“Müsavat rəhbərlikdəkilərin şəxsi mülkü deyil ki…”

Səxavət Əlisoy: «Arif Hacılı qardaşının dirijorluğu ilə narazı müsavatçıları təhqir etdirir»

Xəbər verdiyimiz kimi, Müsavat başqanlığına keçmiş namizəd Qubad Ibadoğlu qurultayın nəticəsindən narazı qalanlarla birlikdə noyabrın 8-də partiyanın qərargahında görüş keçirməyi planlaşdırır. Qubad Ibadoğlu, hətta qarşı tərəfi də görüşdə iştiraka çağıraraq, narazılığa səbəb olan məsələlərin birgə müzakirəsini təklif edir. Amma mətbuatda məlumatlar yayılıb ki, partiya rəhbərliyi görüşün baş tutmasında maraqlı deyil. Ona görə də partiyadaxili müzakirələrin keçirilməsinə müəyyən əngəllər yaradılır.

Müsavat başqanlığına digər keçmiş namizəd Tural Abbaslı yayılan məlumatlara münasibət bildirərkən deyib ki, Müsavatın qərargahı bütün inventarları ilə birgə partiya üzvlərinindir. Rəhbərlikdəkilərin şəxsi mülkü deyil ki, kimsə kiminsə nəsə keçirməsinə mane olsun.

Tural Abbaslı “hafta.az”a açıqlamasında toplantıya rəhbərliyin əngəl törətməsinin partiya nizamnaməsinə zidd olduğunu qeyd edib: “Partiyanın nizamnaməsinə əsasən, hər bir Müsavat üzvünün qurum daxilində qəbul olunan qərarlara etiraz etmək haqqı var. Hətta bu, partiya üzvlərinin qəbul etdiyi qərarın qəbulundan sonra da olsa belə. Məclis və divan üzvləri televiziya və qəzet vasitəsilə də partiya qərarına öz etirazlarını bildirə və ictimailəşdirə bilərlər. Heç kimin bunun qarşısını almağa haqqı yoxdur”.
Tural Abbaslı eyni zamanda, Qubad Ibadoğlunun partiya qərargahında toplantı keçirməsinə kimsənin əngəl törətməsinə inanmadığını deyib.

“Hüseyn Məlik Nostradamusluq edib deyirdi ki…”

Bu arada, Qubad Ibadoğlu noyabrın 8-nə nəzərdə tutulan görüş barədə yeni müraciət ünvanlayıb. Qeyd edib ki, hər bir vicdanlı müsavatçının narahatlığına səbəb olan hazırkı durumun ciddi müzakirələr əsasında dəyərləndirilməsi baş tutacaq və gələcəyə yönəlik pozitiv təkliflər müzakirə olunacaq: “Bizim yeganə məqsədimiz ayrı-ayrı şəxsləri deyil, bütövlükdə Müsavatı bu arzuolunmaz durumdan qalib çıxarmaqdır”.
Qubad Ibadoğlunun sözlərinə görə, görüşdə, eyni zamanda, nizamnamə pozuntuları ilə bağlı hazırlanan arayışa və  Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) verdiyi rəyə münasibət açıqlanacaq.
MNTK sədri Sevinc Hüseynova isə “teleqraf.com”a deyib ki, Qubad Ibadoğlu təkcə MNTK-nın onun arayışına verdiyi rəyə görə görüş keçirmir, həm də bundan sonrakı fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək: “Yəqin, MNTK-nın rəyinə münasibəti olacaq. Amma bu rəyi biz obyektiv yazmışıq, bənd-bənd, nizamnaməyə tam uyğun şəkildə hazırlanıb. Hətta Qubad Ibadoğlunun bizə göndərdiyi arayışı sosial şəbəkələrdə paylaşmışdım. Bizim verdiyimiz müvafiq rəyi də mediaya göndərmişik. Arayışda göstərdikləri və hesab etdikləri çatışmazlıqlar aşkarlanmayıb və biz də ona uyğun rəy vermişik. Rəyə münasibət bildirmək haqları var. Narazı tərəfdirlər, özləri bilər, necə reaksiya verəcəklər. Yenidən müraciət etsələr və ortaya hansısa faktları qoysalar, biz onları da müzakirə etməyə hazırıq”.
Sevinc Hüseynova keçmiş başqan müşaviri Hüseyn Məlikin onun barəsində dediyi “Sevinc Hüseynovanın MNTK sədri olacağı qurultaydan öncə bəlli idi” fikrinə belə reaksiya verib: “Hüseyn Məlik Nostradamusluq edib əvvəlcədən deyirdi ki, Qubad Ibadoğlu Müsavat başqanı seçiləcək. Bunu nə cür, təyinatlamı edəcəkdilər, bilmirəm, amma o plan baş tutmadı. Mən o insanın öncəgörmələrinə inanmıram. Hüseyn Məlik öz səviyyəsinə uyğun çıxış edir. Mənsə qurultayda 280 səs alaraq MNTK-ya üzv oldum. MNTK sədrliyinə isə alternativ seçki olub. Gizli səsvermə nəticəsində 8 MNTK üzvündən 7-si mənə etimad göstərib. Hüseyn Məlikin dediyi o qədər qeyri-ciddi bir şeydir ki, ona münasibət bildirmək istəmirəm”.

