oradakı zülmlərə susmaq türk xalqlarına ən böyük zərbədir. Amma Atatürk susmazdı.