«Iranla viza rejimi götürülsə, Azərbaycan Iranın içərisində əriyər»
Vəfa Quluzadə Ermənistan helikopterinin vurulmasının və Iran prezidentinin səfərinin pərdəarxası məqamlarını şərh etdi
Azərbaycanın Ermənistana məxsus helikopteri vurması Qarabağ münaqişəsinin yenidən gündəmə gətirib. Ekspertlər hətta tərəflərin əsəb müharibəsinə dözüm gətirməyəcəyi təqdirdə hərbi əməliyyatların yenidən alovlana biləcəyini vurğulayırlar. Çünki bundan əvvəl cəbhə bölgəsində atəşkəs xırda insidentdən böyüyərək, demək olar, idarəolunmaz hala çatmışdı. Hazırda baş verənlər də istisna deyil. Mövzu ilə bağlı bu və başqa sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq. Ilk sualımız isə cəbhə xəttində baş verən olayla bağlı oldu.
– Unutmaq lazım deyil ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Ermənistanla olan bu atəşkəs olduqca kövrəkdir. Proseslər istənilən an iki tərəfin müharibəsinə keçə bilər. Ona görə məsələlər olduqca ciddidir. Amma biz bu cür durumda yaşamağa öyrəşdiymizdən müharibə ilə bağlı situasiyanı qulaqardına vururuq. Azərbaycanda müharibə yalnız rayonlarda, kəndlərdə hiss olunur. Bakıda müharibə ab-havası duyulmur. Azərbaycan torpaqlarının işğal altında olmasından artıq doyub. Əhali torpaqların azad olunmasını istəyir. Azərbaycan Ermənistana qarşı cavab addımı atıb. Əgər biz Qarabağ üzərində uçuşsuz zona elan etmişiksə, buna riayət etməliyik və hər an da müharibəyə hazır olmaq lazımdır.
“Bir gün müharibə yenidən daha güclü alovlana bilər”
– Baş verən hadisə sıradan bir olay idi? Yoxsa baş verəni Azərbaycanın təxribata çəkilməsi saymaq olar?
– Baş verənlə bağlı müxtəlif fərziyyələr irəli sürmək olar. Bunun Rusiyanın təxribatı olduğunu, əvvəlcədən planlaşdırıldığını demək olar. Amma bir gün elə proseslər baş verə bilər ki, baş verənlərə nə Rusiya, nə də ABŞ müdaxilə edə bilməyəcək. Müharibə vəziyyətinin məntiqi budur ki, atəşkəs bir günə pozula bilər. Iyirmi iki illik atəşkəsin nəticəsi budur ki, bir gün müharibə yenidən daha güclü alovlana bilər. Bu isə artıq Qərb və Rusiya üçün böyük problemə çevriləcək.
– Beynəlxalq təşkilatlar tərəfləri sakit olmağa, təxribatlara getməməyə çağırırlar. Beynəlxalq aləmin mövqeyini necə dəyərləndirirsiniz?
– Beynəlxalq aləmin mövqeyi budur ki, müharibə yolu ilə məsələni həll etmək olmaz. Bu mövqeyi anlamaq olar. Çünki bu günləri qanlı müharibə olsa, yenə sülh müqaviləsi imzalamağa ehtiyac duyulacaq. Ona görə insanların həyatı niyə puç olmalıdır. Ondansa indidən danışıqlar yoluyla məsələni həll etməyə çalışmaq lazımdır. Amma problemi danışıqlar yolu ilə həll etmək imkanımız yoxdur. Çünki bu danışıq yolunu dəstəkləyənlər sülhün imzalanması üçün heç bir addım ata bilməyiblər. Zəruri şəraiti yarada bilməyiblər. Minsk qrupu yaradılıb. Amma bu təşkilat problemi həll etmək iqtidarında deyil. Minsk qrupunun təmsilçiləri gəlir dövlət başçısı ilə və başqa rəsmilərlə görüşür. Və görüşün nəticələri barədə məlumat verilmir ki, danışıqlar nə yerdədir. Tərəflər dəfələrlə sülhü imzalamağa yaxınlaşıblar. Amma buna imkan verilməyib. Istanbul sammiti ərəfəsində Ermənistan sülh imzalamaq istəyirdi. Lakin ölkənin parlamentində deputatlar güllələndi. Levon Ter-Petrosyan da mərhələli sülh təklif ediləndə razılaşdı və bunun nəticəsində postunu itirdi. Hazırda Qarabağ problemi Qərb-Rusiya qarşıdurmasından, Ukraynada baş verənlərdən də asılıdır. Hazırda Rusiya Ukraynada sərt addımlar atır.
