Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Bu yazını yazıb-yazmamaqla bağlı xeyli tərəddüd etdim.
Hələ uzun illər əvvəl uzaq Argentinada məşhur yazıçı Borxes oxucunun bir insan kateqoriyası kimi yox olmaq üzrə olmasından narahatlıqla danışır, “yazıçı çoxdur, oxucu azdır” deyə gileylənirdi.
Elə mənim də bu yazını yazıb-yazmamaqla bağlı tərəddüdüm buna görədir – bizdə də oxucunun bir insan kateqoriyası kimi yox olması, yazanın çoxluğu, oxuyanın azlığı. Və belə bir vaxtda mənim yeni çapdan çıxan kitabımla bağlı həmin bu azlığa müraciət etməyim nə qədər doğrudur?
Digər tərəfdən, yazmaqdan başqa əlindən bir iş gəlməyən, yazdıqlarının maddi qarşılığını görmədən yaşaması, yeni yazılara yelkən açması müşkül, hətta mümkünsüz birinin son çarə olaraq üzünü oxucuya tutmasından, ondan dəstək gözləməsindən təbii nə ola bilər?
Bax bu iki sual arasında çox var-gəldən sonra bu yazını yazmağa qərar verdim.
Normal ölkədə, normal şərtlər altında belə bir çağırışa bəlkə də ehtiyac qalmazdı. Amma anormallıqların normal qarşılanmağa başlandığı, adiliklərin qeyri-adi qəbul olunduğu, ən əsası isə kitabın bir mənəvi tələbat olmaqdan çıxdığı, topluma kitabsızların diqtə etdiyi vaxtda, qələm adamının qələmi ilə yaşamağa və yaratmağa davam etmək imkanlarının tükəndiyi bu çağırışım kimsəyə qəribə, təəccüblü görünməməlidir. Belə bir çağırışı hətta ironik qarşılayanlar da ola bilər. Sadəlöhvlüyümə gülənlər də tapıla bilər. Qoy olsun. Mən bu çağırışda utanmalı heç nə görmürəm. Kitabının satılmasını arzulamaq qələmini kimlərəsə, nələrəsə satmaqdan utancverici deyil.
Bəli, əziz oxucular, məsələ burasındadır ki, bu günlərdə bəndənizin “Oktyabra məktublar” adlı yeni şeir kitabı işıq üzü görüb. Hələlik həmin kitabı gənc, amma fədakar dostların minbir məhrumiyyətlə yaradıb yaşatmağa çalışdığı “KitaBaz” kitab mağazasından (Əlövsət Quliyev, 72; Mərkəzi Univermağın yaxınlığı, mağaza ilə əlaqə telefonu: 055-576-68-63,) əldə etmək mümkündür. Üstəlik, noyabrın 8-də, saat 3-də elə “KitaBaz”ın təşkilatçılığı ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında (Xətai rayonu, X.Rüstəmov küç. 1210-cu məhəllə, tanımayanlar da yuxarıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər) “Oktyabra məktublar”ın imza günü keçiriləcək, vaxtı, marağı, həvəsi olanları həmin tədbirə də dəvət edirəm.
Indi əlindən yazmaqdan başqa iş gəlməyən biri olaraq gözləntim, təmənnam kitabımın sizlərdən təqdir görməsidir. Illərdir ən ağır maddi və mənəvi şərtlər altında yazmağa davam etdiyim üçün özümdə oxuculara bu cür çağırış haqqı görürəm. Bu kitaba toplanan şeirlərlə bağlı heç bir yüksək iddiam yoxdur. Onların şedevr olduğuna da iddia etmirəm. Söhbət, ümumiyyətlə, bundan getmir. Sadəcə, bir yazarın ləyaqəti ilə, vicdanını satmayaraq, Şərin kölgəsinə sığınmayaraq yaşamağa, deməli, həm də yazmağa, yaratmağa davam etməsi üçün oxucu kölgəsinə sığınmaqdan, onun dəstəyinə güvənməkdən qeyri yolunun olmadığını düşünür, Azərbaycan reallığında bu nə qədər çətin olsa belə, hər halda belə bir dəstəyə ümid edirəm. Sizin alacağınız hər bir kitab onun müəllifi üçün maddi olaraq da, mənəvi olaraq da böyük dəstəkdir, misilsiz ilham qaynağıdır.
Mənim deyəcəyim bu qədər.
Bütün hallarda təqdir yenə sizindir, əzizi oxucular, qərar yenə sizindir.
Diqqətinizə görə təşəkkür edirəm.