Ümidi kreditə qalanlara bəd xəbər

«Problemli kreditlərin artmasına səbəb sosial-iqtisadi vəziyyətin ağırlığı, vətəndaşların yoxsulluq səviyyəsinə çatmasıdır»

Məhəmməd Talıblı: «Istehlak kreditləri gəlirlik səviyyəsi yüksək olmayan qrup üçün nəzərdə tutulmalıdır»

Azərbaycanın Mərkəzi Bankı kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutur. Bunu bir neçə gün əvvəl Mərkəzi Bankın baş direktoru Rəşad Orucov açıqlamasında bildirib. Onun sözlərinə görə, Mərkəzi Bank bu ilin əvvəlindən istehlak kreditləşməsi ilə bağlı müəyyən tənzimləyici addımlar atıb:

“Nəticə də bundan ibarətdir ki, artıq istehlak kreditlərinin artım dinamikası iki dəfə aşağı düşüb. Ipoteka kreditlərini istisna etsək, istehlak kreditləri ilin əvvəlindən təxminən 10 faiz artıb. Yəqin ki, biz ilin sonuna qədər əlavə tənzimləyici addımlar atacağıq. Biz bu addımların banklarda istehlak kreditləşməsinin dinamikasına bir qədər də azaldıcı təsir göstərəcəyini gözləyirik”.

Rəşad Orucov qeyd edib ki, əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsi olacaqdır. Bu tələbdən sonra hər bir şəxs sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcək: “Yəni insanların gəlirləri onların borc yükünə uyğun olmalıdır. Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını komfortlu şəkildə ödəsinlər. Əsas tələb bu istiqamətdədir. Hər bir şəxs kredit götürərkən aylıq gəlirlərinə və onun hər ay borcların ödənilməsinə nə qədər yönəldə biləcəyinə baxılacaqdır. Məsələn, vətəndaşlar aylıq gəlirinin 50 faizədək hissəsini bütün borclarının ödənilməsinə yönəldə biləcəklər. Mərkəzi Bankda hazırda müxtəlif variantlara baxılır. Ən normal göstərici 40-50 faizdir”.

MB rəhbərliyinin verdiyi açıqlamadan da görünür ki, ölkədəki problemli kreditlərin sayının hər ötən il artması vəziyyəti qəlizləşdirməkdədir. Bəs irəli sürülən təşəbbüs problemli kreditlərin sayının aşağı salınmasına yardım edə bilərmi?

Iqtisadçı Məhəmməd Talıblının fikrincə, Mərkəzi Bank tərəfindən belə şərtlərin irəli sürülməsi ümumi kredit portfelində problemli kreditlərin sayının artımının qarşısını almağa hesablanıb. MB-nin problemli kreditlərdən can qurtarmaq üçün alternativ variantlar tapmağa çalışdığını deyən M.Talıblı vurğuladı ki, MB-nin belə sürətlə siyasət həyata keçirməsi Kollektiv Şirkətlərin meydana çıxmasına gətirib çıxardı: “Əvvəllər Azərbaycanda problemli kreditlərin səviyyəsi çox aşağı idi. Amma hazırda bu göstərici 6-7 faiz civarında dəyişir. Bu isə o deməkdir ki, biz sürətlə təhlükəli həddə yaxınlaşırıq. Mərkəzi Bankın yüksək kateqoriyalara, sosial qurumlara istehlak kreditlərini verməsinə gəlincə, bu, doğru yanaşma deyil. Çünki müəyyən yüksək təminatı olan şəxslər, demək olar, istehlak kreditlərini istifadə etmir. Onlar ən yaxşı halda biznes kreditlərindən istifadə edə bilər. Biznes kreditlərinin şərti isə istehlak kreditlərinin şərti qədər yumşaq deyil. Eyni zamanda onları uzun müddətə götürmək üçün girov qoyulmasına ehtiyac yaranır. Belə bir vəziyyətdə hardasa bu qərarı anlamaq olar”.

Istehlak kreditlərindən istifadə edənlərin əsasən vacib, zəruri xərclərini qarşılamaq üçün bu addımı atdığını deyən M.Talıblı vurğuladı ki, bu halda bu təbəqə üçün əlçatanlıq dərəcəsi xeyli çətinləşir. Çünki istehlak kreditlərinin alınmasında prosedur əlçatan olmalıdır: “Istehlak kreditlərinin bu dərəcədə artmasında çoxlu sayda bank institutlarının rolu da təsir edə bilər. Amma burada daha çox rol oynayan şərtlər sosial-iqtisadi vəziyyətin ağırlaşması və vətəndaşların yoxsulluq səviyyəsinə çatmasıdır. Bu vətəndaşlarımız nəticədə kredit götürməklə üz-üzə qalırlar. Vətəndaşlarımız eyni zamanda iş yerlərini itirdiklərinə, gəlirləri azaldığına görə bu kreditlərdən istifadə etməli olurlar”.

M.Talıblı vurğuladı ki, istehlak kreditləri gəlirlik səviyyəsi yüksək olmayan qrup üçün nəzərdə tutulmalıdır. Gəlirləri yüksək olan vətəndaşların isə, ümumiyyətlə, istehlak kreditlərinə ehtiyacı olmur.

Xəyal