Tanınmışlar xalqı mitinqə çağırdı

Onlar hakimiyyətin mitinq təxribatını gözündə qoymaq üçün hamını noyabrın 9-da saat 15.00-da “Məhsul” stadionuna dəvət etdilər 

Meriyanın Milli Şuraya qarşı gerçəkləşdirdiyi təxribat nəticəsində aksiyanın zamanı noyabrın 10-dan 9-na dəyişdirilməli oldu. Milli Şuranın bununla bağlı noyabrın 7-də keçirdiyi fövqəladə iclasında mitinqin noyabrın 9-da keçirilməsinə dair qərar çıxarıldı. Amma mitinqin vaxtının dəyişdirilməsinə baxmayaraq demokratik düşərgə təmsilçilərinin fikrincə, hakimiyyətin aksiyanın izdihamlılığına təsir etmək cəhdi baş tutmayacaq. Çünki Milli Şuranın təşəbbüsü ilə keçirilən aksiya cəmiyyəti narahat edən siyasi məhbus problemi ilə bağlıdır.

Həsən Kərimov: «Aksiyaya ciddi hazırlaşmışıq»

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, artıq aksiyanın zamanının dəyişdirilməsi ilə bağlı təşkilatın müvafiq strukturlarına göstəriş verilib və partiya üzvləri tam məlumatlandırılıblar: «Biz aksiyaya ciddi hazırlaşmışıq. Bütün təbliğat vasitələrindən də istifadə edərək aksiyanın vaxtının dəyişdirilməsi barədə məlumat vermişik. Əminəm ki, çətinliklərə baxmayaraq mitinqin kütləviliyini təmin edə biləcəyik. Çünki mitinqin keçirilmə səbəbi Azərbaycanın əsas problemlərinə həsr olunub. Siyasi məhbus probleminin həlli mübarizə istiqamətlərimizdən biridir».

Gözəl Bayramlı: «Aksiyamız planlaşdırdığımız kimi möhtəşəm alınacaq»

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, hakimiyyətin Milli Şuranın aksiyasının əvvəlcə noyabrın 10-na razılıq verdiyi barədə məlumat yayması, daha sonra isə aksiyanın tarixinin tam başqa gün olduğunu bəyan etməsi təsadüfi deyil. G.Bayramlı hesab edir ki, burada hakimiyyətin maraqları başa düşüləndir: «Düşünürəm ki, noyabrın 9-da keçirəcəyimiz aksiya 10-na planlaşdırdığımız aksiya qədər möhtəşəm alınacaq. Biz buna çalışırıq, partiya olaraq buna səfərbər olunmuşuq. Bütün vətəndaşlarımıza çağırış edərək demək istəyirəm ki, aksiyaya qatılmaq bir vətəndaş borcumuzdur. Çünki hazırda həbsdə yatan siyasi məhbuslar bizim hüquqlarımızı qoruduqları üçün azadlıqlarından məhrum olublar». 

Məşədi Vaqif Pənahov: «Bu ədalətsizliyə susmaq olmaq, hamını mübarizəyə çağırıram»

AXCP Rəyasət Heyətinin üzvü Məşədi Vaqif Pənahov bildir ki, Milli Şuranın «siyasi məhbuslara azadlıq» tələbi ilə keçirdiyi mitinq zamanın tələbi ilə səsləşir. Vətəndaşlarımızı hamılıqla aksiyada iştirak etməyə çağıran V.Pənahov vurğuladı ki, ölkədə dəyişikliklərə nail olmaq üçün cəmiyyətin müqavimətinin səfərbər olunması vacibdir: «Aksiya Bakıda keçirildiyi üçün Bakı kəndlərinin əhalisinə müraciət edirəm. Aksiyada iştirak hazırkı dönəmdə dövlətçiliyimizə böyük dəstəkdir. Yüzlərlə insan hazırda nahaq yerə məhbus həyatı yaşayır. Buna səbəb onların haqq uğrunda mübarizə aparmalarıdır. Seymur Həzi bir müddət əvvəl məndən müsahibə götürmüşdü. Mən həmin müsahibədə hakimiyyətin əsl mahiyyətini açmışdım. Eyni zamanda Xaliq Qarayev də mübarizliyinə görə həbsə olunub. Ona görə mən hamını syiasi məhbuslarımızın taleyinə biganə qalmamağa, bu ədalətsizliyə qarşı mübarizə aparmağa çağırıram. Çünki baş verənlərə biganə qalmağımıza görə cavab verməli olacağıq».

