Narazı müsavatçılar “işçi qrup” yaratdılar

Qubad İbadoğlu: «Müsavat bu vəziyyətə düşməyə layiq partiya deyil»

Müsavat Partiyasının qurultayından iki aya yaxın vaxt keçsə də, narazılıq və müzakirələr səngiməyib. Əksinə, başlanan narazılıq dalğası gün keçdikcə daha da şiddətlənib. Nəticədə partiya daxilində fraksiya yaradılacağı ilə bağlı xəbərlər də səslənməyə başlayıb və bu, qalib tərəfin hiddətinə səbəb olub. Müsavat başqanlığına keçmiş namizəd Qubad Ibadoğlu  noyabrın 8-də partiyanın qərargahında narazılarla görüş keçirib.

Musavat.com-un xəbərinə görə, tədbirdə 150-yə yaxın narazı müsavatçı iştirak edib. Qubad Ibadoğlu da bu görüşlə bağlı öz “Facebook” səhifəsində yazıb:

“8 noyabr 2014-ci ildə planlaşdırdığımız görüşümüz gözlədiyimizdən də yaxşı alındı. Bu görüş əvvəlkindən həm iştirakçıların sayına və həm də çıxış edənlərin məzmunlu nitqlərinə görə fərqləndi. Toplantıda iştirakçıların səsləndirdiyi təkliflərin müzakirəsini təşkil etmək və əksəriyyətin qəbul etdiyi təkliflər üzərində işləmək üçün işçi qrupu formalaşdırmaq qərarı verildi. Qərara alındı ki, işçi qrupu yaxın bir ay ərzində toplantıda səslənən fraksiyanın yaradılması, ictimai hərəkatın formalaşdırılması, növbədənkənar qurultayın çağrılması üçün imzatoplama kampaniyasının aparılması, açıq tribunaların təşkili kimi təkliflərə dair partiya strukturlarında müzakirələrə və konsensus axtarışına başlasın. Beləliklə, Müsavat partiyasının gələcəyi üçün vacib qərarların verilməsi məsuliyyətini toplantı iştirakçıları işçi qrupa həvalə etdi”.

Müsavat Partiyasının himni ilə başlanan tədbirdə ilk olaraq çıxış edən Vurğun Əyyub bildirib ki, müsavatçılar can qoyduqları partiyanın narahat olub buraya gəliblər: “Ünvanımıza deyilən yalan və təhqirlərdən fərqli olaraq, biz buraya partiyanın taleyindən narahat olduğumuza görə gəlmişik”.

O qeyd edib ki, narazıların partiya rəhbərliyinə yazdığı arayışa artıq cavab verilib və bu görüşdə həmin rəy müzakirə ediləcək.

Qubad Ibadoğlu isə bildirib ki, onlar daim sülh tərəfdarı olublar: “Biz sülh tərəfdarıyıq. Biz birliklə bağlı mövqeyimizi irəli sürmüşdük. Müsavat bu vəziyyətə düşməyə layiq partiya deyil. Güclənməyə layiq partiyadır”. 

Q.Ibadoğlu deyib ki, bu tədbirdə bütün başqanlığa namizədlərin iştirakını arzu edirdi: “Çox arzu edərdim ki, başqanlığa namizədlər tədbirdə iştirak edəydi. Bununla bağlı mətbuat vasitəsi ilə müraciət də etmişəm. Ancaq təkcə Səxavət Əlisoy iştirak edir. Ancaq bütün namizədlərin müzakirə aparması vacibdir”.

Q.Ibadoğlu həmçinin qeyd edib ki, müzakirə edilən məsələlərdən biri fraksiya məsələsidir: “Bununla bağlı ciddi müzakirə gedir. Mən özüm də beynəlxalq təcrübə ilə tanış oldum. Normal ölkələrdə belə faktlar var. Almaniyada, Fransada və sair ölkələrdə fraksiyalar var. Ancaq bu fraksiyalar hansısa qrupun mövqeyini müdafiə etmir, ideoloji yönümlüdür, ideoloji əsaslara söykənir. Fraksiyanın pis nümunəsini də Xalq Cəbhəsi Partiyasında görmüşük. Biz Müsavatın belə olmasını istəmirik”.

Vurğun Əyyub isə deyib ki, partiya rəhbərliyi narazılıqları dinləmək əvəzinə növbəti nizamnamə pozuntularına gedilir: “Nizamnamə pozuntularına son qoyun!”. Onun sözlərinə görə, Müsavat Partiyasının qurulmasında heç bir əməyi olmayan, illər sonra partiyaya qoşulanlar illərini partiyaya, mübarizəyə sərf edənləri partiyadan qovmaqla hədələyir. 

O həmçinin deyib ki, narazılar növbəti addımlarla bağlı çoxsaylı təklifləri müzakirəyə çıxarmalıdır: Bu təkliflərdən biri də odur ki, partiyada qalmaqla ictimai qurum yaradaq. Bununla partiyadan istefa verənləri də aramıza ala bilərik. Mən də müraciət edirəm və istefaya getməməyə çağırıram. Bununla onlar kimlərinsə hərəkətlərin yardım etmiş olurlar”.

Digər çıxış edənlər də fraksiya qərarını dəstəkləyiblər. Partiyanın Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev, Sədaqət Paşayeva, Xəyyam Məmmədli fraksiya yaradılmasını təklif ediblər.

Müsavat qadınlar təşkilatının sədri Ellada Məmmədli də bildirib ki, narazılar birləşib fraksiya, yaxud ona bənzər bir birlik yaratmalıdır.

Tural Abbaslının tərəfdarlarından olan Rüfət Hacıbəyli də fraksiya təklifini dəstəkləyib: “Fraksiya bizə lazımdır. Bu, nizamnamə pozuntusu deyil”.

Başqanlığa keçmiş namizədlərdən olan Səxavət Əlisoy isə deyib ki, heç vaxt bu cür müzakirələrin olacağını güman etmirdi: “Hakimiyyətin saxtakarlığına qarşı mübarizə aparan Müsavat hazırda öz içindəki saxtakarlığı müzakirə edir”. O deyib ki, narazılara olan təhqirlərin başında başqan Arif Hacılı dayanır: “Yoxsa icazə verməzdi bu dərəcədə təhqirlərin olmasına”. O, fraksiyanın tərəfdarı olduğunu bildirib və deyib ki, iclasın gedişində bu təklif səsə qoyulsun. 

Qubad Ibadoğlu isə çoxsaylı təkliflərdən sonra yenidən çıxış edərək bildirib ki, tələsmək lazım deyil: “Müsavatın bütövlüyünü qorumalıyıq”. 

Müzakirələrdən sonra narazılar işçi qrupu yaradıblar və bir ay sonra toplanmağı qərara alıblar. Işçi qrupa Qubad Ibadoğlu, Səxavət Əlisoy, həmçinin iştirak etməyi arzu edən rayon təşkilatlarının sədrləri, qadınlar birliyinin sədri daxil edilib. Təklif səsə qoyulub və heç kim buna etiraz etməyib. Həmçinin bildirilib ki, Tural Abbaslı da işçi qrupa qoşula bilər.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayında yeni başqan seçilib. Arif Hacılı 228 səslə başqan seçkisində qalib gəlib, Qubad Ibadoğlu 200, Tural Abbaslı 19 səs toplayıb. 27 sentyabr qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasına və Məclisə də bəzi üzvlər seçilib. Bir qrup müsavatçı seçkilərə haram qatıldığını iddia edir, nəticələri tanımır.