ARDNŞ-lə ekspertlərin fərqli mülahizələri var
DESFA qaz nəqliyyat operatorunun özəlləşdirilməsi Azərbaycan Dövlət Neft Şirkətindən daha çox Yunanıstana lazımdır. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib. ARDNŞ-DESFA anlaşmasını Avropa Komissiyasının təsdiqləməyəcəyi barədə mətbuatda yazılanlara münasibət bildirən R.Abdullayev qeyd edib ki, Avropaya, Yunanıstana bu layihə bizdən daha çox lazımdır. “Investisiya qoymaq üçün çox yerlər və daha mənfəətli layihələr var”, deyə R.Abdullayev vurğulayıb.
ARDNŞ rəhbərinin sözlərinə görə, bütün məsələlər, o sıradan rəqabət məsələsi Yunanıstan hökuməti ilə razılaşdırılıb. Bu da öz əksini sənədlərdə tapıb. Lakin indi bu məsələ Avropa Birliyi səviyyəsinə qalxıb ki, bu da normal prosesdir: “Bu proses Avropa Birliyinə aid olan ölkələrdə bir az mürəkkəb həyata keçirilir. Yunanıstan da sözügedən birliyin üzvü olduğu üçün istər-istəməz bizdə bu prosesləri keçməliyik. Hazırda biz onlarla işləyirik”.
Xatırladaq ki, noyabrın 6-da Almaniyanın “Deutsche Welle” radiosu belə məlumat yaymışdı ki, Avropa Komissiyası Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin bir hissəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ/SOCAR) planlaşdırılan satışının qanuniliyini şübhə altına alıb. Bunnula bağlı, Avropa Birliyinin antiinhisar idarəsi ARDNŞ tərəfindən Yunanıstanın qaz nəqli operatoru DESFA-nın səhmlərinin alınması üzrə hazırlanan sövdələşmə ilə bağlı müvafiq yoxlamalara başlayıb. Avropalı məmurlar Yunanıstanın qaz bazarında rəqabətin azalacağından ehtiyat edirlər. Idarə 2015-ci il martın sonlarında qərar çıxarmalıdır.
ARDNŞ 400 milyon avroya DESFA-nın səhmlərinin 2/3-ni (66%) almaq niyyətindədir. ARDNŞ AB-nin qərarı ilə bağlı cümə axşamı belə rəsmi açıqlama yaymışdı ki, ARDNŞ-nin DESFA-nın səhmlərinin 66%-nın alınması barədə “Avropa Birliyi antiinhisar orqanlarına alğı-satqı prosesinin rəsmiləşdirilməsi məqsədi ilə göndərilmiş sonuncu bildiriş kontekstində daha dərin araşdırmaların aparılması üçün Avropa Komissiyası tərəfindən II mərhələnin açılışı” müəyyən edilib: “II mərhələdə aparılan araşdırmalar, adətən, 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın 2015-ci ilin birinci yarısında veriləcəyi gözlənilir”.
Bu sözügedən qalmaqal qalxdıqdan sonra ARDNŞ rəhbərliyinin məsələyə ilk münasibətidir.
Amma ekspertlər tam əks fikirdədir. Onlar hesab edir ki, ARDNŞ-ə qarşı tətbiq olunan qadağadan daha çox Azərbaycan tərəfi ziyan çəkəcək.
Qubad Ibadoğlu: “SOCAR-ın maliyyə vəziyyəti pisləşəcək”
Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu deyir ki, bu məsələni siyasiləşdirmək düzgün deyil: “Avropa Birliyinin rəqabət qanunları çox sərtdir, eyni zamanda yeni şəffaflıq və hesabatlılıq standartları mövcuddur. Bunlara əməl etməyən heç bir şirkət Avropa bazarına girə bilməyəcək, o sıradan da SOCAR. Hazırda neftin qiymətləri aşağı düşdüyü zamanda bu, SOCAR-a əlavə problem yaradacaq. Ümumilikdə bu və digər səbəblərdən SOCAR-ın maliyyə vəziyyəti pisləşəcək”.
Mirvari Qəhrəmanlı: “Bu, Azərbaycana qarşı sanksiyadır”
Ancaq Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının qənaəti belədir ki, bu, Azərbaycana qarşı sanksiya qərarıdır. M.Qəhrəmanlı açıqlamasında vurğulayıb ki, bu çox uğurlu layihə hesab olunsa da, ARDNŞ bundan məhrum oldu: “Bunu rəsmi Bakının siyasətinə qarşı ilkin sanksiya qərarı da saymaq olar. Eyni zamanda ola bilər ki, ARDNŞ-in layihə ilə bağlı kifayət qədər imic formalaşdıra biməməsinin məntiqi nəticəsidir. Çünki bu, çox uğurlu bir layihə hesab edilirdi. Indi ARDNŞ rəhbərliyi deyir, qarşıda 90 gün var. Mən düşünmürəm ki, bu müddətdə ARDNŞ həmin layihədə iştirak edə biləcək”.
M.Qəhrəmanlının fikrincə, nəticə rəsmi Bakının tutacağı mövqedən asılıdır: “Azərbaycanın Avropa Şurası, Avropa Birliyinin insan hüquqları sahəsində atacağı addımlardan, rəsmi Bakının beynəlxalq səviyyəli çağırışlara necə reaksiyasından asılı olacaq. Azərbaycan siyasi məhbuslarla bağlı Işçi Qrupu yaratdı, ola bilsin ki, nəsə etmək istəyir. Əgər Azərbaycan çağırışlara əməl etməyə başlasa, ARDNŞ də bu layihədə iştirak edəcək”.
Hüquq müdafiəçisi Rusiyanın “LUKoil” şirkətinin “Şahdəniz-2″ layihəsində iştirakının da ciddi məsələ olduğunu qeyd etdi: ”Rusiyada iri şirkətlərə, o sıradan “LUKoil”a qarşı cinayət işi qaldırılır. Bu tərəfdən Asiya Inkişaf Bankı və Avropa Yenidənqurma və Inkişaf Bankı “LUKoil”in “Şahdəniz”dəki payını maliyyələşdirmək istəyir, bunun üçün kredit ayırmaq niyyətindədirlər. Biz bununla bağlı sorğular göndərəcəyik. Ola bilsin, yunan şirkəti ilə müqavilənin təsdiqlənməməsi həm də Azərbaycana “LUKoil”a görə təzyiq vasitəsidir”.


