Cəbhəçi gənclər azadlıqda

“Həbslər bizi mübarizədən çəkindirə bilməz”

Son dövrlər cəbhəçilərin  “polisə müqavimət” və “ünvansız söyüş söymək” ittihamı ilə həbs olunması ənənə halını alıb.  Milli Şuranın mitinqləri ərəfəsində hökumət bu “şərləmə siyasəti”ni davam etdirdi və AXCP Gənclər Komitəsinin 2 üzvü inzibati qaydada həbs olundu. Əvvəlcə  Gənclər Komitəsinin Göyçay rayon şöbəsinin fəalı Məhəmməd Mirzəli  şərlənərək həbs edildi və 20 sutka azadlıqdan məhrum edildi. Ardınca, AXCP GK-nın İdarə Heyətinin üzvü İlkin İsmayıllı da eyni ittihamlarla həbs olunud və 10 sutka azadlıqdan məhrum edildi.

Ötən gün hər 2 gəncin həbs müddəti başa çatdı  və  azadlığa çıxan gənclər öz fikirlərini “Azadlıq”la bölüşdülər.

AXCP Gənclər Komitəsinin  İdarə Heyətinin üzvü İlkin İsmayıllı  bu kimi cılız  təzyiqlərdən çəkinmədiyini və mübarizə əzmində olduğunu bildirdi:

“Noyabrın 7-i axşam radələrində evdə olmadığım vaxt 10-a yaxın polis əməkdaşı evə basqın etdi.  Onlar anama hərbi xidmət zamanı baş verən bir hadisəyə görə məndən izahat almaq lazım olduğunu bildiriblər. Anama deyiblər ki, zəng edib məni evə çağırsın. Onların çağırış vərəqəsi belə yox idi. Anama telefonda dedim ki, polislərə desin ki, mən sonra özüm polis bölməsinə yaxınlaşacam. Hal-hazırda evdən uzaqdayam və bəzi işlərim var. Ancaq getmək fikirləri yox idi. Anam bir də zəng edərək, təkidlə məni evə çağırdı. Polis əməkdaşları onu inandırmışdılar ki, məsələ həqiqətən hərbi xidmətlə bağlıdır. Bunun təxribat olduğunu güman etdim. Amma şəkər xəstəsi olan anamdan narahat olub evə gəldim. Mən çatanda evdə bir polis qalmışdı, qalanları getmişdi. Onun şəxsi minik maşınına əyləşib polis bölməsinə getdik. Orda cinayət-axtarış şöbəsinin rəisi məni dindirəndə məsələnin nə yerdə olduğunu özüm üçün dəqiqləşdirdim. Mənə nə haqla hökümət haqqında tənqidi yazılar yazdığımı soruşdular. İlk dəfə polis bölməsində gördüyüm 2 polis leytenantı guya həmin gün binamızın qarşısında onların qanuni tələblərinə tabe olmadığım və polis əməkdaşlarının ünvanına nalayiq sözlər söylədiyim haqda raport yazmışdılar. Protokolu imzalamaqdan imtina etdim və izahatda ittihamın siyasi sifariş olduğunu qeyd etdim. Bir daha bildirmək istəyirəm ki, əslində polisə qarşı heç bir qanuna zidd əməl törətməmiş və “üzümə duran” polis əməkdaşlarını ilk dəfə polis bölməsində görmüşdüm. Həbsim siyasi fəaliyyətim ilə əlaqədardır. Ancaq, belə cılız hərəkətlərlə məni yolumdan döndərə bilməyəcəklər. Əqidəmdə israrlıyam”.

Məhəmməd Mirzəli də həbsinin  siyasi sifariş olduğunu və hakimiyyətin zəifliyini göstərdiyini bildirdi:

“20 sutkalıq həbsimin siyasi sifariş olduğunu bilirəm. Bu həbs müddəti mənim üçün cənnət  həzzi oldu. Çünki, haqq sözü dediyimə görə həbs olunmuşdum. Mən bundan sonra da düz bildiyim yolda addımlayacam. Biz  sona qədər mübarizəmizi davam etməliyik. Məni yalnız valideynlərimə görə narahat idim.  Mənə deyirdilər ki, valideynlərin bizə yalvarır və sənin bu yoldan çəkilməyini istəyirlər. Amma mən buna aldanmadım. Biz kasıb ailə olsaq da, mərd adamlarıq. Bundan sonra da hər hansı təzyiqlər olarsa, buna hazıram. Birdə ki, mən namaz qılan adamam. Söyüş söymək, ictimai yerdə əsayişi pozmaq mənim üçün yad işlərdi. Mən bütün gəncləri mübarizəyə çağırıram”.

Akif