“Türkmənistan qazı Avropanın enerji təhlükəsizliyini təmin edəcək”

Türkmənistanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Qurbanqulu Berdımuhammedovla keçirdiyi görüşdə belə deyib. 

Onun sözlərinə görə, Türkiyə Azərbaycan və Türkmənistan təbii qazının Qərbə daşınmasında vacib rol oynayır: “Biz Türkmənistan təbii qazının Avropa bazarlarına Türkiyə vasitəsilə çıxarılmasına və Avropanın enerji təhlükəsizliyinin təminatına böyük önəm veririk. Türkmən təbii qazının Avropaya daşınmasının təşkil olunması üçün TANAP qaz kəməri layihəsinə start verilib. Bu istiqamətdə yüksək templə iş gedir”.

Türkiyə-Türkmənistan danışıqlarının yekununda “Türkmənqaz” dövlət konserni ilə Türkiyənin “Ataqaz” kompaniyası arasında təbii qaz alğı-satqısına dair əməkdaşlıqla bağlı çərçivə müqaviləsi imzalanıb. Bundan başqa, tərəflər 2015-2016-cı illər üçün ticarət-iqtisadi, təhsil, idman, nəqliyyat sahəsində əməkdaşlıq proqramını imzalayıblar.

Qeyd edək ki, ötən il iyunun 26-da Istanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Kəmərin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.

TANAP-la Azərbaycanın “Şahdəniz” yatağındakı təbii qaz ehtiyatları Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya vasitəsilə Italiyanın cənubuna ötürüləcək.

Yunan şirkəti ilə imzalanmış müqavilənin problemlə üzləşdiyi bir ərəfədə Türkiyə prezidentinin TAP və TANAP layihələrinin önəmindən bəhs etməsi də mesaj xarakterli açıqlama kimi dəyərləndirilir. 

Xəyal