“Helikopteri vuranın təltifi ziyanımıza ola bilər”
– Erməni helikopterini vuran hərbçimizin dərhal təltif edilməsi müxtəlif reaksiyalara səbəb oldu. Belə düşünülür ki, bu addım danışıqlar prosesində Azərbaycanın ziyanına işləyə bilər…
– Əgər danışıqlar varsa, o zaman bəli, Azərbaycanın ziyanına işləyə bilər. Amma danışıqlar olmayandan sonra nə ziyanımıza ola bilər. Paris görüşündən sonra Ermənistanın atdığı addımlara diqqət etmək lazımdır. Bəs bu addımlar danışıqlar prosesinə ziyan vurmurmu?
– Gündəmdə olan başqa mövzularla bağlı suallar vermək istərdim. Iran prezidentinin Bakıya səfəri oldu. Səfərin məqsədi ilə bağlı müxtəlif bəyanatlar verilib. Regionumuz üçün həsas olan bir məqamda bu səfərin pərdəarxası məqsədi nədir?
– Iran hazırkı dönəmdə Qərblə münasibətləri normalaşdırmağa çalışır. ABŞ-la Iranın apardığı danışıqlar sanksiyaların aradan qaldırılmasına hesablanıb. Bu səpkidə Iran Azərbaycanla da münasibətlərini normalaşdırmağa çalışır. Azərbaycanın Israil ilə münasibətləri, Xəzərdəki fikir ayrılığı hamısı arxa plana keçir. Ona görə də Iran Azərbaycanla əlaqələri də başqa səpkidən qəbul edir. Bu da bizim xeyrimizədir. Iran böyük dövlətdir. Bizim aramızda iqtisadi əməkdaşlıq, ticari əlaqələr var. Bunları inkişaf etdirmək mümkündür. Dünyadakı bu cür şəraitin yarandığı dövrdə Iranla Azərbaycan arasında mülayimlik mühüm məsələdir. Ona görə Iran prezidentinin Azərbaycana səfərini yüksək dəyərləndirmək lazımdır.
Iranın Qarabağla bağlı mövqeyi
– Hər iki dövlətin başçısının Qarabağla bağlı bəyanatları oldu. Ilham Əliyev bəyan etdi ki, Azərbaycan həmişə Iranın dəstəyini hiss edib. Amma Iran prezidenti öz növbəsində açıqlamasında bəyan etdi ki, Iran problemin sülh yolu ilə həllində maraqlıdır. Yəni ümumi sözlər deyildi və bu bəyanatların fonunda Iran bir neçə gün qabaq Ermənistanla dəmir yol xəttinin açılması ilə bağlı razılığa gəlib…
– Bu sadəcə olaraq diplomatik bəyanatlardır. Azərbaycanın ən böyük problemi sözsüz ki, Qarabağ məsələsidir. Iran vaxtilə Qarabağ probleminin həllində çox çalışıb. Rəfsəncani o zaman tərəflər arasında sülhə can atırdı. O zaman Rusiya buna Şuşanın işğalı ilə cavab verdi. Iran Azərbaycanın yeddi rayonu işğal olunan zaman Azərbaycan qaçqınlarına kömək edib. Amma Iran Azərbaycanı dəstəkləyirsə, bu o demək deyil ki, Iranla müharibə etməlidir. Iran böyük dövlətdir və o da hesab edir ki, məsələ sülh yolu ilə həll oluna bilər.
– Iran prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dilə gətirməyib. Bu məsələ bir qədər diqqət cəlb edir…
– Azərbaycanın ərazi bütövlüyünün tanınmasını bir çox dövlət dilinə gətirmir. Rusiya, Iran, ABŞ vaxtilə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hazırda Qarabağ danışıqları gedir və bu məsələ tez-tez vurğulanmır.
– Dövlət başçıları eyni zamanda Xəzərdə xarici dövlətlərin gəmilərinin üzməsinə qadağanın qoyulması ilə bağlı razılaşmanı da nəzərdə keçiriblər. Həştərxandakı bəyannamənin yenidən gündəmə gətirilməsi nədən xəbər verir?
– Bu məsələ hələ həllini tapmayıb. Ona görə də tərəflər arasında yenidən danışıqlar predmetinə çevrilib. Həştərxanda belə bir niyyət irəli sürülüb. Amma o hər hansı müqavilə ilə təsbitini tapmayıb. Düşünüəm ki, bu məsələyə Iranla Azərbaycan əlaqələri, Iran-Qərb münasibətləri kontekstində aydınlıq gətirilib. Bunu yalnız faydalı müzakirələr saymaq olar. Amma söyləmək olmaz ki, Azərbaycan Iranla Xəzərlə bağlı yeni razılığa gəlib.
