Iran rəsmisi müsəlman ölkələrinin vahid siyasət yürüdə bilməsindən danışdı
Vəfa Quluzadə: «Yaşadığımız əsrdə müsəlman dünyasının birliyi real görünmür»
“Iran ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılmasını dəstəkləyir və xalqlara qarşı edilən zülmlərin əleyhinədir”. Bu sözləri Trend-ə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualının cavabında Iran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini Ibrahim Rəhimpur deyib.
I.Rəhimpur bildirib ki, dünyada baş verən münaqişələrlə bağlı ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılması Iranın xarici siyasətinin əsasını təşkil edir: “Elə buna görə də Iran sanksiyalarla üzləşib. Irana qarşı sanksiyalar onun nüvə proqramına görə deyil, bəlkə dünya ölkələrində məzlumları dəstəklədiyinə görədir. Bizə deyirlər ki, sakit ol, başqalarının işinə qarışma”.
Iranın XIN rəsmisi daha sonra bildirib ki, Islam ölkələri arasında təəssüf ki, qeyri-müsəlman ölkələrinin zülmünə qarşı birlik yoxdur: “Ilk növbədə, müsəlman ölkələri bir-biriləri ilə vəhdət yaratmalıdırlar və icazə verməməlidirlər ki, Islam adı ilə müsəlmanlar öldürülsün. Müsəlman ölkələrində savadsızlıq, cahillik və müharibələrə son qoyulmaldır. Belə olarsa, müsəlman ölkələri Avropa Ittifaqı kimi bir qurum yaradıb vahid siyasət yürüdə bilərlər”.
Iran rəsmisinin fikirlərindən də aydın olur ki, yaranmış problemlərin həlli üçün alternativ qurum yaradılması nəzərdə tutulur.
Politoloq Vəfa Quluzadə hesab edir ki, indiki reallıqda müsəlman ölkələrinin birləşməsi mümkün görünmür: “Iran rəsmisinin təşəbbüsü müsbət qiymətləndirilməlidir. Ancaq, müsəlmanların birləşib, alternativ bir gücə çevrilməsi, yaşadığımız əsrdə real görünmür. Bunun üçün ilk növbədə iqtisadi, siyasi, elmi-texnoloji baxımdan Qərb ölkələri səviyyəsinə çatmaq lazımdır. Bu gün Amerika və Avropa dünyada liderdir. Məsələn, Iran və Səudiyyə Ərəbistanının birləşməsini necə təsəvvür edək? Səudiyyə Ərəbistanı Amerikanın yaxın müttəfiqidir. Yəni, bir çox məqamlar var ki, hələ bu birliyin mümkün olmadığını göstərir”.
Akif


