«Nabucco West» və «South Stream» rəqabət dövrünü keçdi
“Turan” agentliyinin Azərbaycan prezidenti Ilham Əliyevin noyabrın 10-11-də Macarıstana işgüzar səfərinin əsl səbəbləri haqqında proqnozu iki ölkə arasında imzalanmış Mərkəzi Avropaya qaz nəqlinin təşkilini nəzərdə tutan strateji tərəfdaşlıq haqqında bəyannamədə əksini tapıb.
Əliyevin Macarıstan paytaxtına gəlişindən əvvəl tərəflər səfərin səbəbləri haqqında heç bir məlumat vermirdilər. Bu səfər yalnız növbəti nəzakət addımı kimi təqdim edilirdi.
Agentlik danışıqlarda diqqət mərkəzində olacaq əsas mövzulardan birinin 2013-cü ilin iyununda Transadriatik qaz kəməri – TAP marşrutu (Türkiy-Yunanıstan-Italiya) seçildikdən sonra dondurulmuş “Nabucco West” (Türkiyə, Bolqarıstan, Macarıstan, Çexiya, Almaniya) qaz kəmərinin tikintisi layihəsinin olacağını istisna etmirdi.
Indi bəyannamə, demək olar, bir müddət əvvəl ekspertlərin və siyasətçilərin dəfn etdiyi, kommersiya layihəsindən daha çox siyasi layihə kimi təqdim edilən “Nabucco” layihəsini yenidən canlandırır. “Nabucco West” layihəsi 1300 kilometrlik qaz kəmərinin tikintisini nəzərdə tutur. Başlanğıc nöqtəsi Bolqarıstan və Türkiyə sərhədi, son nöqtəsi isə Avstriyanın Baumqarten şəhəridir. Qaz borusu üçün əsas xammal mənbəyi Azərbaycanda yerləşmiş “Şah Dəniz” yatağının ikinci mərhələsində çıxarılacaq qaz olmalıdır. Layihənin səhmdarları FGSZ (Macarıstan), OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), Botas (Türkiyə), Transgaz (Rumıniya) RWE (Almaniya) şirkətləridir.
“Nabucco West”in, daha doğrusu Bolqarıstan-Macarıstan və ondan sonrakı hissənin 2019-cu ildən sonra, layihəyə əsasən TAP-ın, habelə Rusiyanın “Cənub axını” kəmərinin işə salınmasından sonra istismara veriləcəyini gözləmək olar.
“Bu gün mövcud olan müqavilələr Azərbaycan enerjisinin yalnız Cənubi Avropa üçün daxil olmasına zəmanət verir. Yaxın illərdə Azərbaycan qazının Avropanın mərkəzinə qədər gedib çatması üçün şərait yaratmalıyıq. Buna nail olmağın yeganə yolu qonşu ölkələrin qaz kəmərlərinin inteqrasiyasıdır”, deyə baş nazir Viktor Orban bildirib.
Ilham Əliyevin sözlərinə görə, qazın Macarıstana qədər gedib çatmasını təmin edəcək marşurtlar arasında ya Bolqarıstan-Rumıniya-Macarıstan, yaxud da Balkan ölkələrindən keçərək, daha sonra Xorvatiyadan Bolqarıstana keçəcək Ion-Adriatik kəməri nəzərdə tutulur.
“RusEnergy” konsaltinq agentliyinin tərəfdaşı və analitiki Mixail Krutixin qeyd edirdi ki, “Nabucco”nun hər hansı şəkildə həyata keçirilməsi Türkiyə vasitəsilə Bolqarıstana ara kəmərlər tikiləcəyi halda mümkündür. Oradan artıq mövcud olan kəmərlər vasitəsilə qaz qonşu ölkələrə – Rumıniyaya və oradan Macarıstan vasitəsilə Avstriyaya daxil ola bilər. Bu mümkün olsa, “Nabucco” planlaşdırıldığı kimi fəaliyyət göstərəcək. Hər iki qaz kəməri Azərbaycan və Türkmənistandan qaz nəqlini nəzərdə tutur.
Rusiya “Nabucco West” qaz kəmərinin tikintisində maraqlı deyildi, amma indi məsələ o qədər də kəskin deyil, belə ki, dünən Macarıstan parlamenti Rusiya qazının Avropaya nəqlini nəzərdə tutan rəqib “South Stream” (“Cənub axını”) layihəsini təsdiq etdi.
Əliyev və Orban Budapeşt Bəyannaməsini imzaladığı gün Macarıstan prezidenti Yanoş Ader və Bolqarıstan prezidenti Rosen Plevneliyev Sofiyada ikitərəfli danışıqların yekunlarına dair keçirilən brifinqdə əminliklə “South Stream” qaz kəməri layihəsinin həyata keçirilməsi zərurətindən bəhs ediblər.
Budapeştdə və Sofiyada eyni gündə diqqətin iki rəqib layihə üzərində cəmləşməsi “Nabucco West” və “South Stream” layihələrinin gələcəkdə Rusiya, Mərkəzi Asiya və Azərbaycanda Avropaya doğru hərəkət edən vahid qaz axını şəbəkəsində birləşəcəyi haqqında nəticə çıxarmaq üçün əsas verir. Həm də tədarükçü və istehlakçı ölkələrin paytaxtlarında Avropa Enerji Təhlükəsizliyi Xartiyası çərçivəsində belə bir inteqrasiyaya etiraz etmirlər.
“Turan” Analitik Xidməti


