Konstitusiyada nələr dəyişməlidir?

Ekspertlər ali qanunda dəyişikliyə ehtiyac olan maddələrdən danışdılar 

Noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü idi. Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 və 2008-ci illərdə keçirilən referendumlarla konstitusiyaya dəyişiklər olunub.

Ana qanunda dəyişikliyə yenə ehtiyac varmı? Hansı dəyişikliklər zəruridir? Çünki hələ Konstitusiya qəbul olunan zaman ona bir sıra dəyişikliklərin edilməsi vacib sayılırdı. Daha sonrakı dəyişikliklər isə ali qanunu bir qədər də dəyişikliyə meilli etdi. Bu dəyişikliklərdən biri isə proporsional seçki ssiteminin bərpası ilə bağlıdır.

«Proporsional seçki tətbiq edilməlidir»

Hüquqşünas, siyasətçi İlyas İsmayılov hesab edir ki, Konstitusiyaya yenə dəyişiklik edilməsinə ehtiyac var. Onun fikrincə, ali qanuna seçki sistemi ilə bağlı dəyişiklik edilməlidir: «Proporsional seçki tətbiq edilməli, partiyaların seçkidə iştirakına imkan yaradılmalıdır. Günün tələbi bundan ibarətdir. Əgər ölkədə siyasi partiyaların inkişaf etməsini istəyiriksə, onda proporsional seçki sistemini bərpa etməliyik».

«Bu Konstitusiyanın ömrü indiki hakimiyyətlə eyni olacaq»

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, indiki konstitusiya şahlar üçün ali qanundur: «Prezidentin super səlahiyyətləri var. Dövlətin parlament, məhkəmə qolları nökər vəziyyətindədir. Xalqın həm de-fakto, həm de-yure öz hüququ yoxdur. Azərbaycan vətəndaşının addımbaşı konstitusion hüquqları pozulur. Konstitusiya hakim zümrə üçün çox rahatdır. Problem yaşananda da Konstitusiyaya saxta referendumla hansısa sərtləşdirici maddələr əlavə edilir. Bu Konstitusiyanın ömrü indiki hakimiyyətlə eynidir, nə uzun, nə də qısa olacaq».

«Proporsional seçki sisteminin ləğvi geriyə addım idi»

Hüquqşünas Aslan İsmayılovun da qənaətincə,  2002-ci ildə Konstitusiyadan proporsional seçki sisteminin çıxarılması geriyə addım idi. Bu baxımdan A.İsmayılov hesab edir ki, Konstitusiyada yeganə dəyişikliyə ehtiyac varsa, bu da parlamentin formalaşmasında majoritar seçkidən proporsional seçkiyə keçiddir: «Ümumiyyətlə isə konstitusiyamız beynəlxalq hüquq normalarına cavab verən ali qanunverici aktdır. Sadəcə icra olunmur».

«Yeni, yığcam, işlək bir sənəd hazırlamaq lazımdır»

Hüquqşünas, siyasətçi Erkin Qədirli Azərbaycana tam yeni Konstitusiyanın lazım olduğunu düşünür. O, hesab edir ki, Konstitusiyadakı çatışmamazlıqlar düzəlişlərlə aradan qaldırıla bilməz: «Ana qanun qəbul edildiyi andan heç işləmədi. 1995-ci ildə qəbul edilən ali qanuna görə, insan haqlarının pozulması hallarına birbaşa məhkəmə baxır. Hanı, biz bunu görmürük. Hakimiyyət bölgüsü, hökumətin parlament qarşısında hesabatlılığı konstitusiyada əksini tapıb. Parlament heç naziri çağırıb sual verə bilmir. Bu əslində Konstitusiyanın dərdi deyil, daha böyük problemdir. Konstitusiyaya düzəliş etmək bir növ ona hər dəfə yamaq vurmaq kimidir. Yeni, yığcam, işlək bir sənəd hazırlamaq lazımdır və həmin sənəd gələcəyin ehtiyacları üçün qəbul edilməlidir». «Mediaforum»

«Seçki sistemində mütləq dəyişikliklər edilməlidir»

Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal bildirdi ki, Konstitusiyanın müddəalarının əksəriyyəti özündə mütərəqqi dəyərləri əks etdirir. Amma ali qanunda elə müddəalar da var ki, onlar digər müsbət məqamlara da kölgə salır. Milli Şuranın da Konstitusiya islahatları ilə bağlı öz təkliflərinin olduğunu deyən V.Mirkamal vurğuladı ki, Azərbaycan Konsititusiyasında müəyyən müdəalar hökmən dəyişdirilməlidir: «Azərbaycanın seçki sistemində mütləq dəyişikliklər edilməlidir. Mojaritar və proporsional seçki sistemi Konstitusiyada əksini tapmalıdır. Eyni zamanda bələdiyyələrin statusu ilə bağlı da Konstitusiyaya əlavələr edilməlidir. Milli Şura olaraq hesab edirik ki, Azərbaycanda prezident hakimiyyəti birinci şəxsin avtoritarizmini qabartmağa imkan verir. Bunun qarşısının alınması isə Azərbaycanda parlamentli respublikaya keçidlə bağlıdır. Prezidentə verilən səlahiyyətlər Azərbaycanın digər hakimiyyət qolları arasında bölüşdürülməlidir».

Hazırda Azərbaycanda məhkəmələrin müstəqil fəaliyyət göstərə bilmədiyini deyən V.Mirkamal vurğuladı ki, məhkəmələrin heç bir təminatı yoxdur. Bütün bu dəyişikliklərdən sonra Konstitusiyanın normal hala salına biləcəyini düşünən V.Mirkamal vurğuladı ki, hazırkı ali qanun ölkədə avtoritar rejimin bərqərar olmasına imkan verir.

«Konstitusiyanın təminatçısı dövlət olmalıdır»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov də hesab edir ki, öncə Konstitusiyanı qəbul olunan zaman mövcud olduğu formaya qaytarmaq lazımdır. Ali qanuna sonradan edilən dəyişikliklərin konkret siyasi məqsəd daşıdığını deyən N.Səfərov vurğuladı ki, bu isə geriyə doğru addımdır: «Konstitusiyada təsbit olunmuş məqamların təminatçısı dövlət olmalıdır. Əsas odur ki, sənəddə əksini tapan demokratik normalara əməl olunsun. Bu olmadığı halda ölkədə situasiya gərginləşir. Vətəndaşların heç bir hüququ qorunmur».

Xəyal