Ziyafət Əsgərov Avropanı “nakişi” adlandırıb. “Onsuz da beynəlxalq aləmdə kişilik qalmayıb”,- Əsgərov elə beləcə də deyib.Haqq eləyib. Düppədüz deyib. Niyə deməsin də? Azərbaycan kimi insanpərvər və erkək dövlətlərin hər birinin öz Əsgərovu var və kimsəyə sirr deyil ki, bütün o cür Əsgərovların hamısı da eyni fikirdədi: – Avropa nakişidi.
Bu, həmin Avropadı ki, sadə vətəndaşların, alim və ziyalıların yaşadığı evləri “qəzalıdır” adıyla söküb küçələrə tökürlər. Yerində özləri üçün göydələnlər, mənasız bulvarlar, parklar salırlar. Məqsədləri də Avropanı daha yaraşıqlı, camaatın istirahətini isə daha mənalı eləmək deyil. Sadəcə, nakişilik üçün meydan yaratmaq.
Bu, həmin Avropadı ki, demokratiya deyir, peyğəmbər demir, ama iqtidara qarşı gələnləri, onu tənqid edənlərin dərisini dabanından çıxarır. Baş nazirlərə, prezidentlərə gözün üstə qaşın var deyənlərin yeddi arxadönənini qəbirdən çıxarırlar, sağ qalanlarını tutduğu vəzifədən. Bizneslə məşğul olanların mülklərini əllərindən alır, sökür, dağıdır – bir sözlə, itaət, yaltaqlıq tələb eləyirlər. Indi gəlin, əyri oturub, düz danışaq – biçarə Əsgərov bunlara nakişi deməsin, neynəsin?
Sərbəst toplaşmaqdan danışırlar. Ancaq ən kiçik qruplarda belə, küçələrə çıxıb aksiya keçirənləri tutub qoduqluğa basırlar. Xalqın istirahət hüququnu pozursunuz deyirlər. Adamların qol-qıçını qırır, ağız-burnunu dağıdır, aksiyaları amansızlıqla dağıdırlar. Belə vəhşiliklər təkcə polisin gücünə deyil, mülki geyimli oğru-quldurun, cinayətkarın, narkomanın, anasının əmcəyini kəsənlərin yardımıyla daha da vüsət alır. Dükan vitrinlərini, maşınların şüşələrini özləri qırıb yazıq aksiya iştirakçılarının üstünə atır, onlara cinayət işi açır və həbs eləyirlər. Azərbaycan kimi demokratik dövlətlərdən bu tip vəhşiliklərinə təpki və tənqid görəndə isə, vay-şivən qoparır, tumanlarını başlarına geyir və ölkəmizi təhqir eləyirlər. Bundan sonra Avropaya kişi deyənin nəsli kişi deyil!
Elə bil bu, həmin Avropa deyil ki, iqtidarlarının sitəmindən, zülmündən, işgəncəsindən minlərlə avropalı baş götürüb bizim ölkəmizə qaçaraq, xeyirxah hakimiyyətimizə sığınmayıb. Biz o siyasi mühacirlərə qucaq açmasaydıq, indi hamısını çarmıxa çəkib, şaqqalarını itlərə yem eləmişdilər. Bu o Avropadı ki, bir dənə kişi kimi şəffaf, demokratik seçki keçirməyib. Seçkilərdə nə biqeyrətlikdən desən çıxıblar, qutuları doldurublar saxta bülletenlərlə, yalançı müxalifət düzəldib, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan kimi dövlətlərin gözünə kül üfürüblər. O birilərini bilmirəm, şəxsən bizim dövlət heç vaxt kişiliyinə sığışdırıb o cür seçkilərə demokratik deyə bilməz – istəyir Avropa ayaqlarımızı yalasın.
Axı bu o Avropadı ki, korrupsiya burulğanında can verir. Rüşvət əxlaq normasına, mentalitetə, milli kimliyə çevrilib. Adi yaşayış yeri haqda arayış üçün 2 avro almasalar, verməzlər. Bütün nazirləri, prezidentləri oliqarxdı. Dövlət büdcəsini infrastruktur adıyla talan eləyirlər. Tarixi abidələr sökülür, yerində yanacaqdoldurma depoları açılır, kitab dükanlarının profili dəyişdirilib qadın alt paltarları dükanına çevrilir, kitab oxuyana dəli kimi baxırlar, jurnalistləri şərləyib tutur, unitazlarına gizli kamera yerləşdirir, ciblərinə narkotika atıb həbs eləyir, maşın altda qoyub xürd-xəşil eləyir, kimini pulla satın alır, kimininsə içinə qorxu aparatı yerləşdirib susdururlar. Bu, hələ Avropanın nakişi hərəkətlərinin milyonda biridi.
Mayın 22-də Avropa Parlamentinin sədri Azərbaycana səfərə gələcək. O nakişini burada kim qəbul eləyəcək, ona əl verib görüşəcək, bilmirəm. Yaxşısı onu bura qoymamaqdı, yox, həyasızlıq eləyib gəlsə, ağız-burnunu pomidora döndərib yola salmaq lazımdı ki, bilsin kişi necə olur. Vəssalam!