Qədim yunanların “ikili standart”ı…

Bəli, Almaniyada keçirilən mahnı festivalındakı qələbədən ikicə gün sonra Bakıda yenə də “ikili standartlar”dan danışdılar. On səkkiz ildir ki, sərasər “ikili standartlar”dan bəhs edirlər. Bunlar başa düşmək istəmir ki, dünyada bir standart var – bu da insan haqları, demokratiya və qanunun aliliyidir! O yerdə ki, bu prinsiplər hansısa formada pozulur, həmin yer birmənalı tərzdə tənqidə məruz qalır. Indi belə yerlər çox da qalmayıb, Afrikada bir neçə ölkə və yaxud Asiyada bir neçə dövlət… Üstəlik, bu “ikili standartlar” söhbətinin bir zəif yeri də var. Bu yaxınlarda Azərbaycan Şərq Tərəfdaşlığı Parlament Assambleyası təşəbbüsünə dəvət almışdı. Belarus isə kənarda qalmışdı. Indi nə nəticə çıxaraq? Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti, yəni Belarusdakından yaxşıdır? Belaruslular bununla bağlı nə fikirləşərdi? Onlar deməzdimi ki, bu, “ikili standart”dır?! Deyər və özü də haqlı olardılar!Indi Avropa Şurasının Parlament Assambleyasının növbəti qətnaməsindən narazı qalıblar. Zira bircə detalı xatırladaq ki, Avropa Şurası həmin Belarusa qarşı on dəfələrlə, bəlkə də daha artıq sərt münasibət nümayiş etdirib! Indi onlar nə desin?! Nə etsinlər? Nə etmək lazım olduğunu Belarusa deyirlər, o, sadəcə, Azərbaycan kimi eşitmək istəmir. Beləcə vəziyyət mürəkkəb olaraq qalır, sadələşmir ki, sadələşmir! Bilirsiniz, ingiliscə mahnı da oxumaq, hətta beynəlxalq mahnı festivalında qalib gəlmək də olar, amma bu, hələ hər şey demək deyil, hələ çox şeyin avropalaşmasına ehtiyac var, xüsusən də dövlət adlı bir institutun! Biz hansı sistemdə yaşayırıq? Burada bərabərlik, ədalət, qanun, azadlıq varmı? Indi dünyada insanlar, xüsusən də musiqi həvəskarı olan gənclər Azərbaycan haqda informasiya toplamağa cəhd edir. Ölkə bu təqdimat sınağından necə çıxacaq? Bizim mədəni göstəricilərimizlə siyasi göstəricilərimiz necə uzlaşacaq? Təzadlarımızla dünyanın heyrətinə səbəb olmayacağıqmı? Bəli, çox şey olacaq. Heyrət də olacaq, tənqid də, təhlil də!

Biz hələ şükr etməliyik ki, bu siyasi sistemlə, bu ölkə ilə, bu qanun-qayda ilə bizi hələ boykot etmirlər! Şükr! Axı dünyada belə təcrübə də çox olub! 

Putin Xalq Cəbhəsi yaradır

Bu dünyanın qəribə işləri var. Bəli, bir vaxt rusların ən qorxduğu ifadə “Xalq Cəbhəsi” idi. O vaxtlar emissarlarını müttəfiq respublikalara göndərirdilər ki, bəs, Xalq Cəbhəsi yaratmayın, yox, əgər yaradırsınızsa, adını xalq cəbhəsi qoymayın! Indi özləri Xalq Cəbhəsi yaradırlar. Amma mən başqa vaxt sözün əsl mənasında sevinəcəm. Bilirsiniz nə vaxt? Ruslar milli cəbhə yaradanda! Bir vaxt siyasi gündəmdə rus respublikası çox hallanırdı. Amma yəqin təhlil edib gördülər ki, belə bir şey ruslara əsla sərf etməz! Onda böyük Rusiyada neçə şəhər, neçə kənd qalar?! Məsələ də bundadır…

Mən Putinin yeni ideya cəhdini artıq bir yerdə təhlil etmişəm, ona görə də təkrar etməyəcəm. Bircə detalı qeyd edəcəm. Bu gün Rusiya üçün ən böyük təhlükə Putinin reytinqi hesab edilməlidir, çünki o, öz nüfuzundan və hakimiyyətdəki dayaqlarından istifadə edərək istənilən qərarı qəbul etdirə bilər. Bir vaxt qədim Afinada bir cəza vardı, adına ostrakizm deyirdilər. Məğzi də bu idi ki, insanlar arasında çox nüfuzu olan şəxsləri müəyyən müddətə ölkədən sürgün edirdilər. Hətta Perikl da bu cəzaya məruz qalmışdı. Hə, yunanlar ağıllı adamlar idilər, onlar çox nüfuzlu şəxslərdən ehtiyat edirdilər, bizim kimi vəcdə gəlmirdilər, çünki nüfuzlu şəxslərə potensial avtoritarizm mənbəyi kimi baxırdılar. Çox güman ki, bizimkilər buna da “ikili standart” deyərdilər – kimi nüfuzuna görə şəhər şurasına (o vaxt necə adlandığını unutmuşam) seçilir, kimi də elə çox nüfuz sahibi olduğuna görə Afinadan sürgün edilir!.. Bəli, “ikili standart” söhbəti bu ölkədə hələ çox davam edəcək. Buna o vaxt son veriləcək ki, məmurlar iradları öyrənib təhlil edəndən sonra onlara münasibət bildirəcəklər. Bəli, bu hakimiyyətdən bunu gözləmirəm. Bunlar ancaq tərif gözləyirlər. Üstəlik, aydın da deyil ki, bunları nəyə görə tərif etməlidirlər?