“Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir”
F.Bekon
Hökumətimiz bizi təəccüblənməməyə alışdırsa da, hər dəfə “sveji” sürprizlərlə təəccüb hissimizi aktivləşdirə bilir. Yəni “bu hökumətdən hər şey gözləmək olar” desək də, gözləmədiyimiz məqamlar da olur.
Mətləbə keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, son 20 ildə təhsilin, elmin, kitabın, müəllimin hörməti azalan xətt üzrə inkişaf edib. Bunu yalnız biz demirik. Bu hökumətin başında oturanlar da Elmələr Akademiyasının bazara çevrilməsini, savadlı kadrların olmamasını, samballı əsərlərin yazılmadığını etiraf ediblər.
Ancaq, nə hikmətdirsə, bu çatışmazlıqlarla mübarizə Qarabağın münaqişəsinin həlli kimi nəticəsiz qalıb. Görünür, bu məsələnin həlli üçün də hansısa “lazım”a bilet almaq lazımdır.
Bu ölkədə kitabı sevib, rüşvəti sevməyənlərin ən sevimli yeri zindanlar olur. Bu ölkədə tənqidi sevib, yaltaqlığı sevməyənlər ən yaxşı halda “ünsür” olur.
Bu ölkədə ədalət istəyib ədalətsizliyi pisləyənlərin ən yaxşı təxəllüsü “ermənipərəst”dir.
Yəni bu ölkədə ağıllı olmağın, savadlı olmağın və buna cana atmağın ağır cəzası var.
Bəlkə də bu köşəni yazmayacaqdım. Amma Müsavat partiyasının həbsdə olan başqan müşaviri Yadigar Sadıqovla bağlı verilən xarakteristikanın “orjinal”lığı mənim təəccüb damarımı tərpətdi.
Belə ki, Qaradağ Rayon Məhkəməsi Müsavat partiyasının həbsdə olan başqan müavini Yadigar Sadıqovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı müraciətini təmin etməyib. Yadigar bəy aldığı cəzanın 1/3-i çəkdiyindən geri qalan cəzanın daha yüngülü ilə əvəzlənməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməməsini saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsinin Yadigar Sadıqovla bağlı xarakteristika ilə əsaslandırıb. Xarakteristikada yazılıb ki, Yadigar Sadıqov peşmançılıq hissi keçirmir, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur.
Bəli, bütün günü kitab oxuyursa, deməli, islah olunmayıb. Adamı şərləyib həbsə atıblar və peşimançılıq tələb etməyiblər. Insan etmədiyi cinayətə görə necə peşiman olmalıdır? Yaxud insanın müəllim əməyini böhtana bulaşdırıb, sonra əməyə meylli olmadığı qənaətinə gəlmək hansı dahinin tapıntısıdır?
Bu qədər biabırçı arqumenti ibtidai icma dövründə də düşünə bilməyiblər.
Təkcə, “Səhərdən axşama kimi kitab oxuyur” ittihamı, bu hakimiyyətin 21 illik fəaliyyətinə obyektiv qiymət vermək üçün kifayət edir.
Bəlkə Yadigar Sadıqov səhərdən-axşama qədər nəşə çəkməliymiş və ya öz ömründən kəsib rəhbərin ömrünə calmağın elmi yollarını araşdırmalıymış.
Bunların nəzərində islah olmaq, yaltaqlığa meyllənmək, yalana əl çalmaq, rüşvəti halal qazanc hesab etməkdir.
Bir sözlə, insan vicdanını satışa çıxaran kimi, “islah” olur.
F.Bekonun yuxarıda qeyd etdiyimiz fikrindən aydın olur ki, kitab öz qiymətli yükünü nəsillərdən-nəsillərə ötürən fikir gəmisidir.
Görünür, şanlı hökumətimiz nəsillərdən-nəsillərə qiymətli yük kimi yalanı və yaltaqlığı ötürmək istəyir. Bunun üçün isə, kitabsızlıq hakimi-mütləq olmalıdır.
Amma gələcəyə kitabsızlığı daşıyan gəmi mütləq aysberqin “qonaq”ı olacaq.
Bu “gəmi”nin heyətini isə, heç bir xilasedici jilet bədbəxt aqibətdən qurtara bilməyəcək.
Kaş, bütün insanlar kitab oxumaq “cinayət”indən islah olmasın. Belə “islaholunmaz”lar çox olarsa, cəmiyyət yalnız irəliyə doğru addımlayar.