Hərbi təlim nəyin mesajıdır?

Cəsur Sümərinli: «Bu təlimlər Qarabağ danışıqlarında maraqlarımıza uyğun olmayan detalların ortaya çıxması ilə bağlı ola bilər»

Laçının işğal olunmasının 18-ci ildönümündə Azərbaycan ordusu cəbhə xəttində irimiqyaslı manevrlərə başlayıb. Müdafiə Nazirliyinin məlumatlarına görə, təlimlərdə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti iştirak edib.
Dünya praktikasında bu cür təlimlərin keçirilməsi müəyyən mesajlar vermək məqsədi daşıyır. Bəs, Azərbaycan son irimiqyaslı təlimi ilə nəyə işarə vurub?
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinlinin fikrincə, Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində keçirdiyi növbəti genişmiqyaslı hərbi təlimlər öz-özlüyündə adi bir məsələ olsa da, indiki zamanda bunun bir sıra mesajları da diqqətdən kənarda olmamalıdır: “Hesab edirəm ki, Azərbaycan tərəfi cəbhə xətti yaxınlığında bu cür təlimləri intensiv keçirməlidir. Nəzərə almalıyıq ki, erməni işğalçı qüvvələri il ərzində Azərbaycan qoşunlarına yaxın ərazilərdə 10-a yaxın müxtəlif formatda təlimlər keçirir. Təlimlərin keçirilməsi hərbi praktikada bir sıra məsələlərə hazırlıqdır. Hərbi təlimlərin intensiv keçirilməsi ölkənin silahlı qüvvələrini daim döyüş hazırlığı vəziyyətində saxlaması niyyətindən xəbər verir. Eyni zamanda hərbi təlimlərin intensivliyi onu keçirən dövlətin hərbi qüdrətinin, imkanlarının çoxluğunun göstəricisidir. Erməni işğalçıları da Azərbaycan ərazilərində tez-tez təlimlər keçirməklə göstərmək istəyirlər ki, onların hərbi imkanları heç də Azərbaycandan geri qalnır. Amma bəllidir ki, bu, sadəcə göstəricidir, ermənilərin aktivliyinin heç bir iqtisadi əsası yoxdur”.
C.Sümərinli hesab edir ki, indiki zamanda Azərbaycan tərəfi müdafiə nazirinin komandanlığı altında quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin iştirak etdiyi təlimləri keçirməklə Ermənistana və dünyaya bir ismarıc yollayır. Ekspert hesab edir ki, bununla Azərbaycan bəyan etmək istəyir ki, genişmiqyaslı hərbi əməliyyatların başlana bilmə ehtimalı an məsələsidir.
C.Sümərinlinin sözlərinə görə, Azərbaycan tərəfinin bu addımı atmasına Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda rəsmi Bakının maraqlarına uyğun olmayan detalların ortaya çıxması da səbəb ola bilər: “Ehtimal var ki, hazırkı dövrdə münaqişə ilə bağlı bir sıra fövqəldövlətlərin Azərbaycana təzyiqləri var. Onlar Bakıdan daha çox güzəşt tələb edirlər. Azərbaycan tərəfi isə hərbi təlimlərə başlamaqla qarşıda hər hansı güzəştin ola bilməyəcəyini bəyan edir”. C.Sümərinli hesab edir ki, bu günlərdə NATO baş katibi Anders Foq Rasmussenin Birləşmiş Ştatlar rəsmiləri ilə Cənubi Qafqazdakı münaqişələrin nizamlanması perspektivlərini müzakirə etməsi və ABŞ dövlət katibinin köməkçisi Filipp Qordonun Senatın Xarici əlaqələr komitəsinin Avropa işləri üzrə alt komitəsində çıxışı zamanı “Qarabağla bağlı sülh sazişi üzərində işə başlamağın vaxtı çatıb” bəyanatı müəyyən düşüncələrin ortaya çıxmasına səbəb olur.

Xəyal