Əli Kərimli Hikmət Hacızadəni təbrik etdi

Azərbaycanın ən müasir azadlıq və demokratiya uğrunda mübarizə tarixində danılmaz  yeri və rolu olan Hikmət  Hacızadənin 60 illik yubileyidir.

Fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi,  Milli Azadlıq Hərəkatının öncüllərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü, AXC-nin “Svoboda” qəzetinin redaktoru, Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səfiri,  İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti … Bu Hikmət bəyin şərəfli ömür yolunda elmi və ictimai-siyasi fəaliyyətinə qısa ekskursdur. 

Demokratiya və İnsan haqları mövzusunda maarifləndirmə işi ilə, müəllifi olduğu kitablarla yeni gənc nəslin bu sahədə biliklərinin artırılmasına, inkişafına, açıq fikirli, azad düşüncəli yetişməsinə öz töhfəsini verib.

Bu illər ərzində çətin sınaqlardan keçib, müxalifətdə olanda da, iqtidar nümayəndəsi kimi də alicənab, səmimi, nikbin, öz sözü və mövqeyi olan, sadə, təvazökar insan qalaraq böyük hörmət və sevgi qazanıb. Siyasi məhbus atası olmaq da düşüb Hikmət Hacızadənin ömür payına, bu mərhələni də ləyaqətlə yaşayıb…

Hikmət bəy kimi demokratiya, istiqlal hərəkatına, ideallarına, dəyərlərinə belə sadiq, fədakar, istedadlı  ziyalımızla qürur duyuram.

Hörmətli Hikmət bəy! Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, bol uğurlar, müqəddəs amallarınızın gerçəkləşməsini, mübarizə əzmi  arzulayıram!

HÖRMƏTLƏ AXCP SƏDRİ ƏLİ KƏRİMLİ