Arıf Hacılı narazıları hakimiyyətə işləməkdə suçladı

“Bizimlə televiziya kanalları, bəyanatlar vasitəsi ilə danışmayın”

Müsavatda sonuncu qurultaydan sonra rəhbərliklə narazılar arasında qarşıdurma davam edir. Bir neçə gün qabaq 18 nəfər tanınmış müsavatçı partiyada rəhbərliyə etiraz edən bəzi üzvlərin cəzalandırılmasına qarşı sərt bəyanat vermişdi. Müsavat başqanı Arif Hacılı facebook səhifəsində bu bəyanata münasibət bildirərək onu imzalayanlara qarşı müəyyən ittihamlar səsləndirib.

“Kimin mənə nə sözü varsa gəlsin, görüşsün, sözünü desin, iradını bildirsin. Açıq qapını sindirmağa nə ehtiyac var?!
Qubad İbadoğluna 3 dəfə, özü də müəyyən saatda yox, gün ərzində görüşməyi təklif etmişəm. Bir dəfə xaricdə, iki dəfə isə daha vacib işləri olduğu üçün gələ bilməyib.

Siyahıda adları olanlardan bəziləri ilə (söhbət bəyanat müəlliflərindən gedir – red.) görüşmüşəm, bəzilərini şəxsən görüşə dəvət etmişəm. Bəziləri hətta Divanın qərarı ilə bizimlə görüşməkdən rəsmi imtina edib. Siyahıda fədakar patriya üzvləri ilə yanaşı Müsavatda aylarla, hətta illərlə görünməyən, indi bu siyahıda elan etdikləri vəzifələrə aid funksiyaları uzun müddət yerinə yetirməyənlərin də adları var. Onların illərlə cəmiyyətdə baş verən dəhşətlərə susqunluqla yanaşdıqları halda indi yox yerdən problem uydurub, qətiyyətlə üzərimizə gəlmələrinin motivləri mənə məlum deyil. Bununla belə onlarla da görüşüb mövqelərini dinləməyə hazıram.

Bir dəfə də demişəm, yenə təkrar edirəm. Mənim mühafizəçilərim və normalaşdırılmış qəbul saatlarım yoxdur. Sözünüz varsa, gəlin, sözünüzü deyin. Bizimlə televiziya kanalları, bəyanatlar vasitəsi ilə danışmayın”, – deyə Müsavat başqanı yazıb.

Arif Hacılı facebook səhifəsində daha bir qeydlə Müsavatdakı narazıları hakimiyyətin ssenarisi ilə hərəkət etməkdə suçlayıb.

“Hakimiyətin sərəncamında olan məhdudiyyətsiz resurslar hesabına bu gün Azərbaycanın demokratik inkişafı uğrunda mübarizə aparan qüvvələrlə irtica arasında mübarizənin bir xətti də müxalifətin içindən keçir. Biz daxili mübarizələrə, bir-birimizlə vuruşmağa məhkum edilmişik.

Son zamanlar bu prosesə hakimiyyətin nəzarəti altında olan televiziya kanalları da daxil olmaqla, əlavə resursların cəlb edilməsinin səbələri çox sadədir. Müsavatın qurultaydan parçalanmış yox, əksinə güclənmiş çıxması, bizim təşkilat və müxalifət daxilində stsabillik yaratmaq, buradakı mübarizə xəttini ləğv etmək cəhdlərimiz hakimiyyətin ssenarisini pozur”, – deyə Müsavat başqanı ad çəkmədən partiyadakı narazıların mediada çıxışlarına qiymət verib.

azadliq.info