Azərbaycan gələn “Eurovision”a Emin Ağalarovla qatılacaq

Prezidentin kürəkənini Avropanın müsiqi dünyasına təqdim etmək üçün fürsət yaranıb

Müsabiqənin təşkilatçıları isə Bayılın sökülməsini də istəyirlər

“Eurovision 2012”də Azərbaycanı təmsil etməyi prezidentin kürəkəni Emin Ağalarova həvalə edəcəklər. Onun bu müsabiqəyə tək və ya duetlə qatılacağı isə hələ müəyyən edilməyib.
“Azadlıq”a bu barədə məlumat verən mənbə bildirir ki, əslində Emin Ağalarovun namizədliyi “Eurovision 2011” müsabiqəsi üçün nəzərdə tutulubmuş, amma sonradan bu fikirdən daşınıblar. İndi isə onun yarışmada Azərbauycanı təmsil edəcəyi şübhəsizdir. Çünki onsuz da Bakıda keçiriləcək yarışmada Azərbaycanın qalib yerlərə iddiası yoxdur. “Eurovision” tarixində bir ölkənin iki dəfə ard-arda qalib gəlməsi ənənəsi də yoxdur. Azərbaycan üçün əsas hadisə bu möhtəşəm musiqi yarışmasının Bakıda keçirilməsi faktıdır. Buna görə də Əliyevlər Emin Ağalarovun Avropa yarışında debütünü təşkiul etmək fürsətini qaçırmaq istəmirlər.
Yeri gəlmişkən, “Eurovision 2012” yarışının Bakının hansı meydanında təşkil ediləcəyi ilə bağlı müzakirələrdə Bayraq Meydanının şansının artdığı söylənilir. Dünən İlham Əliyev də bu məqsədlə Bayraq Meydanına baş çəkərək oradakı vəziyyətlə əyani tanış olub. Bu sırada Əliyev həm də ətraf ərazilərə baxış keçirib, sökülməsi nəzərdə tutulan yerlərə baxıb. Dövlət səviyyəsində göstəriş verilib ki, bu ərazidə olan irili-xırdalı bütün otellər, motellər yüksək hazırlıq vəziyyətinə gətirilsin.

İnformasiya şöbəsi