Alimdən Ilham Əliyevə növbəti məktub

«Insanlar sizə inanaraq müraciət edir…

Sizsə onların əsaslı şikayətlərini cavabsız qoymaqla məmurlarınızın özbaşınalığına münbit şərait yaradırsınız!»

Cənab Prezident! Məlumdur ki, 30 iyunda AMEA-ya Nizamnaməyə və ölkə Konstitusiyasına zidd olaqar Sizin Administrasiyadan gələn siyahı əsasında təyinatlar olub. Təyin edilmişlər arasında elmlə məşğul olmayanlar, seçkidə iştirak etməyənlər, ikili vətəndaşlığı olanlar və s. var. 

Təyin edilmişlərin böyük əksəriyyəti Azərbaycan elminə cüzi sitat gətirənlərdir! Bu cür təyinatların nəticəsidir ki, Azərbaycan elmi işlərə olan sitatların sayına, Hirş indeksinə, bir məqaləyə sitatların sayına görə hər iki Cənubi Qafqaz ölkəsindən dəfələrlə geridə qalır. Bir məqaləyə sitatların sayına görə isə Azərbaycan dünyada 238 ölkə və ərazi qurumları arasında 230-cu yeri tutur. AMEA-ya seçkilərdə isə əsas meyarlar yuxarıda sadalan beynəlxalq qiymətləndirmələr yox, qohumluq, ailəçilik, şəxsi əlaqələr, dəstəbazlıq, bölgə maraqları və digər qeyri-sağlam və anti-elm elementləridir!

Bu səbəblərdən son aylar Sizə ardıcıl müraciətlər edirəm ki, bu saxta seçkiləri tanımayasınız, saxta nəticələri ləğv edəsiniz və yeni seçkilərin keçirilməsinə tövsiyyələrinizi verəsiniz. Əlbəttə, bu ölkənin elmlə məşğul olan bir vətəndaşı kimi düşünürəm ki, Sizin iradənizdən kənar belə şeylər baş verə bilməz. Bəs onda sual olunur ki, mən niyə bunları bil-bilə Sizə aramsız müraciətlər edirəm. Açığı düşünürəm ki, məmurlarınız Sizi namizədlər barəsində bilərəkdən yanlış məlumatlandırıblar. O biri tərəfdən də yaxşı xatırlayıram ki, Siz dəfələrlə ölkə əhalisinə müraciətlər etmisiniz ki, ədalətsizliklər barəsində Sizləri məlumatlandırsınlar. Bir də yaxşı yadımdadır ki, Siz məmurlarınıza üz tutaraq demişdiniz ki, məmurlar xalqa xidmət etməlidir və hətta özünüzü xalqın birinci xidmətçisi adlandırmışdınız! Mən də Sizin sözlərin səmimiliyinə inanaraq müraciətlərimi davam etdirirəm. Inanıram ki, lap tezliklə siz ədələtin bərpası istiqamətində qəti addımlar atacaqsınız, seçki saxtakarlarını sərt cəzalandıracaqsınız və AMEA-ya yeni seçkilərin elan edilməsinə nail olacaqsınız. Indiki halda məmurlar Sizi fakt qarşısında qoyur, düşünürlər ki, bir ay-iki ay keçər, hər şey sakitləşər, onlar və onların mükafatlandırdıqları yenə də bildikləri kimi, heç nə olmamış  kimi dövranlarını sürərlər! Amma mən hələ də ümid edirəm ki, Siz ədalətsizliyə, seçki saxtakarlığına lazımi reaksiyanı verərək seçki saxtakarlarını cəzalandıra biləcəksiniz!

Cənab Prezident!

Aylardır müraciətlərimə baxmayaraq Sizin bu haqsızlığa və ədalətsizliyə mövqe bildirməməyiniz başadüşülən deyil. Belə çıxır ki, Siz bu cür böyük ədalətsizliklə müşayiət olunan təyinolunmalara ən azı biganə qalırsınız!!! Insanlar Sizə inanaraq müraciət edirlər. Siz isə onların əsaslı şikayətlərini cavabsız qoyursunuz və bununla da seçki saxtakarlıqlarını həyata keçirən məmurlarınızın daha da əl-qol atmasına münbit şərait yaradırsınız!

Yəqin mənimlə razılaşarsınız ki, Administrasiyadan gələn siyahı əsasında təyinolunmalar əslində elmin siyasiləşdirilməsinə xidmət edir! Bunun isə elmə yalnız mənfi təsiri olar bilər, necə ki, olur da! 

Axı bu cür təyinedilmələrin məqsədi birdir: Azərbaycan elminin inkişafına mane olmaq! Çünki bu cür təyinatlarla Azərbaycan elminə sitat gətirməyənlər, elmlə məşğul olmayanlar mükafatlandırılır, Azərbaycan elminə ən çox sitat gətirən isə mahiyyətcə iqtisadi blokadaya alınaraq cəzalandırılır, elmdən  uzaqlaşdırılır!!! Görünür, bir sıra məmurlar bəlli səbəblərdən ölkədə təhsilin, elmin inkişafında maraqlı deyillər! Elmi də inhisara alaraq bildikləri kimi, sağlam məntiqə zidd olan istəklərinə uyğun hərəkət edirlər! Faktiki olaraq bu təyinatlar, qrantların ayrılmasındakı özbaşınalıqlar, favoritar yanaşmalar o deməkdir ki, o məmurlar yalnız istədikləri adamların elmlə məşğul olmasına “lisenziya” verirlər. Belə yanaşmanın nəticəsində bu gün AMEA-da dərin sosial bərabərsizlik və ədalətsizlik hökm sürür; belə ki, bir qrup zümrə heç cür layiq olmadığı halda tamamilə əsasssız olaraq ayda 2-4 min manat arası “maaş-pensiya” alırlarsa, əksər elmi işçilərin maaşı 200-350 manat arasında dəyişir! 

Layiqsiz təyinatları həyata keçirənlər yəqin düşünürlər ki, lazım gələrsə elmi də birgə beynəlxalq əməkdaşlıq pərdəsi altında idxal etmək və ayrılan maliyyənin “mənimsənilib-yuyulmasını” təmin etmək olar! Bu cür düşünənlərin özləri əslində heç vaxt ciddi elmlə məşğul olmayıblar və onilliklərdir kabinetlərdə öz kreslolarını necə qorumaq haqqında fikirləşirlər! Belə yanaşmanın ölkənin strateji maraqlarına hansı zərbəni vuracağını heç söyləməyə belə ehtiyac yoxdur!

Cənab Prezident!

Bir daha Sizə müraciət edirəm ki, saxta seçkilərin nəticələrini ləğv edəsiniz və yeni seçkilər keçirəsiniz!

Hörmətlə, Elman Şahverdiyev