Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Dünən səhər saatlarında Bakının az qala bütün mərkəzi yollarındakı tıxacdan sosial şəbəkələrdəki vay-şivəndən, haray-həşirdən sonra xəbər tutdum. Qəzəbin miqyası elə geniş, öfkənin ölçüsü o qədər böyük idi, hətta bir anlıq mənə elə gəldi bu tıxacdan inqilab-zad doğa bilər. Çoxları Ziya Məmmədovun 77 milyon manata başa gələcəyi elan edilib, amma sonda guya 100 milyon manata quraşdırılan Nəqliyyatı Intellektual Idarəetmə sistemini söyürdü, deyirdi ki, bəs nə oldu, niyə tıxaclar azalmaq əvəzinə daha da artdı, paytaxt nəqliyyatında nə isə düzəlmək əvəzinə hər şey günbəgün daha da pisləşdi.
Halbuki problemə elə bu cür yanaşmadır heç bir problemin həll olunmamasının, əksinə, dünən çox xırda görünən bir problemin belə bu gün şişib dağa dönməsinin səbəbi. Doğrudanmı, siz elə zənn edirsiniz ki, hansısa intellektual idaretmə, nə bilim, “Asan xidmət” kimi layihələrlə yollarımız tıxaclardan qurtula, ya da həyatımız asanlaşa bilər? Axı dostlardan birinin dediyi kimi, bizim vəziyyətimiz düşündüyümüzdən daha ağırdır, bu vəziyyətin Nəqliyyatı Intellektual Idarəetmə sistemindən-zaddan yox, bütövlükdə ölkəni idarəetmə sisteminin özünün dəyişməsindən gedir.
Əlbəttə, mifdir, inanmaq çətindir, amma bir anlıq təsəvvür edin ki, Bakının yollarındakı tıxac problemi yerli-dibli həll olundu. Amma ölkə özü doğru yolla irəliləmədikcə, bir ovuc adam əyri yollarla varlanmağa davam etdikcə, əvəzində isə çoxluğun “bir qarın çörək” üçün yalana, yaltaqlığa, saxtakarlığa baş vurmaqdan başqa yolu qalmadıqca lap Bakı yollarında tıxac məsələsi çözülsə, bunun anlamı, xeyri nədir?
Biz nə qədər ki, həyatımızdakı ən adi problemin, çətinliyin belə Azərbaycanın idarə olunma tərz və təfəkküründən qaynaqlandığını anlamayacaq, dərk etməyəcəyik, o vaxtacan bizi hansısa intellektual idarəetmsə mərkəzi, “Asan xidmət”lə ümidləndirməyə, hansı avtobusun neçə dəqiqədən sonra gələcəyini əvvəlcədən öyrənməklə, bir pulsuz arayış almaqla, üç dəqiqə içində şəxsiyyət vərəqəsi verməklə sevindirməyə davam edəcəklər. Həyatımızdakı, ömür yollarımızdakı tıxaclar isə günbəgün artmağa, böyüməyə davam edəcək – Bakı küçələrində olduğu kimi.
Axı niyə unuduruq ki, korrupsiyanın, əliəyriliyin olduğu yerdə, hüququn işləmədiyi, şəxslərin çox asanlıqla, rahatlıqla qanunların belinə minə bildiyi bir şəraitdə haqqında ağızdolusu danışılan “inkişaf” görüntüdür, camaata “cahanşümul nailiyyət” kimi sırınan “problemləri həll etmək” cəhdləri olsa-olsa fiksiyadır?! Hər addımda gözümüzə girən, süniliyi göz deşib zövqsüzlüyü ürək bulandıran bəzəyin altında nələrin gizlədildiyini bilmək üçün isə doğrudanmı, insandan hər hansı fövqəlistedad, intellekt tələb olunur?!
Bir musiqili fontanla, iki körpü, üç yolla guya ölkənin analoqsuz inkişaf etdiyinə inananlar qüsura baxmasın: düşdükləri tıxaclar da, qarşılaşdıqları digər irili-böyüklü problemlər də bax həmin o inamın yekəltdiyi, boya-başa çatdırdığı ağacın meyvəsidir. Indi həmin meyvəni dərib nuş edərkən ağız-burun büzmək, üz-gözünü turşutmaq, şikayətlənmək nə üçün?! Külək əsənlər fırtına biçməyə hazır olmalıdır.
Və sonda: paytaxtın dünənki tıxac fəlakəti ilə bağlı yalnız bircə dəqiq rəy oxudum, elə yazını da iqtisadçı dostumuz Natiq Cəfərlinin situasiyanı daha aydın, doğru ifadə edən həmin rəylə də bitirirəm: “Bir çoxları bu gün səhər Bakıda olan dəhşətli tıxacdan yazıblar, mərkəzi küçələrdən birini iş günü, səhər saatlarında təmirə bağlayıblar, əvvəlcədən xəbərdarlıq belə etməyiblər. Hamı deyir ki, qarşıdan 3 istirahət günü gəlir, hökumət niyə insanların, vətəndaşların əziyyətini nəzərə almayıb, niyə təmir işlərini istirahət gününə salmayıblar?! Indi deyəcəm niyəsini…
Dostlar, sivil ölkələrdə hökumətlərlə vətəndaşlar arasında iki önəmli bağ olur: seçki və vergi, bütün hökumətlər vətəndaşı həm seçici, həm də vergi ödəyicisi kimi görür, məhz buna görə vətəndaşlarla hesablaşır, onların istəklərini nəzərə alır, nazı ilə oynamağa çalışırlar. Çünki, vətəndaş vergi ödəyicisi kimi hökuməti xərclərlə bağlı, göstərdikləri xidmətin keyfiyyəti ilə bağlı divara dirəyir, hesab tələb edir, hökumətlərin verdiyi hesabatlar, izahlar qənaətbəxş olmayanda, növbəti seçkilərdə hökuməti düşürür, başqalarını iqtidara gətirirlər.
Bizdə isə müstəqilliyin ilk illərindən bu günə qədər YAP hakimiyyəti bu hər iki önəmli bağı kəsib atıb: 9 milyon əhalinin gəlirlərindən verdiyi vergi büdcənin cəmi 7-8%-ni təşkil edir (inkişaf etmiş ölkələrdə bu 60-80% arasında dəyişir), bu il cəmi 750 milyon manat vergi verəcəyik, hökumət də deyir neftin canı sağ olsun, siz nə vergi verirsiniz ki, hələ bir mən sizə xidmət də göstərim?! Seçkidə isə vəziyyət lap bərbaddır, Pənahov-Kopperfildin komandası seçkilərdə qutudan istədiklərini çıxardırlar, vətəndaşlar, ümumiyyətlə, seçki institutuna inanmır, seçki yolu ilə hökumətə təsir edə biləcəklərini düşünmürlər, ona görə də, son illərdə, ümumiyyətlə, seçkiyə getmirlər. Yəni vətəndaşlar bu iki önəmli bağı – vergi və seçki yolu ilə hökumətə təsir rıçaqlarını bərpa etməsə, həmişə belə olacaq, bu tək tıxaca aid deyil, bütün sahələrdə olan problemlərin həlli yolu bu iki institutun bərpasından keçir. Ölkə əhalisi “çörək verən sağ olsun” yanaşmasından “vergi ödəyicisiyəm, seçiciyəm, hökumət mənim xidmətçimdir” yanaşmasına keçməsə, heç nə düzəlməyəcək…”