Gültəkin Hacıbəyli: «Mitinqə qoşulmaq hər bir insanın vicdan borcudur»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də hesab edir ki, aksiyanın keçirilmə vaxtının dəyişdirilməsi mitinqin izdihamlılığına ciddi təsir etməyəcək. Noyabrın 9-nu aksiya keçirmək üçün daha uğurlu gün sayan G.Hacıbəyli vurğuladı ki, noyabrın 9-da vətəndaşlarımız aksiyaya qatılmaqla Bayraq Gününü də qeyd etmiş olacaqlar: «Vətəndaşlarımız məhz noyabrın 9-da Bayraq Günü aksiyaya qatılaraq bayrağımızı başları üzərində dalğalandırmaqdan əlavə zövq almış olacaqlar. Bu bayramı da həmin mitinqdə qeyd edəcəyik. Bu mitinqə qoşulmaq hər bir insanın vicdan borcudur. Çünki bu gün məhbəsdə min bir əzəb-əziyyətlə üzləşən insanlar bizim hüquqlarımız uğrunda mübarizə aparıblar. Onlar şəxsi firavanlıqlarını düşünsəydilər, bu gün xarici ölkədə yaşamış olardılar. Amma bu insanlar Azərbaycanda məhbəs həyatını seçdilər. Çünki gözəl anlayırlar ki, Azərbaycanın həqiqi azadlığa, inkişafa gedən yolu demokratik mübarizədən keçir. Bu gün məhbəsdə olan və ağır xəstəliklərdən əziyyət çəkən İntiqam Əliyev barəsində cinayət işi başlanan zaman o Praqada idi. Onun bu ölkədə qalması üçün gözəl imkanlar təklif edirdilər. Amma İntiqam Əliyev həbs olunacağını bildiyi halda Bakıya geri döndü. Çıxışlarının birində İntiqam Əliyev bildirdi ki, o, geri dönməsəydi, özünə hörmət etməzdi. Çünki o, təqibə məruz qalan buradakı dostlarını, əqidə yoldaşlarını tək buraxa bilməzdi».

G.Hacıbəyli hesab edir ki, Azərbaycanın xoşbəxtliyini düşünən hər bir insan İntiqam Əliyev və başqa siyasi məhbuslar həbsdə olduğu müddətdə mənəvi rahatlıq tapmamalıdır. Ona görə hər bir vətəndaş siyasi məhbuslara azadlıq mübarizəsinə öz töhfəsini verməlidir. «Mən məhz buna görə həmin mitinqdə olacam və siyasi baxışlarına görə həbs olunan siyasi məhbuslara dəstəyimi ifadə edəcəm», deyə G.Hacıbəyli vurğuladı. 

İbrahim İbrahimli: «Repressiyaları dayandırmaq üçün hamılıqla meydana çıxmağın zamanıdır»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli bildirdi ki, Milli Şuranın oktyabrın 12-dəki aksiyasından sonra cəmiyyətin əhval-ruhiyyəsində ciddi dönüş hiss olunur. Toplumdakı canlanmanın hakimiyyətin diqqətindən yayınmadığını deyən İ.İbrahimli vurğuladı ki, bu üzdən hakimiyyət təxribata gedərək mitinqin zamanını dəyişdi: «İcra hakimiyyətinin mitinqin vaxtını dəyişməsi təbii ki, təxribatdır. Hakimiyyətin bu addımının elə bir ciddi təsiri olmayacaq. Mitinq cəmiyyətdəki canlanmanı özündə saxlayaraq kütləviliyi təmin edə biləcək. Mitinqin həm keyfiyyətində, həm də kəmiyyətində irəliyə doğru addım atılacaq». 

İ.İbrahimli ziyalılara, inanclı insanlara, sadə vətəndaşlara müraciət edərək vurğuladı ki, siyasi repressiyaların qarşısını almaq lazımdır: «Repressiyalar bir vaxtlar siyasi müxalifətə qarşı idisə, son dövrlər hakimiyyətin yürütdüyü repressiv siyasət topluma qarşı çevrilib. Cəmiyyətin ayrı-ayrı tanınmış ziyalılarına, gəncliyə qarşı çevrilmiş siyasəti müşahidə edirik. Bu prosesi durdurmağın bir yolu var ki, hamılıqla meydana çıxmağın zamanıdır. Yalnız bu halda hakimiyyətin bu siyasətini dayandırmaq olar. Ona görə mən üzümü vətəndaşlarımıza tutaraq onları mitinqdə iştirak etməyə dəvət edirəm. Mitinqə gələrək haqqlarınızı tələb edin. Haqqlarınızı tələb etdikləri üçün həbsdə yatan insanlara azadlıq istəyin».

