b.esed2

Bəşər Əsədə qarşı cəbhə genişləndi

Suriya diktatoru sanksiyalardan qorxuya düşüb

Suriyada gərginlik davam edir. Ölkə müxalifəti suriyalıları Bəşər Əsəd rejiminə qarşı ümumxalq tətilinə başlamağa çağırıb. Suriyanın sərhəd şəhəri Təl Kəlakda təhlükəsizlik qüvvələrinin hakimiyyətə qarşı etirazları yatırmaq məqsədilə həyata keçirdiyi xüsusi əməliyyatlar zamanı 27 nəfər həlak olub.Yayılmış xəbərlərdə o da qeyd olunur ki, ordu tank və zirehli texnikalardan şəhər sakinlərini atəşə tutub. Şəhəri tərk edən sakinlərin sözlərinə görə, hökumət qüvvələri Təl Kəlakda küçəyə çıxan hər kəsi hədəfə alıb. Evlər tank atəşinə tutulub.

Dərhal istefa verməsi tələb olunan Suriya prezidenti Bəşər Əsəd etiraz aksiyalarına hökumət qüvvələrinin sərt müdaxiləsinə münasibət bildirib. Onun sözlərinə görə, polis və ordu birləşmələri aksiyalara müdaxilə edərkən səhvə yol veriblər.

Ekspertlərin fikrincə, Əsədin bu açıqlaması onun hakimiyyətdən gedəcəyilə bağlı ciddi narahatlıq keçirdiyini göstərir. Suriya hakimiyyəti ABŞ və Avropa Birliyinin əlavə sanksiyalarının daha sərt və geniş miqyaslı olacağını bilir və buna görə də etirafedici açıqlamalar verir.ABŞ-da səfərdə olan Avropa Birliyinin ali komissarı Ketrin Eşton dövlət katibi Hillari Klintonla görüşü zamanı Suriyadakı hadisələri müzakirə edib. ABŞ rəsmisi avropalı həmkarına Bəşər Əsəd rejiminə qarşı yeni addımların atılacağını söyləyib.

Atılacaq addımların məzmunu barədə məlumat vermək istəməyən Ketrin Eşton Suriyaya qarşı əlavə iqtisadi və hərbi sanksiyaların qəbulunu istisna etməyib.Hillari Klinton və Ketrin Eşton jurnalistlərə açıqlamalarında Əsəd rejiminin islahatlara dair vədlərini yerinə yetirmək vaxtının çoxdan çatdığını söyləyiblər. ABŞ-ın dövlət katibi bildirib ki, Bəşər Əsəd islahatlar haqqında danışsa da, əməlində qəddar zorakılıqlar nümayiş etdirir. Avropa Birliyinin rəsmisi də Suriyada nümayişçilərə qarşı zorakılıqlardan ciddi narahatlıq keçirdiyini söyləyib.

Ağ ev administrasiyasından yayılan açıqlamada da bildirilib ki, ABŞ və Avropa Birliyi Suriya hakimiyyətinin insanlara qarşı zorakılığını dayandırması üçün qarşıdakı günlərdə birgə şəkildə daha ciddi addımlar atacaq.

Bundan başqa, Isveçrənin Federal Şurası Suriyaya qarşı sanksiyaların tətbiqi haqda qərar qəbul edib. Bu gün qüvvəyə minən sanksiyalar Suriyaya silahların, həmçinin hökumət əleyhinə hərəkatın yatırılmasında istifadə oluna biləcək materialların verilməsinə qadağanı nəzərdə tutur.Suriyaya qarşı maliyyə qadağaları və ölkənin hakim rejiminin 13 nümayəndəsinin Isveçrəyə gediş-gəlişinə də məhdudiyyət tətbiq olunub.

Informasiya şöbəsi