Sosial, Siyasi və Bədii Rekviyem
«Dünyamı dəyişsəm, hamınızı bəri başdan yasıma dəvət eləyirəm, gözüm üstə yeriniz var»
Allah ömür versin, Vaqif Səmədoğlunun yasına mütləq gedəcəm. Deputatlığını və cazmenliyini çıxmaqla bir az şairliyindən, bir az dramaturqluğundan, bir balaca aktyorluğundan, daha çox şirin, məzəli, kaloritli söhbətlərindən xoşum gəldiyinə görə gedəcəm.
Səməd Vurğunun oğlu olduğuna görə gedəcəm o məclisə. Babam danışardı ki, hələ atam nənəmin qarnında olanda Səməd Vurğunun dəfninə gedibmiş. Yasa gələnlərin sayı bilinmirmiş, sıraların ucu-bucağı görünmürmüş. Adamlar şairin ölümünə Stalinin ölümündən çox ağlayırmışlar. Səməd Vurğun özü çağırmamışdı o adamları yasına. Ölümünü gözləmirmiş belə. Adamlar özləri gəliblər o yasa. Babam da durub Gəncədən Bakıya gəlib. O çağlar Səməd Vurğunu sevməyən yoxmuş. Şair də çoxmuş, yazıçı da, xalq sevgisində Səməd Vurğuna çatanı yoxuymuş. O vaxtdan yarım əsrdən çox keçib. Səməd Vurğunun kiçik oğlu Vaqif qardaşı Yusifi yola salıb, atasının ölüm yaşını arxada qoyub. 75-i adlayıb. Son illər amansız xəstəlik onu yaman yerdə yaxalayıb. Vaqif Səmədoğlu xəstəliyinin əlacsız olduğunu bilir və hökumət nə qədər dəstək versə də, ölümün qaçılmaz olduğunu qəbul edərək son gününü gözləyir. Adam təzə kitabının tanıtımında hamını kimlərinsə ucuzlaşdırdığı (yeməksiz) yas mərasiminə dəvət edib. Düzü şairin orijinallığı xoşuma gəldi. Bəlkə də içində yas çadırının boş qala biləcəyi qorxusu var. Nahaq yerə. Bizim millət yası toydan vacib bilir və ora gedir. Adamlar yasda dünyanın keçəri olduğunu anlayırlar. Mən də hamıdan biri olacam. Bakıdan Bakıya – Yasamaldan mərkəzə Vaqif Səmədoğlunun yasına gedəcəm. Plastik qapılı, yaraşıqlı çilçıraqlı, ağappaq, upuzun yas çadırına çağırılmış qonaq kimi ürəkli girəcəm. Gedəcəm düz yuxarı başa. Əli mikrafonlu mollanın danışığına fikir vermədən Vaqif müəllimin mağarın baş ucundakı şəklinə başımla “salam” verib, onun sağlığında ölüm gözləyən gözlərinə baxıb “xərçəng”in üzünə tüpürəcəm. Keçib səssiz-səmirsiz oturacam bir qıraqda. Başımı qaldırıb yanımdakıların üzünə belə baxmayacam. Vəzifə adamlarına, köhnə, təzə deputatlara, partiyabazlara, yaxşı, pis şairlərə, yazıçılara, abırlı-abırsız artistlərə, tanıyıb-tanımadığım qazaxlıların heç birinə salam verməyəcəm. Salamım ortalıqda qalar. Tanımadıqlarım gözünü qırpmaz, tanıdıqlarım “bunun burda nə işi var”- deyib ağız büzər. Desinlər. Nə olsun ki Vaqif Səmədoğlu ilə şəxsi tanışlığım yoxdu, kimsəni vecimə almayacam. Mən məclis yiyəsinin dəvətindən öz payını götürən qonağıyam. Limonlu çaydan qurtum-qurtum içib, gözüm tutsa bapbalaca boşqabdakı halvadan qaşıqlayacam. Halvanı kim çalacaq görəsən. Qazax halvası yeməmişəm. Mənim düyü ununun halvasından xoşum gəlir. Bir dəfə lənkəranlı məclisində yemişəm. Halvaya “əla” deməzlər, əlaydı. Bakılıların kəhrəba rəngli şipşirin umac halvası da ləzzətli olur. Gəncəlilərin zəfəranlı tər halvası da. Qubalılar da pis halva çalmır. Yəqin ehsan verilməyəcək. Əslində versələr, pis olmaz. Şair çörəyindən də dadardıq. Amma yox, Vəkilovlar ailəsi rəsmi qadağaları pozmaz.
Ikinci stəkandan sonra gözaltı gəlib gedənlərə baxacam. Görüm adamın özü olmayan yerdə sözünü saya salan olacaqmı?! Kimlər gələcək, kimlər gəlməyəcək. Məsələn, Əli Əhmədov birinci gələcək, ya Isa Qəmbər. Ev adamları onları necə qarşılayacaq. Məclisdə Müsavat havası olacaq, ya Yeni Azərbaycan? Oqtay Əsədov özü gələcək, ya adam göndərəcək? Siyavuş Novruzov yenə Mübariz Qurbanlı ilə qoşa gələcəkmi? Molla Mübariz müəllimi görəndə səsini qaldıracaq, ya endirəcək? Anarla Elçin bir masada oturacaqmı? Kimin başına daha çox adam yığışacaq? Anara, Elçinə yaltaqlananlar Vaqif Səmədoğlunun yasına gəldiklərini unutmayacaqlar ki? Səməd Vurğunun, ya Rəsul Rzanın, yoxsa Ilyas Əfəndiyevin adı daha çox çəkiləcək?
Toyunku oynamaq, yasınkı ağlamaqdır deyirlər. Şairin ailə üzvləri, doğmaları ağlayacaq, dostları özlərini kövrəlmiş kimi göstərəcəklər, amma mən ağlamayacam. Mən şairin qonağıyam. Adam özü-öz məslisinə qonaq dəvət edirsə, deməli, ölümə hazırdır. Bu dunyada yarımçıq işlərini bitirib, qıl körpüsü qorxusu yoxdur. O körpüdə duran “hansı partiyanın adamı” olur-olsun sorğusuz keçib gedəcək.
Vaqif Səmədoğlunun yasına mütləq gedəcəm. Kişi saya salıb bizləri məclisinə çağırıb. Ömrümdə ilk kəs əminliklə toya yox, yasa hazırlaşmağım Əzrayılın xoşuna gəlməsə belə gedəcəm o məclisə. Içəri girəndə, bayıra çıxanda “Allah rəhmət eləsin” deyəcəm. Ilk və son dəfə dəvətlə Vaqif Səmədoğlunun yasına getdiyimi ölənə qədər unutmayacam. Özüm qocalana yaxın gözlərim dolacaq. Şairin də – “Ay Allah, bircə arzum var: öləndən sonra tək olanda kiminsə yadına düşüm. Ağlamasa da, gözləri dolsun”- arzusu yerinə yetəcək.
Şairə “komsomol salamı ilə” Aydın Türkoğlu