“Dövlət başçıları siyasi məhbusları müzakirə edə bilər”
– Iran prezidenti bəyan edib ki, onların Azərbaycanla dini, məzhəbi bağları var və Iran bu əlaqələrdən münasibətləri daha səmərəli etmək üçün istifadə etmək niyyətindədir. Bu mesajı necə dəyərləndirmək olar?
– Danışıqlarda şübhəsiz ki, din məsələsi müzakirə olunub. Buna toxunmaya bilməzdilər. Çünki Iran Azərbaycana din eksportu etmək niyyətindədir. Amma Azərbaycan da bu niyyətlə razılaşmır və Iranın bu cəhdlərinə ciddi müqavimət göstərir.
– Hazırda inanclı kəsimin təmsilçiləri baxışlarına görə həbs olunublar və onlar artıq siyasi məhbus kimi tanınırlar. Dövlət başçılarının görüşündə bu məsələyə necə toxunula bilər?
– Iki prezidentin arasında bu məsələlər tam müzakirə oluna bilər. Amma prezidentlərin nə razılığına gəldiyini vaxt göstərəcək.
– Iran prezidenti Azərbaycan vasitəsilə Iranın Avropaya çıxa biləcəyini dilinə gətirib. Eyni zamanda da vurğulayıb ki, Azərbaycan da Irandan yararlanaraq okeanlara çıxış əldə edə bilər. Bu mesajı necə dəyərləndirmək olar?
– Bu, Iranın Qərblə yumuşalma siyasətinin bir hissəsidir. Iran həqiqətən də başa düşüb ki, Qərb texnologiyaları olmadan Iran irəli gedə bilməz. Çünki sanksiyalar Iranı gerilədib. Iran bu vəziyyətdən çıxmaq istəyir. Ona görə Iran çox arzu edərdi ki, Avropa ilə əlaqələri güclənsin və ortada inteqrasiya məsələləri olsun. Ona görə Iran tərəfi bu cür bəyanatlar verir. Iranla Azərbaycan arasında isə normal əlaqələr olsa, ölkəmiz bundan istifadə edərək dünya bazarlarına çıxa bilər. Bu əlaqələrin inkişafı Azərbaycanın xeyrinədir.
Viza rejimi ləğv edilə bilərmi?
– Iran Azərbaycanla viza rejiminin ləğvini gündəmə gətirib. Bildiyiniz kimi Iran viza rejimin ləğv etsə də, Azərbaycan bu qaydanı hələ də qüvvədə saxlayır…
– Azərbaycan Iran və başqa böyük dövlətlərlə viza rejimini ləğv etməyə tələsmir. Bu məsələdə Azərbaycanı anlamaq olar. Azərbaycan Iranla müqayisədə balaca dövlətdir. Əgər viza rejimi götürülsə, Azərbaycan Iranın içərisində əriyə bilər. Hərtərəfli əlaqələr inkişaf etdirilsə də viza rejimi yalnız Avropadakı ab-havanın regionumuzda olacağı təqdirdə mümkündür. Avropa dövlətlərinin hamısı, demək olar, eyni dəyərlərə xidmət edir. Eyni mədəniyyətə sahibdir. Artıq bütün Avropa xalqları bir xalq olmağa hazırdır. Amma Azərbaycan Iran və başqa region xalqları eyni dəyərlərə xidmət etmirlər. Eyni dəyərlər onları birləşdirmir. Üstəlik, siyasətlər, milli maraqlar fərqlənir.
– Eyni zamanda bəyan olunub ki, Iran-Azərbaycan münasibətlərinə üçüncü qüvvənin xələl gətirməsinə imkan verilməyəcək. Bu bəyanatı necə dəyərləndirirsiniz? Bu bəyanat Azərbaycanın Israil ilə olan münasibətlərinə işarə deyilmi?
– Azərbaycanla Israil müttəfiq deyil. Bu ümumi bəyanatdır. Çünki üçüncü dövlətlər sıradan ölkələr deyil. Üçüncü dövlətlər regionda böyük rol oynayan ABŞ, Rusiya və Avropadır. Bizim belə bəyanat qəbul etməyimizdən asılı olmayaraq onlar siyasətlərini davam etdirəcəklər.
Xəyal