Belçikanın sədrlik dövrü Azərbaycana nə vəd edir?

Gültəkin Hacıbəyli: «Növbəti mərhələdə Azərbaycan hakimiyyəti ikitərəfli tənqidlərlə üzləşəcək»

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dönəmi başa çatdı. Elmar Məmmədyarov noyabrın 13-də Strasburqda sədrliyi Belçikaya təhvil verdi.

Təbii ki, bu sədrlik dönəmi Azərbaycanın imicinin daha da pisləşməsinə və hakimiyyətin avtoritar mahiyyətinin bütün dünyaya məlum olmasına xidmət etdi. Yəni bu sədrlik dönəmində belə, hakimiyyət heç bir məsuliyyət hiss etmədən repressiyaları gücləndirdi, antidemokratik idarəetməni prioritet elan etdi. Və bunun nəticəsində beynəlxalq qurumlar Azərbaycan hakimiyyətini tənqid atəşinə tutdu və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi təklifləri səsləndirildi.

Bir sözlə, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik dönəmindən istifadə edə bilmədik və Elmar Məmmədyarovun hansı hesabatı verəcəyi də məlumdur.

Ancaq, indi yeni dönəm başlayır və bu məsuliyyəti Belçika üzərinə götürür. Azərbaycandan fərqli olaraq Belçika demokratik bir ölkədir, dünyanın siyasi mərkəzlərindən sayılır və beynəlxalq qurumların qərarlarında öz imzası var.

Bəs, Belçikanın sədrlik dönəmi Azərbaycan üçün nə vəd edir? Bu ölkə öz siyasətində Azərbaycanın demokratikləşməsini prioritet elan edəcəkmi?

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli hesab edir ki, növbəti mərhələdə Azərbaycana qarşı ikitərəfli təzyiqlər olacaq və demokratiya məsələsi prioritet olaraq qalacaq: “Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdityi dövrdə belə, bu qurumun tənqidi mövqeyi, digər beynəlxalq qurumların kəskin bəyanatları aktual oldu. Azərbaycan sədrlik dönəmində bu münasibəti dəyişə bilmədisə, qarşıdakı mərhələdə daha çətin sınaqlarla qarşılaşacaq. Belçikanın mövqeyi kifayət qədər sərt olacaq və Avropa Şurasının mövqeyi ilə eynilik təşkil edəcək. Fərq ondan ibarət olacaq ki, Azərbaycan həm Avropa Şurasının Parlament Assambleyasının rəhbərliyinin, həm də Avropa Şurası Nazirlər Komitəsinin yeni rəhbərliyinin tənqidlərilə üzləşməli olacaq. Problemin çözülməsi üçün siyasi məhbusları azad etmək və demokratik islahatlar həyata keçirmək zəruridir. Azərbaycan könüllü şəkildə üzərinə öhdəliklər götürüb və bu öhdəliklər yerinə yetirilməlidir. Neftin qiymətinin kəskin aşağı düşdüyü, dini radikalizmin artığı bir dövrdə, ölkənin təhlükəsizliyinin yeganə zəmanəti, bütün sahələrdə demokratiyanın bərqərar edilməsidir”.

Ekspert onu da əlavə etdi ki, həlledici qərar xalqın mövqeyi olacaq: “Biz ölkədəki vəziyyətin dəyişməsini beynəlxalq qurumların fəaliyyətindən gözləməməliyik. Onlar tənqidi bəyanatlarla çıxış edəcəklər. Ancaq, məsələnin həllini tapması xalqın öz iradəsini ifadə etməsindən asılıdır. Xalq demokratik islahatları sosial tələb kimi ortaya qoysa, demokratiyanın tənətənəsi qaçılmaz olacaq. Yəni həlledici qərar xalqındır”.

Akif