Qəzzafi son günlərini yaşayır

NATO diktatorun iki strateji nazirliyini bombaladı

Neft korporasiyasının rəhbəri müxalifətin tərəfinə keçdi

Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı yerli və beynəlxalq hərbi əməliyyatlar davam edir. NATO komandanlığı altında aparılan əməliyyatlar çərçivəsində koalisiya qüvvələrinə aid qırıcılar Liviya paytaxtı Tripolidə dövlət obyektlərini hədəfə alıb.
“France Press” agentliyinin verdiyi məlumata görə, Qəzzafinin sonuncu qalası adlandırılan Tripolidə iki hökumət binasını NATO qırıcıları bombalayıb. Hədəf isə Liviya təhlükəsizlik xidmətinin və korrupsiyaya qarşı mübarizə üzrə nazirliyin binaları olub.
Hər iki hökumət binası Liviya diktatorunun iqamətgahının yaxınlığında yerləşir. Hava zərbələrindən sonra binalarda yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər göndərilib. Bir neçə nəfər yaralanıb.
NATO qüvvələri Müəmmər Qəzzafiyə sadiq qoşunların radiotezliyində yayıma başlayıb. Efirə ingilis və ərəb dillərində məlumatlar ötürülür və Qəzzafinin qoşunları təslim olmağa çağırılır. Çağırışda “Öz xalqınıza qarşı döyüşməyi dayandırın” deyilir.
Koalisiya qüvvələrindən yayılmış məlumata görə, Qəzzafi rejimi vəziyyətə nəzarəti itirib və əcnəbi muzdlulardan Liviya xalqına qarşı divan tutmaq üçün istifadə edir. Audioyazıda qadın və uşaq səsləri də eşidilir. Onlar deyirlər ki, əsgərlər silahı yerə qoymalı və evlərinə qayıtmalıdırlar.
NATO əməliyyatlarında fəal iştirak edən ölkələrdən biri Italiyanın xarici işlər naziri Franko Frattini jurnalistlərə verdiyi açıqlamasında Müəmmər Qəzzafinin sonuna az qaldığını bildirib. Nazirin sözlərinə görə, Liviya diktatoru istefa verərək könüllü şəkildə təslim olmalı və ona qarşı irəli sürülən ittihamlarla razılaşmalıdır. Əks təqdirdə onun fiziki məhvi qaçılmaz olacaq.
Bundan başqa, Liviya neft korporasiyasının rəhbəri Şükrü Qanem tutduğu postdan istefa verərək Qəzzafiyə qarşı savaşan üsyançıların tərəfinə keçib. Xəbəri “Əl-Ərəbiyyə” telekanalı yayıb. “Əl-Cəzirə” kanalının məlumatına görə, Qanem xarici ölkələrdən birinə qaçıb. 68 yaşlı Şükrü Qanem Liviya Milli neft korporasiyasına 2006-cı ildən rəhbərlik edirdi.

İnformasiya şöbəsi