Yer üzündə xoşbəxtliyin gerçək formulunu kəşf edən olubmu, bilmirəm. Amma bunu dəqiq bilirəm ki, insan yüz illərdir onun axtarışlarına bir gün belə ara verməyib. Hansı birimiz onun arxasınca təngnəfəs yüyürməkdən vaz keçdik ki, bu günə qədər? Kim bilir, bəlkə də, onu yaxalaya bilməməyimizin əsl səbəbi yanlış istiqamətə üz tutub getməyimizlə bağlıdır elə. Bu kiçik ibrətamiz hekayədə anladıldığı kimi… Böyük bir pişik quyruğuyla oynayan balaca pişiyi görüb soruşur: “Quyruğunu nədən qovalayırsan?” Balaca pişik cavab verir: “Bir pişik üçün ən gözəl şeyin xoşbəxtlik, xoşbəxtliyin də quyruğum olduğunu öyrəndim. Buna görə də, onu qovalayıram, tutduğum zaman xoşbəxtliyimə qovuşacağam”. Yaşlı pişik deyir: “Gəncliyimdə mən də xoşbəxtliyin quyruğum olduğuna qərar vermişdim. Amma sonralar anladım ki, nə zaman onu qovalasam, məndən uzaqlaşır, nə zaman öz işimə baxıb yolumla getsəm, daim arxamca gəlir”.
Hərdən düşünürəm ki, bizim ölkədə insanların xoşbəxtlik axtarışları da təxminən balaca pişiyin quyruğunu qovalamasına bənzəyir. Gerçək xoşbəxtliyin yolunu arayıb düzgün istiqamətə getmək istəyənlər neçə nəfərdir aranızda? Hamı gözəl yaşamaq, yaxşı geyinmək, istədiyi yeməkləri dadmaq, ürəyincə əylənmək, həyatından zövq almaq istəyir. Lakin bunun yolunun birmənalı olaraq hüquqi cəmiyyətdən, keyfiyyətli təhsildən, yüksək maaşlı işdən, sağlamlıq təminatından, azad düşüncədən keçdiyini unudur. Bu ölkədə insanların böyük əksəriyyəti əlini bir daşın altına qoymadan möcüzə baş verəcəyini gözləyir. Sanki sehrli çubuq bizi yoxsulluq girdabından çıxarıb zəngin edəcək, bank borclarımızı ödəyib üstümüzdəki yükü yüngülləşdirəcək, hər gün cibimizə pul qoyub sıxıntımızı azaldacaq, süfrəmizə bolluq gətirib üzümüzü güldürəcək. Necə olacaq ki, bu? Doğrudur, yaşadığımız ölkədə bizi xoşbəxtliyə aparan bütün əsaslar var. Tanrının lütf olaraq bəxş etdiyi hər şey! Amma əsl bəlanın o lütfü lənətə çevirib bizim başımıza dərd edənlər olduğunu bilmirsinizmi? Hələ bilmək də azdır, o bəladan xilas olmağın yolları haqqında nə düşünürsünüz?
Dünyanın nüfuzlu tədqiqat mərkəzləri vaxtaşırı xoşbəxtliklə bağlı göstəriciləri müəyyən edən araşdırmalar aparır. Şübhəsiz ki, hər dəfə açıqlanan bu hesabatlarda bizim yerimiz siyahıların lap acınacaqlı sırasında olur. Yaxın günlərdə ABŞ-ın “Cato Institute” Tədqiqat Mərkəzi də bədbəxt ölkələrin reytinq cədvəlində bizi 38-ci pilləyə qoyub. Bu o deməkdir ki, biz siyahıda yer alan 109 ölkə arasında başdan 38-ci bədbəxtik. Isveçrə, Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur, Malayziya və Tailand kimi xoşbəxtlərlə aramızdakı məsafə qət ediləcək uzun bir yol olaraq görünür.
Bu beynəlxalq təşkilatların bizimlə bir qərəzi yoxdur, şübhəsiz. Indi küçəyə çıxıb bir sorğu keçirsəm, kimsə bunun əksinimi söyləyəcək? Sözün həqiqi anlamında, bu ölkədə özünü xoşbəxt sayan neçə nəfər var? Ailə-məişət qayğılarından 40 yaşlarını ötməmiş beli bükülən Azərbaycan qadını, xoşbəxtsənmi? Hər axşam evinə döndüyündə övladlarının üzünə zorla gülümsəmək xatirinə, qul bazarlarında qüruru əzilən Azərbaycan kişisi, xoşbəxtsənmi? Işsizlikdən, evsizlikdən şəxsi həyatını qura bilməyən və yaşam sevincini itirən Azərbaycan gənci xoşbəxtsənmi?
Sən necə, aylıq qazancı dərmanlarına yetməyən, ailəyə yük olmaq xəcalətindən qurtulmaq naminə küçə süpürən Azərbaycan təqaüdçüsü, xoşbəxtsənmi?
Bəli, hamı bu bədbəxt ölkənin imkansız şərtlərində baş götürüb xoşbəxtlik arxasınca məçhul bir istiqamətə doğru gedir. Lakin buna əmin olun ki, o şərtlər dəyişməyincə, günümüzün gerçəklərinə baxışımız dəyişməyincə, bədbəxtliyimizin əsasında bizi idarə edən bir hakim sistemin olduğunu və məhz onu dəyişmək zərurətini anlamayınca, yolun sonu görünməyəcək. Bu elə pişik balasının quyruğunu qovalayıb tutacağına inanması kimi bir aldanış olacaq.