Hakimiyyət daxilində “səlahiyyət savaşı”

Kərəm Həsənov, Heydər Əsədov və Əhməd Əhmədzadə rəhbərlik etdiyi qurumların səlahiyyətinin artırılmasına çalışır

Azərbaycanda eyni funksiyanı icra edən bir çox strukturlar var ki, onların vahid mərkəzdən idarə olunması daha məqsədəuyğun hesab edilir. Modern.az-ın əldə etdiyi məlumatlara əsasən, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin birləşdiriləcəyi gözlənilir. Bu iki qurumun yaxın vaxtlarda birləşərək vahid mərkəzdən idarə ediləcəyinin qaçılmaz olduğu vurğulanır.

Qeyd edək ki, “Azadlıq” bundan əvvəl bir neçə qurumun birləşdiriləcəyi barədə məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini bölüşdürmək niyyətindədir.

Əmlak komitəsinin sədri Kərəm Həsənov qurumun kadastr xidmətini, kənd təsərrüfatı naziri Heydər Əsədov isə torpaq islahatı, torpaq ehtiyatlarının səmərəli istifadəsinin təşkili, torpaqların münbitliyinin bərpası və s. bu kimi səlahiyyətlərini əl keçirmək istəyir. Görünən odur ki, yalnız Kərəm Həsənovla, Heydər Əsədov deyil, hakimiyyətdə kifayət qədər güclü dayaqları olan Əhməd Əhmədzadə də rəhbərlik etdiyi qurumun səlahiyyətlərinin artırılmasına çalışır.