Əliyevə kədərli dəstək

Yaxud «Eurovision» söhbətləri davam edərkən…

Azərbaycanlı cütlüyün “Eurovision”dakı qələbəsi ətrafında mənasız “sevinib-sevinməmək” polemikası davam edir. Burada anlaşılan yeganə məqam odur ki, Azərbaycan hakimiyyəti bu qələbədən itirilmiş reputasiyasına bəzi qatqılar etmək istəyir. Bu görünür və pislənilir. O məntiqlə ki, indiki qələbəni gənclərə qayğı kimi təqdim etmək o deməkdir ki, heç də pis ifa etməyən bundan əvvəlki ifaçılara diqqət və qayğı olmayıb. Elə isə sual yaranır: niyə onlara diqqət və qayğı olmayıb ki, qalib gəlsinlər?
Bu sui-istifadə təbii ki, qələbəsi mənimsənilmiş ifaçılar tərəfindən də pis qarşılanır. Onlar bunu ifadə etməsələr də. Amma anlaşılmayan odur ki, bizim ziyalı gənc dostlarımız nədən qələbəsi oğurlanana deyil, oğruya kömək edirlər. Məsələn, bu qələbəni Iham Əliyevin adına yazmaq elə onun xidmətlərini etiraf etmək, bununla da ifaçı gənclərimizə haqsızlıq etmək deyilmi? Lap onlar gedib YAP-a üzv olsalar belə…
Bu ölkədə nəyin necə baş verdiyi kimə aydın deyil ki?! Amma indi cəmiyyəti Avropanın ölkəyə olan diqqətinə səfərbər edərək, ölkədə siyasi mədəni estetik dəyişikliklərin baş verməsinə hazırlamaq əvəzinə, xalqın övladlarının halal qələbəsini kimlərinsə ayağına möhürləmək nə qədər ağıllı və düzgün mövqedir? Ya taxtanı mismara, ya mismarı taxtaya…
Hər ikisində nəticə eynidir. Ona görə də “bu qələbəyə sevinmirəm” demək, elə Ilham Əliyevin dediyini başqa cür təsdiqləməkdir. Halbuki, bu qələbə Ilham Əliyevin uzun illərdir Avropaya verdiyi “Azərbaycanlılar hazır deyil” mesajına cavabdır.

Seymur Həzi