Rusiyadakı azərbaycanlıları çətin günlər gözləyir

Rublun məzənnəsinin aşağı düşməsi ev kirayələrinin qiymətini artırıb

Samir Əliyev: «Rublun məzənnəsinin enməsi daşınmaz əmlak bazarına da təsir edib»

Rublun məzənnəsinin aşağı düşməsi Rusiyanın daşınmaz əmlak bazarına da təsir edib. Eyni zamanda ev kirayələrinin qiyməti də artıb. Amma burada maraqlı bir nüans var.

Artıq kirayə sahiblərinin əksəriyyəti rublun məzənnəsi ilə bağlı baş verənləri nəzərə alaraq ev haqqını əvvəlki kimi rublda deyil, dollarda istəyir. Bundan əziyyət çəkən isə daha çox miqrantlardır. Çünki əmək haqqını rublda alan miqrantlar kirayə haqqını dollarda ödəməyə məcburdurlar. Redaksiyamıza müraciət edən Rusiyada yaşayan soydaşlarımız çıxılmaz durumla üzləşdiklərini söyləyiblər. Rublun məzənnəsinin düşməsindən gəlirləri azalan soydaşlarımız indi kirayə haqlarının artması ilə üzləşiblər. Özü də kirayə haqqı rubl deyil, dollarla tələb olunur.

Iqtisadçı Samir Əliyev hesab edir ki, bu cür situasiya gözlənilən idi. Çünki rublun sürətlə düşməsi hətta Mərkəzi Bankı rublun məzənnəsini sərbəst buraxmağa məcbur etdi. Bu isə o deməkdir ki, bundan sonra rublun məzənnəsini bazar tənzim etmiş olacaq. Onsuz da rublun məzənnəsinin tənzimlənməsinə Mərkəzi Bank elə də ciddi müdaxilə edə bilmirdi: “Rublun məzənnəsinin sərbəst buraxılması ilə bağlı proqnozlar müxtəlif cürdür. Rublun daha da ucuzlaşacağı gözlənilir. Amma rublun məzənnəsi sərbəst buraxılandan sonra Mərkəzi Bank belə qərar qəbul etdi ki, rubl ilə verilən kreditləri məhdudlaşdırsın. Çünki banklar kreditləri rubl ilə verdikləri halda bazarda əlavə rubl bolluğu yaranır. Nəticədə rublun məzənnəsinə təsir göstərilir. Digər tərəfdən, əhali rublun ucuzlaşmasından qorxaraq banklardakı əmanətlərini geri çəkirlər”.

Rublun məzənnəsinin enməsinin daşınmaz əmlak bazarına da təsir etdiyini deyən S.Əliyev vurğuladı ki, neftin ucuzlaşması daşınmaz əmlak bazarında da bir qayda olaraq ucuzlaşmaya səbəb olur. Amma ucuzlaşma xarici valyutada getsə də, milli valyuta da bahalaşma gedir. 

Yaranmış vəziyyətdə soydaşlarımızın ata biləcəyi addımlara gəlincə isə, S.Əliyev bildirdi ki, Azərbaycana geri dönmək çıxış yolu deyil. Çünki Rusiyadakı biznesini dayandıraraq Azərbaycana keçən soydaşlarımız burada əlverişli mühit tapmadığından müflis olurlar. Ona görə də Rusiyadan geri dönmək variantı ağlabatan deyil.

Xəyal