“İstefamın səbəbini açıqlayacam”

Bugünlərdə Müsavat partiyasından ayrılan Nəsib Nəsibli istefasının səbəblərilə bağlı yayılmış söz-söhbətlərə münasibət bildirərkən deyib ki, hələlik bu haqda danışmaq istəmir: “Istefa vermək mənim hüququmdur. Hüququmdan istifadə etmişəm. Ola bilsin ki, nə vaxtsa istefamın səbəblərini açıqlayacam, amma hələ ki, bu barədə danışmaq niyyətim yoxdur”.
Nəsib Nəsibli “teleqraf.com”a açıqlamasında onu da qeyd edib ki, gələcək siyasi fəaliyyəti barədə hələlik qərar verməyib: “Elmi fəaliyyətimi davam etdirirəm. Siyasi fəaliyyətim haqqında heç nə deyə bilmərəm. Çünki qərar verməmişəm”.
Gələn il keçiriləcək parlament seçkilərində iştirak edib-etməyəcəyi sualına isə Nəsib Nəsibli belə cavab verib: “Indidən bu barədə heç nə deyə bilmərəm. Bir il vaxtımız var. 2015-ci ilin ortalarından sonra seçkilərlə bağlı qərarımızı açıqlayacağıq”.

“Müsavatda Arif Hacılının oyunbazlığını qəbul etməyən çoxlu insan var”

Başqanlığa digər keçmiş namizəd Səxavət Əlisoy isə başqan Arif Hacılının “narazıların partiyanın maraqlarına zərbə vurması” haqda fikirlərinə cavab verib. O, “publika.az”a açıqlamasında deyib ki, Arif Hacılı səmimi deyil: “O, üzdə qucaqlaşmaq təklifi edir, əslində isə öz legitimliyini qəbul etdirmək məqsədi daşıyır”.
Onun sözlərinə görə, Arif Hacılı qardaşının dirijorluğu ilə narazı müsavatçıları təhqir etdirir: “O, əvvəlcə öz hərəkətlərini və qardaşının yazdıqlarını götür-qoy etsin, dəstəsinin üzvlərinin təftişini, şantajını dayandırsın və sonra müdrik çağırışlarını bəyan etsin. Müsavatda Arif Hacılının dəstəsinin qurultay oyunbazlığını qəbul etməyən çoxlu sayda insan var. Saxtakarlığa qarşı mübarizə aparanların saxtakarlığı qəbul etməsi absurddur. Noyabrın 8-də çox məsələlərə aydınlıq gətirəcəyik”.
Səxavət Əlisoy fraksiya yaratmaq ehtimalları haqda da danışıb. Onun sözlərinə görə, fraksiya fikirləri Arif Hacılının yuxusuna haram qatıb: “Fraksiya yaranacağı təqdirdə, populist addımlar ata bilməyəcəyini yaxşı bilir. Müsavat heç kimin dədəsinin malı deyil. Öz sağlamlığını, ömrünü Müsavatın fəaliyyətinə qurban verən insanlar var”.

“Elnur Astanbəylinin Müsavatdan neçə dəfə istefa verdiyini unutmuşam”

“Azadlıq” qəzetinin köşə yazarı, Müsavat üzvü Elnur Astanbəyli son günlər partiya daxilindəki proseslərlə bağlı müsahibəsinə görə müsavatçıların hücum hədəfinə çevrilib.
Müsavat başqanının müavini Elman Fəttah “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ümumiyyətlə, Elnur Astanbəylinin partiyadan neçə dəfə istefa verdiyini unudub. Onu yaxşı dost, dəyərli jurnalist hesab etdiyini deyən Elman Fəttahın sözlərinə görə, ortada cəmi bir problem var: “Partiyanın işində ümumiyyətlə, iştirak etmədiyinə görə partiyadaxili məsələlərdən məlumatsızdır. Müsavat Partiyasında heç kimə qarşı linç kampaniyası getmir. Heç Elnur Astanbəyliyə qarşı da hər hansı nizamnamə tədbiri görülmür. Təəssüf edirəm ki, Müsavatın üzvü olduğunu dediyi halda, siyasətlə bağlı bütün fəaliyyətini Müsavatın əleyhinə yönəldir. Hər hansı siyasi partiyanın üzvləri o partiyanın maraqlarını müdafiə edir, nəinki ona qarşı əsassız ittihamlar səsləndirir”.
Elnur Astanbəylinin Müsavat barədə ittihamlarını rədd etdiyini deyən Elman Fəttahın sözlərinə görə, Müsavat daxilində ən yüksək səviyyədə demokratiya var və seçkili demokratiya onun missiyasıdır: “Onun dediyi sözdür, bizim ona qarşı ”haqsızlıq edirsən” deməyimiz söz yox, qurğuşundur? Biz dözümsüz olub nə etmişik? Onu partiyadan çıxarırıq, hansısa tədbir görürük? Haqsız ittihamlara cavab vermək hüququmuzdan istifadə etmişik”.