Bayıl və “20-ci sahə”də söküntülər başlayır

Evlərə artıq bildiriş göndərilib; kompensasiyadan söhbət getmir; sakinlər təşviş içində

Bakının Səbail rayonu ərazisində söküntü işləri genişləndiriləcək. Bayıl qəsəbəsi və “20-ci sahə” yaşayış massivində plana düşən tikililər köçürüləcək. Artıq Arif Ismayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, Ibrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsinə hazırlıq gedir. Bu barədə “Şərq” qəzetinə sözügedən ərazidə yaşayan sakinlər bildirib.

Sakinlərin sözlərinə görə, onları ARDNŞ məhkəməyə versə də, evlərin sökülməsi ilə bağlı bildirişlər Səbail Rayon Icra Hakimiyyəti tərəfindən göndərilir.

Bildiriş alan sakinlər söküntü prosesindən narazıdır. Onların iddiasına görə, bildirişlərdə kopmensasiya verilməsindən söhbət getmir. Evlərinin sökülməsinə etiraz etmədiklərini, sadəcə ailələrinin küçəyə atılmasına etiraz etdiklərini vurğulayan sakinlər ya ev istəyir, ya da kompensasiya. sözügedən ərazidə söhbət bir nəfərin, beş nəfərin taleyindən getmir. 

Burda yüzlərlə vətəndaşın taleyi qaranlıq qalıb. Ən əsası isə heç kim məsələyə aydınlıq gətirmir, sanki sakinlər qanunsuz olaraq orada yaşayırlar. Halbuki Bayıl qəsəbəsində məskunlaşan sakinlərin hər biri orada qeydiyyatdadır. Özlərinin də dediyi kimi, küçələri var, qaz, işıq və su pulu ödəyirlər.

Onlara ünvanlanan bildirişdə dəqiq vaxt yazılmadığını vurğulayan sakinlər bildirib ki, ərazidə olan qanunsuz tikililər söküləcək. Təşviş içində olan əhalinin bir hissəsi Səbail Rayon Icra Hakimiyyətinə müraciət edərək, məsələyə aydınlıq gətirilməsini xahiş ediblər. Bu qurumdan əhaliyə bildirilib ki, qanunsuz tikililərin sahiblərinə kompensasiyanın verilməsi nəzərdə tutulmur.