Nardaranda “İran bayrağı” qalmaqalı

QMI və dini komitə baş verənləri pislədi; Natiq Kərimov isə yayılan məlumatların təxribat olduğunu bildirdi

Qafqaz Müsəlmanları Idarəsi (QMI) Aşura günü Bakı kəndlərində, o cümlədən Nardaranda bəzi məclislərin Iran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

QMI-nin mətbuat xidmətindən APA-ya verilən açıqlamada bildirilib ki, baş verən hadisələr idarənin nəzarət etdiyi məscid və ziyarətgahlarda qeydə alınmayıb.
Bildirilir ki, internetdə bununla bağlı videogörüntülər yayılan kimi QMI Bakı kəndlərində nəzarətində olan məscidlərdə araşdırmaya başlayıb və belə bir fakt aşkar etməyib: “Bununla belə, baş verən hadisələrlə bağlı başda sədr Şeyxülislam Allahşükür Paşazadə olmaqla, QMI-nin mövqeyi ondan ibarətdir ki, bu, Iran prezidentinin Azərbaycana səfəri öncəsi iki ölkə münasibətlərinə xələl gətirən təxribatdır. Dindarlarımıza bu kimi təxribatlardan uzaq olmağa çağırırıq. QMI bunu pisləyir və dini mərasimlərin digər dövlətin bayrağı, siyasi liderlərinin fotoları altında keçirilməsini yolverilməz hesab edir. Azərbaycanda bütün dini mərasimlər öz milli mənəvi dəyərlərimizə söykənərək keçirilir və heç bir dövlət bizə təsir edə bilməz”.

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanlı da APA-ya açıqlamasında bildirib ki, belə hallar qəti şəkildə pislənilir.
M.Qurbanlı qeyd edib ki, Azərbaycanın Iranla münasibətləri çox normaldır: “O portretlərdəki insanlar Iranın ali dövlət adamları kimi tanınırlar və onların şəkillərinin nümayiş etdirilməsi dini mərasimlərə aid olmayan haldır. Ona görə də bu hal bizim tərəfdən qətiyyətlə pislənilir”.

Komitə sədri deyib ki, bu cür hərəkətlərlə kimlərsə orada özünü göstərmək istəyirsə, yanılır: “Hər şeydən əvvəl bilsinlər ki, nümayiş etdirdikləri nə Imam Hüseynə (ə) və digər müqəddəslərə, nə də o məclislərin keçirildiyi ərazilərdəki ziyarət yerlərinə uyğundur. Oradakı sakinlər də bilməlidirlər ki, ümmət olmamışdan əvvəl millətdirlər. Azərbaycan xalqına, dövlətinə və bayrağına sədaqətini nümayiş etdirməlidirlər. Başqa dövlətin bayrağı və siyasi liderinin fotosu altında dini ayin icra etmək, məclis qurmaq qəti yolverilməzdir. Bunun Kərbəla hadisələri ilə də əlaqəsi yoxdur”.

M.Qurbanlı deyib ki, Dövlət Komitəsinin nümayəndələri məsələni yerindəcə araşdırıblar: “Həmin ərazidə fəaliyyət göstərən dini icmalara müvafiq qaydada ciddi xəbərdarlıq olundu, belə hallara gələcəkdə qəti şəkildə yol verilməməsi bildirildi”.

Komitə sədri onu da deyib ki, Azərbaycanda istənilən dinə aid mərasimlərin keçirilməsi üçün yüksək səviyyədə şərait var və dövlət buna heç vaxt qadağa qoymur: “Ötən gün Aşura mərasimləri də çox yaxşı keçdi, ötən illərlə müqayisədə nöqsanlı hallar çox az baş verdi, əksər yerdə isə demək olar ki, baş vermədi”.

Qeyd edək ki, Məhərrəm ayının girməsi, eyni zamanda Aşura günü ilə əlaqədar Bakı kəndlərində, xüsusilə Nardaranda keçirilən məclislər Iran Islam Respublikasının bayrağı və Iranın dövlət xadimlərinin fotoları altında keçirməsi barədə internetdə videoçəkilişlər yayılıb.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov isə bu barədə yayılan məlumatları təxribat adlandırıb.

Onun sözlərinə görə, bu, təkcə Nardarana qarşı yox, bütünlükdə Aşura mərasiminə qarşı təxribatdır. “Biz kəndin hər tərəfini gəzmişik, belə bir fakt olmayıb. Bir də ki, Islam atributu dövlət bayrağımızda əksini tapıb, bundan ötrü başqasının bayrağını qaldırmağa ehtiyac yoxdur, kimsə bunu bayrağımızda görə bilmirsə, bu həmin şəxsin öz problemidir”, – deyə Nardaran ağsaqqalı bildirib.

N.Kərimov Aşura mərasimilə bağlı Irandan Nardarana baş yarmaq üçün qılıncvuranlar, zəncirvranlar gətirilməsi barədə xəbərlərin də əsası olmadığını söyləyib. “Əvvəla, qılıncla baş yarmaq din alimlərinin hökmü ilə qadağandır, kim bu hökmə əməl etmirsə, özünü dindən kənarda qoyur, ikincisi, əgər belə bir hal oslaydı, bunun qarşısını hökmən özümüz alardıq”, – deyə N.Kərimov qeyd edib.

N.Kərimov hər-hansı araşdırma aparılmadan dini komitə sədri Mübariz Qurbanlının olmayan, baş verməyən hadisəyə münasibət ifadə etməsini məmura yaraşmayan tələskənlik kimi dəyərləndirib.