Azərbaycanın «bədbəxt ölkələr» siyahısına düşməsi, hakimiyyəti xoşbəxt edib
Azərbaycan hakimiyyətinin özünəməxsus “təsəlli” formaları var. Daha doğrusu, hakimiyyət məğlubiyyətin dərəcələrini hesablayaraq, təsəlli üçün “fakt” axtarır. Bir qayda olaraq, Ermənistanın acından ölməsi, əhalinin ölkəni tərk etməsi kimi xəbərlərdən özlərinə imic düzəltməyə çalışırlar. Somali, Haiti, Afrikanın xəritəyə düşməyən ölkələri də, “zapas” kimi saxlanılır.
Son olaraq isə, Ermənistanın bədbəxt ölkələr siyahısında 10-cu yeri tutması, hökumətimizin sevincinə səbəb olub. Belə ki, ABŞ-ın “Cato Institute” Tədqiqat Mərkəzi ən bədbəxt ölkələrin reytinqini açıqlayıb.ÿBu reytinq, bədbəxtlik indeksi inflyasiya və işsizlik dərəcəsinə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcminə əsaslanır. Reytinq cədvəlinə 109 ölkənin adı düşüb.
Ən bədbəxt ölkələr siyahısında Suriya, Venesuela, Sudan və Iran ilk pillələrdə yer alıb.ÿSiyahıda Azərbaycan 38-ci pillədə dayanıb. Qonşu ölkələr – Ermənistan 10-cu, Gürcüstan 24-cü, Rusiya 47-ci yerləri tutub.
Reytinq cədvəlinə görə, ən xoşbəxt ölkələr Isveçrə, Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur, Malayziya və Tailanddır.
Indi, hökumət mətbuatı Azərbaycanın 38-ci yerini unudaraq, Ermənistanın 10-cu yerindən sallaşıb. Bu faktı əsas gətirərək Ermənistanın çöküşünü, məhv olmasını, reallaşdırıblar. Bu həmin Ermənistandır ki, 20 ildən artıqdır 20 faiz torpağımızı işğal edib, 1 milyon məcburi köçkünü didərgin salıb.
Amma bu məsələdə maraqlı olan başqa məqamlar da var. Bu reytinq cədvəli 109 ölkə arasında hazırlanıb və Azərbaycandan yüksəkdə 81 ölkə dayanır.
Bəs, dünyaya örnək olan inkişaf, lider ölkə, analoqsuzluq hara yox oldu? ÜDM-in artımı, 1 milyondan çox iş yerinin açılması, yoxsulluğun kökünün kəsilməsi kimi “arqument”lərinizi kim oğurladı?
Görünür, bu siyahıda 10-cu yerdə olmaq “bədbəxtlik”, 38-ci yerdə olmaq “az bədbəxtlik” sayılır. Indi, YAP hökuməti Azərbaycanı biraz bədbəxt etdiyinə görə qürurlanır.
Digər tərəfdən, niyə bədbəxtlərlə bəhsə girmisiniz?
Axı bu siyahıda xoşbəxt ölkələrin də adı var.
Məsələn, Norveçin 5 milyondan bir az artıq əhalisi var. Norveç ABŞ və Ingiltərədən sonra özünün donanma tonnajına görə dünyada üçüncü yeri tutur. Norveçin Pensiya Fondunda 828,6 milyard dollar var. Yaxud Isveçrəni götürək, ölkənin 7 milyon 500 min əhalisi var. Ölkənin ÜDM-i 694 milyard dollardı. Bu siyahıda xoşbəxtlər siyahısına düşənlərdən Sinqapurun isə 5 milyon 300 min əhalisi var. Sinqapurun ÜDM-i 315 miyard dollar təşkil edir. Adambaşına düşən ÜDM isə 60,6 min dollardı. Xarici ticarət dövriyyəsi isə, 500 mlrd. dollara yaxındır.
Belə nümunələri çox göstərmək olar. Azərbaycan hakimiyyəti isə, inkişaf edənlərin deyil, geridə qalanların siyahısına “rəhbər”lik etməyi öyrənib.
Əslində, Ermənistanın 10-cu, Azərbaycanın 38-ci sırada olması, Azərbaycanın məğlubiyyətidir. Çünki, Ermənistan heç bir sərvəti olmadığı halda 10-cu yerdədir. Azərbaycan isə, bütün sərvətlərin qarşılığında 71 pillə geridədir.
Bir anlıq təsəvvür edək ki, büdcəyə daxil olan milyardlar, ciblərə deyil, ölkə iqtisadiyyatına yatırılıb. O zaman Azərbaycanın adı xoşbəxtlərin siyahısına düşərdi.
Reallıq budur ki, hakimiyyət müxalifəti şərləyəndə də, beynəlxalq hesabatlarda sonuncu yeri tutanda da, “bədbəxt” olanda da Ermənistanı köməyə çağırır.
Bir sözlə, bədbəxtliyin 38-ci pilləsinə görə xoşbəxt olan hökumətimiz var.
Akif


