Itkilərimizə sözardı

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

“Ötən il Azərbaycanda ümumilikdə 21,5 milyard kilovat elektrik enerjisi istehsal olunub. Bunun təqribən 2,5-3 milyarda yaxını nəqletmədə və paylayıcı şəbəkədə itib, yəni texniki itkiyə gedib” – dünən oxuduğum xəbərdə belə deyilirdi.

Bax elə bu itkilərə görə bizə işığı baha satırlar. Bir növ biz məmur yarıtmazlığına görə elektrik enerjisinə daha çox pul xərcləmək məcburiyyətindəyik. Əliyevlər hakimiyyətinin hər işi belədir. Ətək-ətək pullar infrastruktur layihələrinə ayrılır, amma ortada savadsızlıq saçan təhsil, həkim terrorunun baş alıb getdiyi səhiyyə, azacıq külək əsib yağış yağdımı, işıqların söndüyü enerji sistemindən başqa heç nə yoxdur. Əyalət bir yana qalsın, paytaxtda belə, hələ də yüzminlərlə insan daimi içməli suyu yalnız yuxusunda görə bilər.

Və bütün bu real mənzərəni bizə “analoqsuz inkişaf” kimi sırıyır, hələ üstəlik istəyirlər ki, pulsuz oksigen udduğumuza, havaya sayğac qoymadıqlarına görə bunlara dərindən minnətdar olaq, ətraflarında sıx birləşək.

Yuxarıdakı xəbərə qayıdaq. Təsəvvür edin, Sovet vaxtı enerji itkisi 1 faiz imiş, indi gündən-günə çiçəklənən Azərbaycanda bu rəqəm 10-12 faizdir! Inkişafı görürsünüzmü?

Təsəvvür edin: 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə xaricdən 9 milyard 545,9 milyon dollar kredit alıb, bunun 24,09 faizi və ya 2,3 milyard dolları “Azərenerji”nin payına düşür. Həmin rəqəmin üzərinə dövlət investisiyasını gəlin. Amma Bakının burnunun ucunda, qulağının dibində belə, fasiləsiz işıq xəyaldır. Bu cəhənnəm, istehsal edən enerji itkisini belə, heç olmasa, Sovet dövründəki həddə saxlaya bilməyiblər.

Sonra da deyirlər, “bizim siyasətin alternativi yoxdur”. Əlbəttə, yoxdur… Hansı başqa bir siyasi kurs ölkəyə və xalqa bu qədər itki bəxş edə bilərdi: torpaq itkisindən tutmuş, işıq itkisinə qədər! Nə qədər qiymətli insanlar itirdik – onlar normal bir ölkədə öz xalqlarına, vətənlərinə misilsiz xidmətlər göstərə bilərdilər. Amma Sistem belə insanları ya iyrəndirib, bezdirib ölkədən didərgin saldı, ya bir qarın çörəyə möhtac qoyub ən elementar məişət problemlərinin içində boğulmağa, “buxarlanmağa”, kənara çəkilməyə, yoxluğa qarşı çıxmağa məcbur etdi, ya da pulla, karyera ilə şirnikləndirib, yaşamaq, sağ qalmaq üçün başqa çıxış yolu qoymayıb onlardan yaltaq, oğru, saxtakar düzəltdi.

Ümidlərimizi itirdik – 20 il öncəsinədək əksəriyyətimizin qəlbinə çox keçmədən həqiqi mənada azad, demokratik, ədalətli bir ölkədə, hüququn üstün olduğu, qanunların hər kəs üçün bərabər işləyəcəyi, hər kəsin öz bilik və bacarıqları ilə yüksələ biləcəyi, məzlumun ahının alınmayacağı, kimsənin haqqının asanlıqla yeyilməyəcəyi bir vətəndə yaşamaq ümidləri hakim idi. Indi nə qədərimizin belə ümidləri qalıb, o ümidləri qoruyanlar çoxdur, ya həmin ümidlərini itirən, həmin xəyallarından əl çəkənlər?!

Ən dəhşətli itki isə heç şübhəsiz, arxada qalan illərdir. Bu illər ərzində təbiətin Azərbaycana lütfü olan sərvətlər hesabına azad, demokratik, firavan gələcəyə doğru nə qədər böyük məsafə qət etmək olardı. Amma biz həmin illəri itirdik. “Yaptokratların hakimiyyətdə olduğu illər Azərbaycan üçün itirilmiş illərdir” – bilirəm, bu sözlər çox təkrarlandığı üçün artıq bir az da şablon səslənir, amma əmin olun ki, arxada qalan 21 ili ən dəqiq, konkret ifadə edən də elə bu sözlərdir. Görün vəziyyət nə yerə gəlib ki, hətta bəyənmədiyimiz Sovet dövrünün göstəricilərinə belə artıq qibtə ilə yanaşmağa başlamışıq.

Bu itkilər qarşılığında qazancımız nədir bəs?

Elə itirdiklərimizin özü!

Ağrılıdır, amma nə etməli ki, həqiqətdir.