Uzaq yolların ardında bir yorğun qapı var. Yetim-yetim yol çəkər gözləri. Sızım-sızım sızlar rüzgarlı axşamların soyuğunda. Avqust sabahlarının od yağan istisində cızdağı çıxar. Həsrətdən səssiz-səssiz ağlar içində, qəlbi qanayar hər səhər. Sıra-sıra ayrılıq mövsümləri keçər başından. Yenə yollardan yığmaz gözünü. Uzaqlardan bir yolçu gələcək. İnanır, hökmən qayıdıb gələcək… Qanlı davanın alıb götürdüyü o yolçu bir daha geri dönmədi, amma bir səhər onun ruhu kimi uzaqlardan uçub gəlmiş bir ağacdələn qondu qapıya. Döydü qapını, döydü, döydü, döydü… Qapını açdı ev yiyəsi, qəlbi yerindən çıxacaqmış kimi boylandı hər tərəfə. Kimsə yoxdu, bir qapıya qonmuş ağacdələndən başqa…
O evdə böyüyən Məmməd adlı bir oğlan illər sonra anasından duyduğu ağacdələn hekayətini anladacaqdı öz dilində. Şair dilindən anladılan bu hekayət dinləyənlərin qəlbini yandırıb-yaxacaqdı. Gözləri dolacaqdı oxuyanların, səsləri boğulacaqdı. Hər kəs öz hekayətindən bir şey tapacaqdı o misraların içində bəlkə, özündən uzaqlarda qopub qalmış bir nisgilini ağlayacaqdı səssizcə… Sonralar kədərin, həsrətin və tənhalığın böyütdüyü o uşaq böyük bir yolun yolçusu olacaqdı. Sözün yolçusu! O yorğun qapıyla baş-başa yaşadığı xatirələri söz-söz köçürəcəkdi misralara. Kişisini dava udmuş bir ocağın tək ümidiydi o. Gecə-gündüz kirpiyiylə od götürən cəsur bir qadının haqqı vardı üstündə. Bu haqqı heç zaman itirmədi, o qolları yorğun, dizlərinin taqəti azalmış, yol çəkməkdən gözləri solmuş qadını dünyanın bəxtəvəri etdi öz uğurlarıyla…
On illər öncə böyük şairimiz Məmməd İsmayılın həyat hekayəsi belə başlamışdı. Zaman haradan-haraya alıb götürür bizləri… Dünən Aktyorlar evində görkəmli şairin 75 illik yubileyi qeyd olundu. 80-ci illər ədəbi gəncliyinin, bizim hamımızın üstündə əməyi olan nəhəng şair! “Gənclik” jurnalı ilə misilsiz bir məktəb yaratmış şair! Heç şübhəsiz ki, həmin yubiley tədbiri sizin layiq olduğunuz tədbir deyildi. Bu ölkədə çoxdandır alqışlar yanlış ünvanlara gedir, bilirsiniz. Bu ölkədə çoxdandır sözün, istedadın, haqqın üstünə kölgə düşüb. O kölgədə nə qədər gözəl xəyallar heç olub getdi, bilsəniz! Lakin siz nə zaman dəbdəbə və şan-şöhrət arxasınca düşdünüz ki? Sadə həyatı seçdiniz, sadə həyat yaşadınız. Ancaq sona qədər əsl insan olaraq qalmağı bacardınız. Bəlkə yubiley gecənizdə hökumət adamlarından kimsə yoxdu. Bəlkə, həmin gecədə parlaq pərdəli salonların qulaq batıran gurultulu alqışları da yoxdu. Hətta bu ölkə adına fəaliyyət göstərən heç bir TV də yoxdu… Amma özünüz dediyiniz kimi “yaxşı ki, yoxdu”. Yaxşı ki, o səmimi, isti, sevgi dolu salona heç bir yad, bulanıq rəng qatılmadı. Sizi sevən insanlar salonu sevgisiylə doldurdu, sizi sevən şairlər söz söylədi, sizi sevən sənətkarlar oxudu yalnız.
Hər kəsin içində bir qürbət var. Kimin qürbəti daha böyük, demək o qədər zor ki! Bircə bunu dəqiq bilirəm- sizin qürbətinizdə təklikdən dağdağan ağacının qucağına sığınmış balaca bir uşaq var. Gözləyə-gözləyə “budaqdakı meyvələrinin bağrı çatlayan” bir al qırmızı nar ağacı var. Uzaq diyarların ayrılığında sevgili ölmüş iki insanın hər səhər ağacdələnə dönüb o tənha qapıya dönən ölməz ruhları var. Tovuzun səssiz bir yerində dağdağan ağacını dost tutmuş o uşağı alıb, Çanaqqala boğazına doğru aparan bir yol var. O yolun sonunda neçə dəfə dönüb geriyə baxdınız, kim bilir? İnsan maraq edir, doğru, “arxamca baxan neçə adam qaldı, kim xatırladı, kim unutdu?”-deyə.
Bəlkə Allah da unudar
Sən məni unutduğun gün.
Öləcəyəm, gec-tezi var –
Ürəyini tutduğun gün…
Bəlkə, əsl gerçək öz yazdığınız kimidir elə. Sona kimi bircə nəfər qəlbdən sevəniniz qalmış olsa belə, yaşamağa dəyməzmi?