
Gənclərdən Milli Şuranın aksiyasına dəstək
Milli Şuranın noyabrın 9-na təyin etdiyi mitinqə Bakı şəhər Icra Hakimiyyəti razılıq verib. Bu barədə “Azadlıq”a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Mitinqin “Inşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda, saat 15:00-dan 17:00-a qədər keçirilməsi nəzərdə tutulub. Aksiyanın bu dəfə də izdihamlılığı ilə yadda qalacağı gözlənilir. Aksiyaya hazırlıq səviyyəsini öyrənmək üçün bir qayda olaraq aksiyaya dəstək verən gənclər təşkilatlarının rəhbərlərinə müraciət etdik. Münasibətini öyrəndiymiz gənclər aksiya ilə bağlı nikbindirlər.
Ilham Hüseyn: “Biz bu mitinqdə iştirakı vicdan borcu sayırıq”
AXCP Gənclər Komitəsinin sədri Ilham Hüseyn bildirdi ki, cəbhəçi gənclər həmişə olduğu kimi budəfəki mitinqdə də kütləvi şəkildə iştirak edəcəklər: “Mitinqlə bağlı zəruri hazırlıqlara start verilib. Gənclər həm real, həm də virtual aləmdə təbliğat kampaniyası aparırlar. Biz bu mitinqdə iştirakı vicdan borcu sayırıq. Çünki, bu həm də ədalətsizliyə, zülmə, yalana etiraz mitinqidir. Ona görə də ölkə gəncliyini bizimlə çiyin-çiyinə dayanmağa və öz taleyinə biganə qalmamağa səsləyirik”.
Cəmil Hacıyev: “Gəncliyi ayıq olan xalq həmişə inkişafda olur”
Milli Şuranın üzvü, gənc fəal Cəmil Hacıyevin də fikrincə, ictimai fəallıq siyasi məhbus probleminin həllinə öz töhfəsini verə bilər: “Ölkənin gəncliyi nə qədər fəal olsa, hakimiyyət də xalq qarşısında özünü məsuliyyətli hiss edə bilər. Tolstoy deyib ki, gəncliyi ayıq olan xalq həmişə inkişafda olar. Milli Şuranın 9 noyabr aksiyası ilə AXCP Gənclər Komitəsi maraqlı videorolik hazırlayıb və sosial problemləri qabardıb. Eyni zamanda siyasi məhbuslara azadlıq şüarı da aksiyanın əsas tələblərindəndir. Hakimiyyət istəsəydi ölkəyə gələn neft pulları hesabına sosial problemləri tam həll edərdi. Amma bu istək, siyasi iradə olmadığından bu reallaşmır”.
Ülvi Həsənli: “NIDA mitinqə təşkilat olaraq qatılacaq”
NIDA Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Ülvi Həsənli vurğuladı ki, NIDA mitinqə təşkilat olaraq qatılacaq. NIDA-nın aksiyanın tələblərini bölüşdüyünü deyən Ü.Həsənli vurğuladı ki, gənclərin hazırkı dönəmdə gənclərin aksiyaya qatılması olduqca zəruridir: “Siyasi motivlərlə həbsdə olan insanlar Azərbaycanın gələcəyini firavan görmək istədikləri, başqa insanların hüquqları üçün mübarizə apardıqlarından cəzalandırılıblar. Azərbaycan vətəndaşı özündə təpər taparaq siyasi məhbuslarına sahib çıxmalıdır”.

Tural Hüseynli: “Cəmiyyətin dəstəyi siyasi məhbus probleminə xeyir gətirə bilər”
VHP Gənclər Təşkilatının sədri Tural Hüseynli də bildirdi ki, təşkilata daxil olan gənclər də aksiyanın tələblərini dəstəkləyir: “Qısa zamanda Azərbaycanın ən ümdə problemlərindən biri olan siyasi məhbus məsələsi həllini tapmalıdır. Bu, ölkənin nüfuzuna xələl gətirən məqamdır. Hesab edirik ki, cəmiyyətin siyasi məhbus probleminin həllinə cəlbi bu mübarizəyə yalnız xeyir gətirə bilər”.

Əhliman Abbas: “Siyasi məhbus problemini aksiyalarla cəmiyyətin gündəminə gətirmək vacibdir”
Gənc fəal Əhliman Abbasın da fikrincə, hazırkı dönəmdə Milli Şuranın reallaşdırdığı təşəbbüs sözsüz ki, təqdirəlayiqdir: “Ölkədə siyasi məhbusların və siyasi təqiblərin indiki kimi geniş miqyaslı xarakter aldığı şəraitdə Milli Şuranın bu təşəbbüsü təqdirəlayiqdir. Siyasi məhbus problemini aksiyalarla və digər vasitələrlə cəmiyyətin proseslərdən kənar düşmüş hissəsininin gündəminə gətirmək vacibdir. Ümid edirəm ki, Milli Şuranın siyasi məhbus problemini cəmiyyətin gündəminə daşımaq cəhdləri uğurlu olar. Ümumən hökumətin hazırkı repressiv siyasitinə qarşı bütün etirazlar qiymətlidir”.
Xəyal


