Dünyanın əksər ölkələrində insanlar təqaüdə can atır…
Azərbaycanda isə pensiya ilə dolanmaq aclığa bərabərdir
Hökumətin pensiya yaşını artıraraq 65-ə çatdırması əhalinin narazılığı ilə qarşılanıb. Artıq bu yaşdan sonra büdcədən maliyyələşən təşkilatlarda işləmək olmaz. Eyni zamanda gələn aydan orta pensiyaların 40% artırılacağı da nəzərdə tutulub. Beləliklə, işləmək hüququ əlindən alınan pensiyaçı təxminən 150 manatla yaşamaq məcburiyyətində qalacaq. Bu isə ölkədəki qiymətlərlə heç cür bir araya sığmır. Bəzi hallarda bu məbləğin böyük hissəsi yalnız kommunal xərclərin ödənməsinə sərf edilir. Rəsmilər, adətən, vətəndaşların maraqlarına zidd addımlarını beynəlxalq standartlarla əsaslandırır. Bəs hökumətin nümunə kimi göstərib təcrübəsinə əsaslandığı inkişaf etmiş ölkələrdə bu sahədə vəziyyət necədir?
Araşdırmalar göstərir ki, bir çox inkişaf etmiş ölkələrdə vətəndaşlar pensiya yaşına çatıb istirahət etməyə üstünlük verir. Buna səbəb isə dövlətin bu insanlara göstərdiyi qayğı və onlar üçün nəzərdə tutduğu imtiyazlardır.
Hansı ölkədə pensiyaya çıxmaq daha sərfəlidir?
Şübhəsiz ki, ən sərfəli pensiya sistemləri həyat səviyyəsi yüksək olan ölkələrdədir. Bu ölkələrin əksəriyyətində pensiyalar əmək haqlarına bərabər olur. Eyni zamanda pensiyaçılar üçün vergi imtiyazları da nəzərdə tutulur.
Niderlandda pensiyaçılar ümumiyyətlə, gəlir vergisindən azaddır. Bu ölkədə pensiyanın məbləği əmək haqqının təxminən 97%-ni təşkil edir.
Hazırda iqtisadi durumu ürəkaçan olmayan Yunanıstanda da bu sahədə vəziyyət xeyli yaxşıdır. Bu ölkədə pensiyalar əmək haqqının misli qədərdir. Işlədiyi müddətdə ölkədəki orta əmək haqqından az maaş alanların pensiyası isə əmək haqqının 114 faizini təşkil edir. Danimarkada işlədiyi müddətdə qazancı orta aylıq əmək haqqından az olanların pensiyası maaşının 130 faizini təşkil edir. Əmək haqqı yüksək olanlar isə pensiyaya çıxandan sonra da bu qədər pul alır. Qeyd edək ki, bu ölkədə illik orta əmək haqqı 34 min avrodur. Niderlandda bu göstərici 32 min, Lüksemburqda 30 min 220, Yunanıstanda 23 min 460 avrodur. Orta yaşı götürəndə Lüksemburqda pensiyaçı ömrünün sonuna qədər dövlətdən 470 min dollar, niderlandlı 370 min, yunan 305 min, danimarkalı isə 272 min avro pul alır. Eyni zamanda Danimarkada orta aylıq pensiya 2800, Finlandiyada 1900, Norveçdə 1550, Israildə 1350, Almaniyada 1200, Ispaniyada 1200, Isveçrədə 900, Isveçdə 850, Yaponiyada 720, Böyük Britaniyada 700, Fransada 700, Kanadada 670, Italiyada 560, Macarıstanda 400, Polşada 380, Litvada 300, Rusiyada 290, Bolqarıstanda 280 dollardan az ola bilməz.
ABŞ-da tənha pensiyaçı ayda minimum 900 dollar alır. Həyat yoldaşı olanlar üçün isə 1500 dollar nəzərdə tutulub. Bu ölkədə pensiyaçılar üçün xüsusi imtiyazlar da var. ABŞ-da pensiyaya çıxan şəxs aldığı vəsaitlə nəinki ölkəsində firavan yaşaya, hətta xarici ölkələrin, o cümlədən Avropanın kurortlarında dincələ bilir.
Onu da qeyd etmək yerinə düşər ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə Azərbaycandan fərqli olaraq pensiyaçılara işləmək qadağan edilmir. Bu qərarı onlar özləri verir. Işlədiyi yerə və dövlətinə fayda verəcəyini düşünən hər bir şəxs istədiyi müddətə qədər çalışa bilər.
Ərəb ölkələrində pensiya nə qədərdir?
Neftlə zəngin ərəb ölkələrində də pensiyaçıların işləməsinə qadağa yoxdur. Ancaq yaşlı ərəblər buna ehtiyac görmür. Çünki aldıqları vəsait onların yaşaması üçün artıqlamasilə kifayət edir. Məsələn, BƏƏ-də 2800 dollardan aşağı pensiya yoxdur. Ölkədə qiymətlərin çox aşağı olmasını nəzərə aldıqda bu məbləğ kifayət qədər yüksəkdir. Bəhreyndə isə kişilər 20, qadınlar isə 15 il işləyəndən sonra yaşından asılı olmayaraq pensiyaya çıxır. Bu ölkədə minimal pensiya 400 dollardan artıqdır. Küveytdə isə minimal pensiya 700 dollardır. Digər ərəb ölkələri kimi burada da qiymətlər çox ucuz, bir çox xidmətlər isə pulsuzdur. Bu səbəbdən də pensiya yaşına çatandan sonra işləmədən yaxşı yaşamaq üçün bu məbləğ kifayət edir. Baxmayaraq ki, qanun pensiyaçılara işləməyi qadağan etmir.
Pensiyaçılar üçün imtiyazlar
Azərbaycanda əhalinin bütün təbəqələri kimi pensiyaçılar üçün də heç bir imtiyaz nəzərdə tutulmayıb.
Baxmayaraq ki, Avropa və ABŞ-la yanaşı başqa ölkələrdə də pensiyaçılar müxtəlif imtiyazlardan istifadə edə bilir.
Məsələn, Ekvadorda harada çalışmasından və nə qədər pensiya almasından asılı olmayaraq yaşı 65-dən yuxarı olanlar nəqliyyatdan istifadəyə görə digərlərindən iki dəfə az ödəniş edir. Bəzi aviaşirkətlər isə bu insanlar üçün Avropa və Şimali Amerika reyslərinə endirimlər edir.
Panamada isə pensiyaçıların, hətta əyləncə üçün də imtiyazları var. Belə ki, bu ölkədə onlar üçün kino, teatr, restoranlarda, nəqliyyatda, həmçinin tibbi xidmətlərdən istifadədə böyük endirimlər var.
Meksikada da yaşı 60-dan yuxarı olanların hamısı xüsusi dövlət proqramına güvənə bilər. Bu ölkədə də yaşlı nəslin nümayəndələri kinotearlardan tutmuş xəstəxanalara qədər hər yerdə imtiyazlardan istifadə edə bilər. Hətta bu proqramdan daimi yaşamaq üçün vizası olan əcnəbilər də istifadə elə bilər.
Bu siyahını uzatmaq da olar. Lakin buna ehtiyac yoxdur. Çünki hər sahədə olduğu kimi, pensiya məsələsində də Azərbaycan bir çox ölkələrdən geridədir. Ən acınacaqlı hal isə odur ki, ölkəmiz nəinki inkişaf etmiş ölkələrə çatmaq istəmir, hətta get-gedə onlardan uzaqlaşır.
Fizzə Heydərli