Mirvari Qəhrəmanlı: «Hakimiyyətin aksiyanın izdihamını azaltmaq cəhdi fayda verməyəcək»

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mirvari Qəhrəmanlı vurğuladı ki, meriyanın aksiyanın müddətini dəyişməsi sözsüz ki, planlı şəkildə həyata keçirilib. Çünki bundan əvvəl də dövlət bayramlarında aksiyanın keçirilməsi ilə bağlı müraciət edilsə də, hökumət buna razılıq verməmişdi: «Aksiyaya bir gün aqlmış keçirilmə zamanının dəyişdirilməsi bilərəkdən edilib. Amma hər halda sosial şəbəkələrdəki yazışmalar aksiyanın zamanının dəyişdirildiyini qısa müddətdə ictimailləşdirdi. Milli Şuranın keçirdiyi aksiya cəmiyyəti narahat edən problemlərə etirazdır. Bu siyasi məhbuslara mənəvi dəstək aksiyasıdır. Milli Şura eyni zamanda vətəndaşımızı narahat edən sosial problemlərə də toxunacaq. Ona görə vətəndaşlar həm öz problemlərini, həm də siyasi məhbus problemini bir daha gündəmə gətirmək üçün aksiyaya qatılacaqlar».

Oqtay Güləliyev: «Aksiyaya qatılmaq demokratiya uğrunda mübarizə aparanlara dəstək üçün vacibdir»

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev də bildirdi ki, mitinqin vaxtının dəyişdirilməsi son nəticəyə elə bir təsir edə bilməz. Bununla bağlı internet saytlarında, sosial şəbəkələrdə kifayət qədər təbliğat aparıldığını deyən O.Güləliyev vurğuladı ki, təşkilatın mitinqə hazırlığı Koordinasiya Mərkəzində yüksək qiymətləndirilib: «Ölkədəki iqtisadi vəziyyətin dözülməz olması vətəndaşlarımızı narahat edir. Əhali çörəklə imtahana çəkilir, hər addımbaşı korrupsiya ilə üzləşir. Ona görə hesab edirəm ki, vətəndaşlarımız bu mitinqdə fəal iştirak etməlidirlər. Ölkə həbsxanları siyasi məhbuslarla doludur. Bu dalğa davam etməkdədir. Azərbaycanda heç kim rejimin apardığı siyasətdən sığortalanmayıb. Bu qanunsuz həbslərin insanların qapılarını döyməməsi, demokratiya uğrunda mübarizə aparan insanlara dəstək olmaları üçün vətəndaşlarımızın aksiyaya qatılması vacibdir».

Nadir Ağayev: «Heydər Əliyevin repressiya siyasəti davam edir»

Məhşur disident Nadir Ağayev hesab edir ki, Milli Şuranın belə bir təşəbbüslə çıxış etməsi cəmiyyətdən gələn tələbin yerinə yetirilməsidir. Çünki siyasi məhbus problemi Azərbaycanı narahat edən məsələdir: «Milli Şuranın oktyabrın 12-də keçirdiyi aksiya kimi bu dəfə keçirilən mitinqin də izdihamlı olacağına inanıram. Mənim 77 yaşım var. Hakimiyyətin hazırda yürütdüyü repressiya siyasəti bir vaxtlar Heydər Əliyev tərəfindən həyata keçirilib. O, 69-cu ildə hakimiyyətə gələndən sonra ölkəni həbslər dalğası bürüdü. Hazırda həmin siyasətin oxşarı davam edir. Ona görə İlham Əliyevin bəyan etməsi ki, Heydər Əliyevin siyasətini davam etdirirəm reallığa uyğundur. «Azadlıq» qəzetinin əməkdaşı Xalid Qarayevin guya küçədə söyüş söydüyü deyilir. Nə qədər də gülüncdür. Ölkənin 20 faizi ermənilər, qalan hissəsi isə bir qrup insan tərəfindən işğal olunub. Səhəttim imkan verərsə, böyük məmnuniyyətlə aksiyaya qatılacam, söz verilərsə hətta çıxış etməyə də hazıram».

Xəyal