Hüquq müdafiəçisinin kamera yoldaşına görə vəkil Əlayif Həsənov cəzalandırıldı
Yasamal rayon məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı Nuriyyə Hüseynovanın vəkil Əlayif Həsənova qarşı iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Azər Tağıyev vəkilin barəsində ittiham hökmü çıxarıb. Əlayif Həsənov CM-nin 147-ci (təhqir) maddəsilə təqsirli bilinərək, 240 saat ictimai işlərə cəlb olunub.
Xatırladaq ki, vəkil Leyla Yunusa istinadən təcridxanada Nuriyyə Hüseynovanın hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq göstərməsi barədə məlumat yayıb. Onun bu məlumatı “Azadlıq” qəzetinin 17 sentyabr 2014-cü il tarixli sayında dərc edilib. Nuriyyə Hüseynova iddia edir ki, vəkil onun barəsində “cinayətkar”, “residivist” sözlərini işlətməklə təhqirə yol verib.
Sonradan iddiaya “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin adı da daxil edilmişdi, lakin daha sonra Hüseynova ondan şikayət etmək fikrindən daşındı.
Əvvəlki məhkəmə iclaslarında Əlayif Həsənov işin yaşayış yeri üzrə qeydiyyatda olduğu Zərdab rayon məhkəməsinə göndərilməsi haqqında vəsatət qaldırmışdı. Vəkil həmçinin məhkəməyə 92-ci Zərdab dairəsinin seçki komissiyasının üzvü olduğu haqqında arayış təqdim etmişdi. Qanunvericilik seçki komissiyası üzvünün cinayət məsuliyyətinə cəlb edilməsi imkanlarını məhdudlaşdırır və bunun üçün prokurorun icazəsi olmalıdır.
Lakin hakim Azər Tağıyev işi Zərdab rayon məhkəməsinə göndərməkdən imtina etdi.
Əlayif Həsənov həmçinin qeyd etmişdi ki, o, özünə aid olmayan ifadələrə görə mühakimə olunur. Vəkilin sözlərinə görə, “Azadlıq” qəzeti onun “facebook”da yaydığı statusdan istifadə edərək, ona öz şərhlərini əlavə edib. Redaksiya bütün bunları təsdiq edən rəsmi sənədi də məhkəməyə təqdim edib. Lakin məhkəmə buna da əhəmiyyət verməyib.
Məhkəmə prosesinin birtərəfli aparıldığı, hakimin açıq-aşkar qərəz nümayiş etdirdiyini nəzərə alan Əlayif Həsənov əvvəlcədən ədalətli qərar çıxarılacağına ümid etmirdi. Elə bu səbəbdən əvvəlcə hakim Azər Tağıyevə, daha sonra bütövlükdə Yasamal rayon məhkəməsinə etiraz versə də, təmin olunmamışdı.
Əlayif Həsənov “Azadlıq”a açıqlamasında barəsində çıxarılan hökmü ədalətsiz və qanunsuz adlandırıb. Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin ümumiyyətlə, bu işə baxmaq hüququ yox idi.
Əlayif Həsənov bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək. Vəkil işi Avropa Məhkəməsi müstəvisinə çıxarmaq niyyətindədir: “Mən heç bir cinayət törətməmişəm. Əlbəttə ki, Azərbaycandakı reallığı yaxşı başa düşürəm və bu səbəbdən yerli məhkəmələrdə ədalətli qərara ümid etmirəm. Amma hüquqlarımı sonadək müdafiə edəcəyəm. Yəni, bütün yerli məhkəmə instansiyalarını keçib, Avropa Məhkəməsinə müraciət edəcəyəm. Prosesin gedişində hakimin münasibətindən aydın idi ki, ədalətli nəticəyə ümid etməyə dəyməz. Çünki mən və vəkillərim iddianın əsassızlığına dair ortaya çox ciddi arqumentlər qoyduq, amma hakim onların hamısını qulaqardına vurdu.
Mən ona təəssüflənirəm ki, əlimdə bir xeyli vicdan məhbusunun, o cümlədən Leyla Yunusun, Ömər Məmmədovun hüquqi müdafiəsilə bağlı işlərim olduğu halda, vaxtımı belə məsələlərə sərf etməli oluram”.
Aytən Məmmədova


