Sabir Rüstəmxanlı: «Bu, müvəqqəti haldır»
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Məşvərət Məclisinin sədri Mahmudəli Çöhrəqanlı Bakıya gəlməklə bağlı ümidini itirib. Bu barədə “modern.az”a Mahmudəli Çöhrəqanlının özü məlumat verib. GAMOH lideri bildirib ki, viza problemi ilə bağlı Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət etsə də, onun məsələsinə baxılmayıb: “Görünür, bizə Bütöv Azərbaycanın şimal hissəsini görmək mümkün olmayacaq”.
Çöhrəqanlı DAK-ın Türkiyədə keçiriləcək qurultayında iştirak etməyəcəyini də bəyan edib. O, bunu Türkiyənin hakim Ədalət və Inkişaf Partiyasının mövqeyi ilə əlaqələndirib: “Türkiyədə nə qədər ki, AKP hakimiyyətdədir, mənim ora getməyim də problem olacaq. Mən DAK-ın Türkiyədə keçiriləcək qurultayına gedə bilməyəcəyəm, daha doğrusu, getməyimə imkan verməyəcəklər”.
Xatırladaq ki, Çöhrəqanlı 2013-cü ilin avqust ayında Bakıya gəlsə də, viza problemi səbəbilə geri qaytarılmışdı.
Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı məsələ barədə qənaətini “Azadlıq”la bölüşüb. O bildirib ki, burada dövlətlərarası münasibətlər, anlaşmalar rol oynayır. Sabir Rüstəmxanlı qeyd edir ki, keçən dəfə viza alınması qaydalarının hamısına lazımi əməl olunmadığı üçün problem yaranmışdı: “Bu mənada, viza ilə bağlı prosedur qaydalara aydınlıq gətiriliməsi mümkündür. Hər halda, güman edirəm ki, bu, müvəqqəti vəziyyətdir və keçib gedər”.
Nigar


