Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Rey Bredberi deyir ki, “kitabları yandırmaqdan daha dəhşətli bir iş var, bu kitabları oxumamaqdır”. Azərbaycanda isə əksinə imiş, kitab oxumaq məsələn, “əməyə meylli” olmamaq kimi qəbul edilirmiş.
Söhbət nədən gedir?
Bu günlərdə cəzaçəkmə müəssisəsinin Azərbaycanın dəyərli insanlarından biri, vicdan məhbusu Yadigar Sadıqovun cəzanın geri qalan hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi baradə məhkəmə iclasına göndərdiyi xarakteristikadan belə məlum oldu ki: “Y.Sadıqov peşmançılıq hissi keçirmir, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur”.
Bircə o qalır ki, Yadigar bəyə səhər-axşam kitab oxuduğuna görə yenidən cinayət işi açsınlar, hətta bir az da irəli gedib ölüm hökmünü bərpa edib onu güllələsinlər. Bəs necə? Kitab oxumaq günümüz Azərbaycanında ayıb işdir, belələrindən hər şey gözləmək olar, bir də gördün durub düşmən dəyirmanına su tökdülər.
Əgər son illərdə gözümüzün qarşısında kitabxanalar kababxanalara çevrildisə, gecə-gündüz ekrandan, efirdən elgizlər, ay zaurlar, nadir qafarzadələr xalqa milli dəyər kimi sırındığı halda kitabın təbliği ilə bağlı bircə verilişi belə qıymadılarsa, hər şey özlüyündə aydındır. Belə bir ortamda Yadigar Sadıqovun “səhərdən axşama kimi kitab oxuması” az qala “pis əməl” kimi təqdim olmasından təbii, məntiqəuyğun heç nə yoxdur.
Bu kitaba nifrətin son həddidir.
Bu eyni zamanda kitabdan qorxmağın şüur altına hopmuş görsənişidir.
Yanlış xatırlamıramsa, Belinski deyirdi ki, “insan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya qalib gəlir”.
Elə Sistemi narahat edən də budur: kitabın təbliği, kitab oxuyanların, deməli, həm də bilgi, düşüncə sahibi olanların sayının artması nəticəsində uzun illərdən bəri yaratdıqları xof mühitinin dağılması, qorxu imperiyasının çökməsi!
Kitabların insanların ruhunu, beynini aydınlatması sayəsində ölkəni ağuşuna alan qaranlıqların yarılmağa başlaması!
Elə ona görə də indi “səhərdən axşama kimi kitab oxumağın” az qala ayıb, faydasız iş kimi təqdim olunmasına təəccüblənməmək lazımdır.
Bu eyni zamanda o deməkdir ki, biz kitabdan, mədəniyyətdən, bilgidən daha möhkəm yapışmalıyıq. Onlarla “silahlanmalı”, qorxularımızdan azad olmalıyıq. Ki, ölkəmizi də azad edə, onu çağdaş, modern, gəlişmiş dünyanın bir parçasına çevirə bilək.
Mirşahin absurdu
ANS-in başbilənlərindən biri Mirşahin guya öz aləmində zövqsüzlük, bayağılıq, düşüklük saçan şou proqramlara haqq qazandırmaq istəyib. Deyib: “Efirə gəlməkdən boyun qaçıran bir dövlət məmurunun əvəzinə Rəqsanə, ikincinin əvəzinə Röya, üçüncünün əvəzinə isə Elariz gəldi. Rəsmi adamlar getdi, onların yerini şou nümayəndələri tutdu”.
Füzuli necə deyirdi? “Əcəb gülməlisən xanəxərab”.
Deyək ki, ekran-efiri Elarizlərin, Rəqsanələrin doldurmasının səbəbi hansısa məmurun verilişlərə gəlməməsidir.
Mirşahin deyə bilərmi, bəs efirə müxalif fikirli siyasətçilər, aydınlar niyə gəlmir?
Rəsmilərin yerini niyə şou nümayəndələri tutmalı idi, ancaq Azərbaycanın bu günü və gələcəyi ilə bağlı yaptokratlardan fərqli düşünənlər, tənqidçi insanlar yox?!
Günün sözü Remarkdan:
Təslim olmayana qədər insan taleyindən güclü olur.