“İsa Qəmbərin belə vəziyyətdə susqun qalması doğru deyil”

Tofiq Yaqublu: “Partiya rəhbərliyi qəbul etməlidir ki, bu qədər adamla hədə tonunda danışmaq vəziyyəti ancaq pisləşdirə bilər”

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu qızı Nigar Yaqublu ilə telefon danışığı zamanı partiyada baş verənlərə münasibət bildirib. “Musavat.com”un məlumatına görə, o deyib ki, qurultaydakı seçkilərin nəticələri ciddi narazılıq doğursa da, onları qəbul edib razılaşmaq lazımdır: “Ancaq partiya rəhbərliyi durumun kritik olduğunu nəzərə alaraq çox düşünülmüş addımlar atmalıdır. Bu bir reallıqdır ki, partiyada narazı tərəfin nisbəti təxminən yarı-yarıyadır. Ancaq nizamnamədə fraksiya haqqında heç nə yazılmadığını dəstavüz edərək qarşı tərəfi pozuculuqda ittiham etmək səhv mövqedir.

Narazı olanların fraksiya şəklində rəsmiləşdirilməsini o qədər də vacib saymıram. Məgər nizamnamədə Mərkəzi İcra Aparatı haqqında bir şey yazılmışdı? Amma bu qurum faktiki olaraq partiyanı idarə edirdi. Belə çıxır ki, nizamnamədə nəzərdə tutulmayan bir qurum yaradıb partiyanı idarə etmək olar, amma eyni fikirli adamların bir mövqedən çıxış etməsini sadəcə olaraq konstatasiya edən bir frazanı işlətmək olmaz. Axı xeyli partiya üzvünün bir mövqedə olması faktı ortadadır. Onsuz da onlar birgə fəaliyyət göstərirlər, toplaşaraq atacaqları addımları müəyyənləşdirir və uzlaşdırırlar. Tutaq ki, fraksiya yaradılması qadağan edildi, məgər həmin adamlar fikirlərini dəyişəcəklər?

Qəbul etmək lazımdır ki, burada söhbət Mərkəzi İcra Aparatı kimi nizamnamədə nəzərdə tutulmayan nəsnənin yaradılmasından yox, artıq mövcud olan nəsnənin adlandırılmasından gedir. Bəlkə də fraksiyanı rəsmiləşdirib Müsavat Partiyasının növbəti ilkə imza atmasını təmin etmək olar. Mən bu fikri reallığı nəzərə alıb deyirəm.

Ən yaxşısı o olardı ki, partiya daxilində tərəflərə bölünmə olmayaydı. Amma təəssüf ki, bu var. Partiya rəhbərliyi qəbul etməlidir ki, bu qədər adamla hədə tonunda danışmaq vəziyyəti ancaq pisləşdirə bilər. Çıxış yolu kimi demokratik ölkələrin parlamentlərində koalision hökumətlərin yaradılması zərurətini və qaydasını göstərə bilərəm. Partiya rəhbərliyi əks tərəfi dialoqa çağırmalı və partiyadaxili konsensusu saxlayacaq şəkildə “portfelləri” bölüşdürməyi təklif etməlidir. Parlament seçkisinə bir ildən də az vaxt qalır. Əgər partiyadaxili sülh əldə edilməsə, Müsavat Partiyasını seçkilərdə rüsvayçı məğlubiyyət gözləyir. İsa Qəmbərin belə bir vəziyyətdə susqun qalması doğru seçim deyil. O, nüfuzundan istifadə edərək, tərəfləri danışığa və barışığa dəvət etməlidir”.

Tofiq Yaqublu 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-cu ildə, İsa Qəmbərin dönəmində partiya başqanının müavini təyin olunub. 2014-cü il sentyabrın 27-də keçirilən qurultay ərəfəsində o, başqanlığa namizəd Qubad İbadoğluya dəstək verib. Sentyabrın 30-da yeni başqan Arif Hacılı Tofiq Yaqublunu özünə müavin təyin edib.